EN

PUTİNİN SON SİLAHI Kiyevin şiddətli bombalanması Kremlə qələbə gətirəcəkmi?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovla ABŞ Dövlət Katibi Marko Rubio arasında telefon danışığı barədə məlumat verib. Məlumatda deyilir ki, Lavrov Putinin tapşırığı ilə Amerika tərəfinə rəsmi olaraq Rusiya ordusunun "Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə edilən obyektlərə və müvafiq qərar qəbuletmə mərkəzlərinə sistemli və ardıcıl zərbələr endirməyə başladığı" barədə məlumat çatdırıb. Yəni Kreml ABŞ-ni Kiyevi kütləvi şəkildə bombalayacağı ilə hədələyib.

Əslində, Rusiya artıq son dəhşətli bombardmanda, hətta 100 milyonluq “Oreşnik”dən də istifadə etməklə hansı “hərbi hədəfləri” vurduğunu göstərdi. Bunlar əsasən ticarət mərkəzləri, bazarlar, məktəblər və bir də “Oreşnik”in düşdüyü avtomobil qarajları idi. Xatırladaq ki, raketlərin biri Kiyevdəki Azərbaycan səfirliyinin yaxınlığına düşüb və səfirlik binasına növbəti dəfə ziyan vurub…

Lavrovun Putinin adından çatdırdığı hədə-qorxu nə qədər açıq işğalçı, irticaçı, amansız, beynəlxalq hüquqa zidd mesajdırsa, Rubionun buna cavabı da bir o qədər riyakar, aciz və ABŞ kimi dünya lideri üçün alçaldıcıdır. ABŞ Dövlət katibi 24 mayda Rusiyanın Kiyevə kütləvi hücumunu şərh edərkən faktiki olaraq işğalçı tərəflə işğala məruz qalanı eyniləşdirib. 

Rubio deyib: "Hər dəfə bu və ya digər tərəfdən kütləvi hücumları gördükdə, bu, bizə İkinci Dünya Müharibəsindən daha uzun sürən bu dəhşətli müharibənin bitməli olduğunu göstərir. ABŞ bu müharibənin sona çatması üçün əlindən gələni etməyə hazırdır və ümid edirəm ki, nə vaxtsa bu fürsət yaranacaq".

Rubio üstəlik, Lavrovun hədə mesajını Donald Trampa çatdırdığını da deyib və əlavə edib ki, Lavrov onu Kiyevdəki diplomatik nümayəndəlikləri gözləyən təhlükə barədə də məlumatlandırıb. ABŞ kimi özünü supergüc və lider sayan ölkənin Dövlət katibi isə sakitcə bütün bu təhdidləri dinləyib. Ortada nə etiraz, nə çəkindirmə, nə də Rusiyadan hansısa bir tələb var. Sanki belə də olmalıdır. Sonda isə Rubio əlavə edib ki, "hazırda Ukrayna ilə ABŞ arasında heç bir aktiv və ya planlaşdırılmış danışıqlar yoxdur". Yəni sanki danışıqlar aparılmalı və müharibəni dayandırmalı olan tərəf Rusiya yox, Ukraynadır…

Görünən odur ki, Kreml ukraynalılarla yanaşı, Trampı da qorxudur. Kiyev zatən bombardmanlara adət edib. Ancaq indi paytaxtın daha da şiddətli və mütəmadi bombalanması əhalini fövqəladə səviyyədə təşvişə salmağa hesablanıb. Bu, həm də Trampın xüsusilə aralıq seçkinin yaxınlaşdığı bir dövrdə "sülhməramlı" missiyasının uğursuzluğunu göstərəcək. Bu yolla Putin Trampın sonda Zelenskini təslim olmağa məcbur edə biləcəyinə az da olsa ümid edir. Və bu, cəbhədə heç bir uğur qazana bilməyən, dalana dirənən Rusiyanın son şansıdır.

Əks halda, müharibə dayandırılmalıdır. Cəbhədəki vəziyyət dəyişib. Ukrayna nəinki hücumların qarşısını alır, hətta az da olsa ərazi azad etməyi belə bacarır.

Rusiya “Z-kanalları” da etiraf edirlər ki, Rusiya Silahlı Qüvvələrinin döyüş zonasında irəliləmə tempi kəskin şəkildə yavaşlayıb. Dronlar işğalçı qüvvələrə “başını qaldırmağa” imkan vermir. Artıq cəbhədən 80-130 kilometr məsafədəki işğal olunmuş Mariupol, Melitopol kimi vacib şəhərlər, ən əsası isə Rusiyanın əsas hissəsilə Krımı birləşdirən yeganə M-14 avtomobil yolu Ukrayna PUA-larının atəş nəzarəti altındadır. Bu yolların atəşə tutulması işğalçı qüvvələrin hərbi logistikasını da ağır vəziyyətə salır.

Putin üçün iqtisadiyyat və daxili ictimai əhvali-ruhiyyə də pisləşir. Ruslar müharibənin uzanmasından narazıdırlar. Hətta qatı müharibə tərəfdarları da artıq savaşın dayandırılmalı olduğunu yazırlar. Lakin Putin buna hazır deyil. Görünür, Trampın sonradan Putinə “9 may paradını keçirməyə icazə verən” Zelenskiyə təzyiq göstərməsi, Rusiya başçısında özünəinam və ümid yaradıb. Digər yandan, Luqanskdakı Starobelskə endirilən zərbə Putinə “amerikalı tərəfdaşlarının” köməyi ilə Ukraynanı şantaj etmək üçün yeni bir şans yaradıb.

Beləliklə, Rusiya paytaxt Kiyevi amansızlıqla bombalamaqla, Ukraynadakı hazırda mükün olan son silahını işə salıb. Putinin artıq bütün digər hərbi arqumentləri tükənib. Bundan o tərəfə qalan tək şey bütün qitə üçün məlum ağır nəticələri olacaq nüvə bombasıdır. Buna isə o, məlum səbəblərdən qətiyyən hazır deyil. Qalır Kiyevdəki mülki hədəfləri bombalamaqla əhalini Zelenski hakimiyyətinə qarşı qaldırmaq, digər tərəfdən də Trampın ona təzyiqini artırmaq.

Lakin bu zərbələr hələlik yalnız ukraynalıların Moskvaya qarşı hiddətini və nifrətini artırmağa yarayır. Üstəlik, Moskva başda olmaqla, Rusiyanın özünün iri şəhərlərinin vurulmasına əsas verir. Trampın Ukraynaya təzyiqinə gəlincə, indiyə qədər bu təzyiqlərin böyük ölçüdə vəziyyəti dəyişə biləcək səviyyədə nəticəsi olmayıb. İndidən sonra da olub-olmayacağı kifayət qədər mübahisəlidir…

Yaranmış bu vəziyyətin hərbi-siyasi tərəfilə yanaşı, dəhşət yaradan mənəvi aspekti də var. Bu da Rusiya cəmiyyətinin Kiyevə endirilən kütləvi zərbələrə münasibətidir. 24 mayda endirilən sonuncu zərbədən sonra sosial medianın Rusiya seqmentində az qala toy-bayramdır. Əhval-ruhiyyə yüksəlib, Kiyevin daha intensiv və ağır formada bombalanmasına çağırışlar kəskin şəkildə çoxalıb. Sorğular da rusların bu bombardmandan “cuşa gəldiyini” göstərir. Əlbəttə ki, Kremlin Ukrayna paytaxtını durmadan bombalayacağına dair xəbərdarlığının meydana çıxmasında rusların bu “məmnunluğunun” da xüsusi payı var. Yeri gəlmişkən, bu mənzərə Azərbaycandakı “Rusiya aşiqləri” üçün də ibrətverici olmalıdır. Rusiya cəmiyyətinin böyük hissəsinin az qala qanı qanından, dini dinindən olan Ukrayna kimi “qardaş xalqa” bu cür amansız, bəzənsə qaniçən münasibəti fonunda onlarla “qardaşlaşmaq” istəyən digər qonşu xalqların aqibətini düşünmək çətin deyil…

Lakin bütün bunlar, hər mənada dalana dirənmiş bu savaş sadəcə, Ukraynaya qarşı deyil, zamana qarşı müharibədir. Putin və ətrafı bilir ki, zaman onların əleyhinə işləyir. Zamana qalib gəlmək isə heç kimə nəsib olmayıb və olmayacaq!

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
50
azpolitika.info

10Sources