EN

“Aston Villa” Çempionlar Liqasına vəsiqə qazandı – ARENA.AZ

“Aston Villa” futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində öz meydanında qarşılaşdığı “Liverpul”a qalib gəlib.

Arena.az xəbər verir ki, Birmingemdəki “Villa Park”da təşkil edilmiş görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Olli Uotkins dubl edib (58 və 73-cü dəqiqələr). Morqan Rocers (42) və Con Makqinn (89) isə hərəyə bir dəfə fərqləniblər. “Liverpul”da hər iki qol mərkəz müdafiəçisi olan Vircil Van Deyk vurub (52-ci və 90-cı dəqiqələrdə).

“Aston Villa” bu qələbədən sonra 62 xal toplayaraq turnir cədvəlində məhz “Liverpul”u (59 xal) geridə qoyub və dördüncü pilləyə yüksəlib. Beləliklə, birmingemlilər 2026/2027-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasına vəsiqəni rəsmiləşdiriblər.

İngiltərə çempionatının sonuncu turunda “Aston Villa” səfərdə “Mançester Siti” ilə oynayacaq, “Liverpul” isə “Brentford”u qəbul edəcək. Xallar bərabər olduqda vurulan və buraxılan top fərqi daha yaxşı olan komanda üstünlük qazanır.

İngiltərə Premyer Liqasında hazırda 79 xalı olan lider “Arsenal”, 77 xala malik “Mançester Siti”, həmçinin 65 xal toplamış “Mançester Yunayted”in də növbəti mövsüm ÇL-də oynayacağı dəqiqləşib. İngiltərə UEFA Çempionlar Liqasının yeni mövsümündə 5 komanda ilə təmsil olunacağı üçün sonuncu vəsiqəni də böyük ehtimalla “Liverpul” (59 xal) əldə edəcək. 6-cı pillədəki “Bornmut”un 55 xalı var.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
68
9
arena.az

10Sources