EN

Türk dünyasının geopolitik inqilabı Qərbdə qorxu yaradır: Dünyada balans dəyişir, TDT qlobal ticarətə nəzarəti ələ keçirir

Türk dövlətləri arasındakı strateji yaxınlaşmanın nəticəsində qlobal güclərin TDT coğrafiyasına münasibətinin tədricən dəyişməyə başlaması qətiyyən təəccüblü deyil... Belə ki, ABŞ, Avropa Birliyi, Çin və Rusiya artıq həm Cənubi Qafqazda, həm də Orta Asiyada cərəyan edən geopolitik prosesləri daha diqqətlə izləməyə məcbur qalıb...

Türk dünyası yeni inkişaf mərhələsinə doğru sürətlə irəliləyir. Belə ki, Türk Dövlətləri Təşkilatının əhatə etdiyi geopolitik coğrafiya Avrasiyanın yeni güc mərkəzlərindən birinə çevrilir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının Türküstan şəhərində keçirilən qeyri-rəsmi zirvə toplantısı son illərdə Türk dünyasında baş verən geopolitik transformasiyanın ən önəmli sammitlərdən biri hesab oluna bilər. Və hazırda müasir dünya yeni qlobal güc bölgüsünə doğru hərəkət etdiyi bir dövrdə TDT coğrafiyası da tədricən Avrasiyanın həm strateji, həm də geoiqtisadi mərkəzlərindən birinə çevrilməyə başlayır.

Onu da qeyd etmək lazımdır ki, əvvəllər Mərkəzi Asiya əsasən böyük güclərin təsir və rəqabət məkanı kimi qəbul olunurdu. Ancaq indi region dövlətləri artıq beynəlxalq siyasətin passiv iştirakçıları deyil, müstəqil geopolitik oyunçular kimi çıxış etməyə başlayıblar. Xüsusilə də Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında formalaşan çoxvektorlu əməkdaşlıq modeli artıq Türk dünyasının yeni siyasi və iqtisadi platforma kimi meydana çıxmasına zəmin yaradır.

b9564709-83ca-4290-976c-341b8acb460a.jpg

Məsələ ondadır ki, bu proses artıq yalnız ortaq tarix, mədəniyyət və dil faktoru ilə məhdudlaşmır. Belə ki, Türk dövlətləri arasında əməkdaşlıq enerji təhlükəsizliyi, nəqliyyat-logistika və investisiya layihələri, müdafiə sənayesi, rəqəmsal texnologiyalar eləcə də xarici siyasətin koordinasiyası istiqamətində də sürətlə genişlənir. Və məhz bu baxımdan, Türk Dövlətləri Təşkilatı son illərdə simvolik platformadan real geopolitik və geoiqtisadi mexanizmə çevrilməkdədir.

Xüsusilə də, Orta Dəhlizin inkişafı Türk dünyasının strateji əhəmiyyətini daha da artırır. Çin ilə Avropanı Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyə üzərindən birləşdirən bu marşrut artıq qlobal ticarət və logistika sisteminin ən mühüm alternativ xətlərindən biri hesab olunur. Çünki Rusiya-Qərb qarşıdurmasına paralel olaraq, ənənəvi şimal marşrutlarının riskli vəziyyətə düşməsi Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Bu isə avtomatik olaraq, Türk dövlətləri coğrafiyasını Avrasiyanın yeni tranzit və iqtisadi mərkəzinə çevirir.

Digər tərəfədn, mövcud geopolitik proseslər onu göstərir ki, Orta Asiya artıq yalnız enerji resurslarının zənginliyi ilə diqqət çəkən region deyil. Belə ki, bu region eyni zamanda, yeni texnologiyalar, rəqəmsal transformasiya, süni intellekt, logistika və investisiya layihələrinin cəmləşdiyi strateji məkan kimi də ön plana keçməyə başlayıb. Bu baxımdan, Türküstanda keçirilən Türk sammitinin əsas mövzusunun məhz süni intellekt və rəqəmsal inkişaf məsələləri olması da qətiyyən təsadüfi deyil.

8091f073-f7c9-451c-8f90-0b5f712e73e9.jpg

Belə anlaşılır ki, TDT-nin üzvləri artıq qlobal rəqabətdə yalnız tarixi-mədəni birlik konsepsiyası ilə kifayətlənmək niyyətində deyillər. Əksinə, Türk dövlətləri XXI əsrin əsas güc faktorlarından hesab olunan texnologiya və innovasiya sahəsində də ortaq platforma yaratmağa çalışırlar. Çünki artıq qlobal sistemdə dövlətlərin gücü yalnız hərbi və enerji potensialı ilə deyil, həm də rəqəmsal imkanlar, texnoloji inkişaf səviyyəsi və süni intellekt infrastrukturu ilə müəyyən olunur. Ona görə də, sammit çərçivəsində süni intellekt texnologiyalarının inkişafı, rəqəmsal infrastrukturun genişləndirilməsi və texnoloji təcrübə mübadiləsi əsas müzakirə mövzuları kimi ön planda yer alır.

Təbii ki, bütün bu proseslərdə Türkiyənin avanqard rolu xüsusilə diqqəti çəkir. Belə ki, rəsmi Ankara son illərdə Orta Asiyada siyasi, iqtisadi və hərbi mövqelərini davamlı olaraq, gücləndirir. Türkiyə nəqliyyat layihələri, müdafiə sənayesi əməkdaşlığı, enerji siyasəti, təhsil proqramları və investisiyalar vasitəsilə bu regionda öz təsir imkanlarını daha da genişləndirir. Və bununla yanaşı, rəsmi Ankara özünü Türk dünyasının dominant gücü deyil, məhz ortaq inteqrasiyanın əsas təşəbbüskarlarından biri kimi təqdim etməyə çalışır.

Eyni zamanda, Azərbaycanın da Türk dünyasındakı strateji çəkisi nəzərə çarpacaq səviyyədə artıb. Belə ki, rəsmi Bakının, onilliklər boyu Ermənistanın işğalı altında olmuş Qarabağ bölgəsi üzərində suverenliyini tamamilə bərpa etməsindən sonra Azərbaycanın geopolitik mövqeləri daha da möhkəmlənib. Üstəlik, Azərbaycan hazırda Orta Dəhlizin əsas bağlantı məkanlarından biri olmaqla yanaşı, həm də Orta Asiya ilə Türkiyə arasında enerji və logistika körpüsü funksiyasını da yerinə yetirməyə başlayıb.

Bütün bu önəmli məqamları da nəzərə aldıqda, Türk dövlətləri arasındakı strateji yaxınlaşmanın nəticəsində qlobal güclərin regiona münasibətinin tədricən dəyişməyə başlaması qətiyyən təəccüblü deyil. Belə ki, ABŞ, Avropa Birliyi, Çin və Rusiya artıq həm Cənubi Qafqazda, həm də Orta Asiyada cərəyan edən geopolitik prosesləri daha diqqətlə izləməyə məcburdur. Çünki bu regionlar artıq sadəcə, yalnız coğrafi ərazi deyil, əksinə, tədricən yeni geopolitik balans mərkəzi funksiyası da qazanmağa başlayıb.

3c54acfe-2167-4608-8c33-093faef505fb.jpg

Maraqlıdır ki, Orta Asiyanın əsas strateji üstünlüklərindən biri də məhz müxtəlif qlobal güclər arasında balans siyasətinin yürüdülməsi üçün geniş geopolitik potensialın mövcud olması ilə bağlıdır. Çünki bu regiona aid dövlətlər bir tərəfdən Çinlə iqtisadi əməkdaşlığı genişləndirir, digər tərəfdən isə Türkiyə və Qərblə əlaqələri gücləndirirlər. Eyni zamanda, Rusiya ilə də mövcud münasibətləri tamamilə pozmamağa çalışırlar. Və bu çoxvektorlu siyasi reallıq Orta Asiyanın geopolitik sabitliyini qoruyan əsas faktorlardan biri hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, hazırkı mərhələdə TDT üzvləri iqtisadi inteqrasiya, rəqəmsal transformasiya, ortaq investisiya fondları, nəqliyyat layihələri və texnoloji əməkdaşlıq istiqamətində konkret mexanizmlər yarada bilsələr, onda yaxın gələcəkdə Türk dünyasının qlobal sistemdə təsir imkanları əhəmiyyətli dərəcədə arta bilər. Yəni, indi əsas prioritet yalnız ortaq keçmişin qorunması deyil, həm də ortaq gələcəyin qurulmasıdır. Süni intellekt, rəqəmsal texnologiyalar, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi inteqrasiya kimi istiqamətlər isə Türk dövlətləri üçün məhz həmin ortaq gələcəyin əsas təməlinə çevrilə bilər.

Göründüyü kimi, Türküstanda keçirilən TDT sammiti yalnız növbəti siyasi-diplomatik toplantı xarakteri daşımır. Çünki bu sammit əslində, Türk dünyasının XXI əsrdə özünü yeni geopolitik və geoiqtisadi güc mərkəzi kimi formalaşdırmaq niyyətinin açıq mesajı da hesab oluna bilər. Bu baxımdan, indi müşahidə olunan proseslər onu göstərir ki, yaxın gələcəkdə Türk dünyası qlobal siyasət məkanında daha önəmli və təsirli geopolitik aktorların sırasına yerləşmək imkanları qazana biləcəyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Chosen
37
50
musavat.com

10Sources