EN

Tbilisi səfərində hansı imkanlar var? - Qiymətə daxil olan xidmətlər açıqlandı

Mayın 26-dan etibarən Azərbaycan Dəmir Yolları tərəfindən Bakı–Tbilisi–Bakı marşrutu üzrə yataq tipli müasir qatarlar istifadəyə veriləcək.


Manset.az-ın məlumatına görə, qatarlarda sərnişinlərə “Komfort”, “Komfort+” və “Lüks” olmaqla üç sinif üzrə xidmət göstəriləcək. Qatar 6 vaqondan ibarət olacaq: 1 “Lüks”, 1 qarışıq “Lüks” və “Komfort+”, 3 “Komfort” vaqonu və 1 vaqon-restoran. Ümumi sərnişin tutumu isə 118 nəfər təşkil edir.

“Komfort” sinif vaqonlarından birində hərəkət imkanları məhdud sərnişinlər üçün xüsusi kupe nəzərdə tutulub. Qarışıq “Lüks” və “Komfort+” vaqonunda isə kupelər xüsusi arakəsmə ilə ayrılıb və ailə və ya qrup səfərləri zamanı bu arakəsmə açılaraq vahid kupeyə çevrilə bilər.

Stadler Rail Group şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyaları və innovativ mexanizmlərlə təchiz edilib.

“Lüks” kupelər iki nəfərlik olmaqla masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. “Komfort+” kupelərdə televizor, masa və əlüzyuyan, “Komfort” kupelərdə isə televizor mövcuddur.

Kupelərdə fərdi temperatur və işıqlandırma sistemi, səs izolyasiyası, internet, seyf, elektrik yuvaları, TV monitor və bələdçi ilə əlaqə düyməsi quraşdırılıb.

Sərnişinlərə siniflərə uyğun olaraq yataq dəsti, gigiyenik vasitələr, su, tərlik və digər səfər paketləri təqdim ediləcək. 


Fidan Vəlisoy

Chosen
23
1
manset.az

10Sources