EN

AÇG-də hasilatın azalması BP-ni yeni neft və qaz axtarışına sövq edir -TƏHLİL

Azərbaycanın neft-qaz sektorunda son ayların ən mühüm xəbəri Azəri–Çıraq–Günəşli (AÇG) yatağında sərbəst təbii qaz hasilatına başlanması deyil. Əsas məqam ondan ibarətdir ki, BP faktiki olaraq etiraf edir: yataq artıq yetkin mərhələyə daxil olub və burada mübarizə hasilatı artırmaq uğrunda deyil, onun azalmasını ləngitmək uğrundadır.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni (Cio) Kristofolinin sözlərinə görə, AÇG-də hasilatın təbii azalması illik təxminən 3%-ə qədər endirilib. Müqayisə üçün qeyd edək ki, dünyadakı bir çox iri və yetkin yataqlarda bu göstərici 5–6%-ə çatır.

BP-nin hasilatın azalmasının qarşısını almağa bu qədər diqqət yetirməsi şirkətin Azərbaycandakı strategiyasının dəyişdiyini göstərir.

İlk onilliklərdə əsas məqsəd hasilatı artırmaq idisə, indi prioritet artıq işlənmiş yataqdan qalan ehtiyatların maksimum səmərə ilə çıxarılmasıdır.
Süni intellekt yeni qazma alətinə çevrilir

BP ilk dəfədir ki, AÇG-də süni intellektdən istifadənin detalları barədə bu qədər geniş məlumat verir.

Şirkət izah edir ki, AI bazar proqnozları və ya inzibati məqsədlər üçün deyil, birbaşa 4D seysmik məlumatların emalı üçün istifadə olunur. BP yataqda beşillik dördölçülü seysmik tədqiqat proqramı həyata keçirir ki, bu da lay daxilində neftin, qazın və suyun hərəkətini izləməyə imkan verir.

Əldə edilən məlumatlar süni intellekt vasitəsilə təmizlənir və təhlil olunur. Layihədə BP tərəfindən dəstəklənmiş Azərbaycan şirkətlərindən biri də iştirak edir.

Məqsəd sadədir: yataqda qalan neftin harada yerləşdiyini müəyyənləşdirmək və yeni quyuların hansı nöqtələrdə qazılmalı olduğunu dəqiq müəyyən etmək.

Əslində AI neftvermə əmsalının artırılması üçün istifadə olunan alətə çevrilir.

Bu isə təxminən 30 ildir istismar olunan AÇG üçün xüsusi əhəmiyyət daşıyır.
AÇG qazı yeni layihədən daha çox köhnə yatağın ömrünü uzatmaq vasitəsidir

Bir çoxları sərbəst təbii qaz hasilatına başlanmasını Azərbaycanın yeni böyük qaz layihəsi kimi qiymətləndirir.

Lakin onun strateji əhəmiyyəti daha genişdir.

BP yeni gəlir mənbəyi yaratmaq üçün artıq mövcud olan AÇG infrastrukturundan istifadə edir.
Şirkət yeni dəniz kompleksi, yeni ixrac boru kəməri və ya yeni terminal tikmir.

Qaz mövcud Qərbi Çıraq platforması vasitəsilə hasil edilir, Səngəçal terminalına çatdırılır və daha sonra fəaliyyət göstərən Cənub Qaz Dəhlizi vasitəsilə ixrac edilə bilər.

İqtisadi baxımdan bu, resursların işlənməsinin ən səmərəli modellərindən biridir.

BP onilliklər ərzində yaradılmış və milyardlarla dollar sərmayə qoyulmuş infrastrukturu yenidən gəlir mənbəyinə çevirir.

Ən vacib detal – söhbət hələlik yalnız Günəşlidən gedir

Bütün bu hekayənin ən maraqlı məqamlarından biri məhz budur.
AÇG-də 4–6 trilyon kub fut qaz ehtiyatı barədə məlumat artıq geniş yayılıb. Lakin BP nümayəndələri jurnalistlərlə söhbətdə dəqiqləşdiriblər ki, bu qiymətləndirmə yalnız Günəşli sahəsindəki qaz laylarına aiddir.

Azəri strukturuna gəldikdə isə şirkətin hələ kifayət qədər məlumatı yoxdur və ehtiyatlar barədə hətta ilkin qiymətləndirmə belə təqdim edilmir.

Başqa sözlə, hazırkı 4–6 trilyon kub fut göstəricisi Azəri–Çıraq–Günəşli blokunun ümumi qaz potensialını əks etdirmir.

Əgər oxşar qaz layları Azəri sahəsində də təsdiqlənsə, layihənin ümumi resurs potensialı bugünkü qiymətləndirmələrdən xeyli yüksək ola bilər.

Məhz buna görə BP ilk quyunu ilk növbədə dinamik məlumat mənbəyi adlandırır.
Şirkət bu quyudan yalnız qaz hasil etmək üçün deyil, həm də layın davranışını öyrənmək, geoloji modeli dəqiqləşdirmək və qeyri-müəyyənliyi azaltmaq üçün istifadə edir.

Faktiki olaraq BP Azərbaycanın ən böyük neft yatağının altında gizlənən qaz ehtiyatlarının real miqyasını yalnız indi anlamağa başlayır.

Yeni neft halqası qaz qədər əhəmiyyətli ola bilər
Qaz mövzusu fonunda diqqətdən kənarda qalan digər mühüm məqam isə yeni neft halqasının aşkarlanmasıdır.

BP qaz layları arasında yerləşən neft halqasının mövcudluğunu təsdiqləyib.
Şirkət belə bir ehtimalın olduğunu bilsə də, onun ölçüləri barədə hələ məlumat yoxdur.
Hazırda potensialı qiymətləndirmək üçün ayrıca quyu qazılır və həmin quyunun sentyabr ayında hasilata başlaması gözlənilir.

Məhz həmin quyunun nəticələri bunun lokal struktur, yoxsa AÇG hasilatına ciddi təsir göstərə biləcək yeni resurs olduğunu müəyyən edəcək.
Əgər ehtiyatlar əhəmiyyətli həcmdə olarsa, BP hasilatın təbii azalması fonunda əlavə neft mənbəyi əldə etmiş olacaq.

Avropa üçün potensial üçüncü qaz mənbəyi

Layihənin əhəmiyyəti Avropa üçün də böyükdür.
Bu günə qədər Azərbaycanın Avropaya qaz ixracının artırılması əsasən Şahdəniz və Abşeron yataqlarına əsaslanırdı.

İndi isə potensial üçüncü mənbə meydana çıxır.
Bu, Avropa İttifaqının Rusiya qazından asılılığı azaltmaq və tədarük marşrutlarını şaxələndirmək siyasəti fonunda xüsusi əhəmiyyət daşıyır.

AÇG hasilat baxımından Şahdəniz qədər böyük olmasa belə, mövcud infrastruktur onun kommersiya baxımından cəlbediciliyini artırır və layihənin daha qısa müddətdə reallaşdırılmasına imkan verir.

BP Azərbaycandakı strategiyasını dəyişir

Şirkətin bəhs etdiyi bütün layihələrə nəzər salsaq – AÇG-də sərbəst qaz, yeni neft halqası, Şahdəniz kompressiya layihəsi, Qarabağ, Şəfəq-Asiman, süni intellekt və obyektlərin elektrikləşdirilməsi – BP-nin artıq bir nəhəng kəşfə ümid etmədiyi görünür.
Şirkət mövcud aktivlərin səmərəliliyinin artırılmasına yönəlmiş modelə keçir.
Bu, yeni superyatağın kəşfi qədər diqqət çəkməsə də, BP-nin Azərbaycandakı gələcəyini məhz bu strategiya müəyyənləşdirir.

Buna görə də yaxın illərin əsas sualı yalnız AÇG-də neft hasilatının azalmasını nə qədər ləngitmək mümkün olacağı deyil.

Ən vacib suallardan biri də AÇG blokunun ümumi qaz ehtiyatlarının nə qədər böyük olması və bu layihənin Şahdəniz və Abşerondan sonra Cənub Qaz Dəhlizinin üçüncü böyük resurs bazasına çevrilib-çevrilməyəcəyidir.

Əgər Günəşli üzrə qiymətləndirmələr təsdiqlənsə və Azəri sahəsində də müqayisə edilə biləcək həcmdə qaz aşkar edilsə, AÇG-nin Avropanın enerji təhlükəsizliyində rolu bugünkü gözləntilərdən xeyli böyük ola bilər.

AÇG haqqında qısa məlumat

AÇG Azərbaycan sektorunda yerləşən Xəzərin ən böyük neft yatağıdır və Bakıdan təxminən 100 km şərqdə yerləşir.

Layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişi 1994-cü ildə imzalanıb, ilk neft isə 1997-ci ildə əldə olunub.

Layihənin operatoru olan BP-nin payı 30,37%-dir. Şirkətin məlumatına görə, son təxminən 30 ildə AÇG-də 4,3 milyard bareldən çox neft hasil edilib.

2026-cı ildə BP yataqda sərbəst təbii qazın kommersiya hasilatına başlayıb. Şirkət hazırda çıxarıla bilən qaz ehtiyatlarını təxminən 4 trilyon kub fut, potensial olaraq isə 6 trilyon kub fut səviyyəsində qiymətləndirir.

N.Təbrizli

Chosen
10
48
anews.az

10Sources