Samsunda itkin düşən 3 yaşlı uşağın tapılması ailəsinə və axtarış qruplarına böyük sevinc yaşadıb.
Musavat.com xəbər verir ki, Türkiyənin Samsun vilayətinin 19 Mayıs rayonunda həyətdə oynayarkən gözdən itən 3 yaşlı Göktürk K.A. genişmiqyaslı axtarışlardan sonra sağ-salamat tapılıb.
Məlumata görə, ailənin müraciətindən sonra əraziyə jandarma əməkdaşları, xilasedicilər və izaxtaran itlər cəlb olunub. Axtarışlar nəticəsində azyaşlı evindən təxminən 950 metr aralıda yerləşən meşəlik ərazidə aşkarlanıb.
Uşağın tapıldığı anlar jandarmanın bədən kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə balaca Göktürk əməkdaşlara meşədə tək qaldığını və ağladığını deyir. Jandarma əməkdaşı isə onu qucağına alaraq sakitləşdirir.
Səhhətinin yaxşı olduğu müəyyən edilən uşaq tibbi müayinədən keçirildikdən sonra ailəsinə təhvil verilib.
Musavat.com