EN

Fransada rusiyalı yüksək vəzifəlilərin villası qalmaqalı

Rusiyanın yüksək ranqlı məmurlarının Avropadakı gizli aktivləri ilə bağlı yeni qalmaqal ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Fransada baş nazirin müavini Tatyana Qolikova və həyat yoldaşı, keçmiş nazir Viktor Xristenko ilə əlaqələndirilən dəbdəbəli villa üzrə cinayət işi çərçivəsində hesablar dondurulub və əmlaka həbs qoyulub.

Bu barədə “Le Monde” qəzetində də maralıq məlumat yayılıb. Söhbət Fransanın məşhur Lazur sahilində, Sen-Jan-Kap-Ferra yarımadasında yerləşən hovuzlu “Maïgrana” villasından gedir. Fransa məhkəməsi əmlakı hələ 2022-ci ildə həbs etsə də, həmin vaxt mümkün sahiblərin adları açıqlanmamışdı.

İstintaq materiallarında bildirilir ki, villa mürəkkəb şirkətlər şəbəkəsi və Panama ofşorları vasitəsilə rəsmiləşdirilib. Əmlakın 23 milyon avroya satılması cəhdi zamanı bir neçə ölkədə banklar əməliyyatı şəffaf olmayan maliyyə sxemi səbəbindən dayandırıb. Fransa hakimiyyəti satışla əlaqələndirilən 17,2 milyon avroluq vəsaiti də dondurub.

Məhkəmə sənədlərində qeyd olunur ki, ofşor sxemlərdən və vasitəçi şirkətlərdən istifadə “əsassız görünür” və bu, həm vəsaitin mənşəyini, həm də real benefisiarları gizlətmək cəhdi ola bilər.

Tatyana Qolikova və Viktor Xristenko jurnalistlərin sorğularını cavabsız qoyublar.

Xatırladaq ki, 2022-ci ilin payızında Korrupsiya ilə Mübarizə Fondu (FBK) Qolikova ilə əlaqələndirilən aktivlərin ümumi dəyərinin təxminən 50 milyard rubl olduğunu iddia edən araşdırma dərc edib.

Musavat.com

Chosen
27
16
musavat.com

10Sources