AZ

Bu yataq ölkəyə milyardlar qazandıra bilər AÇG də tarixi addım

ain.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yatağı üzrə ilk dəfə kommersiya məqsədli sərbəst təbii qaz hasilatına başlanılıb. Bakı Enerji Həftəsi çərçivəsində elan olunan layihə ilə AÇG artıq təkcə neft deyil, həm də qaz hasil edən inteqrasiya olunmuş enerji yatağına çevrilir. Mütəxəssislərin hesablamalarına görə, yatağın çıxarıla bilən qaz ehtiyatları təxminən 4 trilyon kubfut təşkil edir və gələcəkdə bu göstəricinin 6 trilyon kubfutadək artması mümkündür. Layihənin Azərbaycanın enerji ixracını artıracağı və xüsusilə Avropaya qaz tədarükünün genişlənməsinə töhfə verəcəyi gözlənilir.AÇG yatağında qaz hasilatına başlanması Azərbaycanın enerji gəlirlərinə və Avropanın enerji təhlükəsizliyinə necə təsir göstərə bilər?

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portallına açıqlamasında bildirib ki, Azəri-Çıraq-Günəşli yatağı üzrə ilk dəfə kommersiya məqsədli sərbəst təbii qaz hasilatına başlanması Azərbaycanın enerji sektorunda təkcə texniki yenilik deyil, həm də strateji model dəyişimi kimi dəyərləndirilməlidir. Uzun illər Xəzərin ən böyük neft yataqlarından biri kimi tanınan AÇG-nin qaz komponentini kommersiya dövriyyəsinə daxil etməsi ölkənin enerji arxitekturasında yeni mərhələnin başlandığını göstərir. Bu mərhələ həm ixrac strukturunun diversifikasiyası, həm də regionun enerji geosiyasətində Azərbaycanın rolunun daha da güclənməsi ilə xarakterizə etmək olar.

İqtisadçı hesab edir ki, Bakı Enerji Həftəsi çərçivəsində elan olunan bu inkişaf AÇG-nin artıq klassik “neft yatağı” statusundan çıxaraq inteqrasiya olunmuş neft-qaz hasilat platformasına çevrildiyini göstərir. Bu dəyişiklik yalnız hasilatın strukturuna deyil, həm də uzunmüddətli investisiya qərarlarına, ixrac planlamasına və dövlət gəlirlərinin proqnozlaşdırılmasına birbaşa təsir göstərir. Məsələ təkcə yeni resursun dövriyyəyə daxil olması deyil, mövcud enerji sisteminin daha kompleks və dayanıqlı modelə keçididir.

Hesablamalara görə, yatağın çıxarıla bilən qaz ehtiyatları təxminən 4 trilyon kubfut səviyyəsində qiymətləndirilir. Eyni zamanda bu göstəricinin gələcək geoloji-texniki inkişaflar nəticəsində 6 trilyon kubfutadək yüksələ biləcəyi ehtimal olunur. Bu həcm Azərbaycanın qaz ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və ölkənin enerji bazarındakı mövqeyini tədricən yeni keyfiyyət mərhələsinə daşıyır. Burada diqqət çəkən əsas məqam qazın yalnız əlavə resurs kimi deyil, strateji ixrac komponenti kimi sistemə daxil olmasıdır.

“Makroiqtisadi baxımdan bu inkişaf dövlət gəlirlərinin strukturunda balanslaşdırıcı rol oynayır. Uzun illər əsas yükü neft ixracı üzərində qurulan enerji gəlirləri indi daha sabit və davamlı qaz komponenti ilə tamamlanır. Bu isə qlobal enerji bazarlarında müşahidə olunan qiymət volatilliyi şəraitində fiskal dayanıqlığı gücləndirən mühüm amil kimi çıxış edir. Xüsusilə neft qiymətlərinin dəyişkən olduğu dövrlərdə qaz ixracı büdcə gəlirlərinin stabilliyini qorumağa xidmət edən əlavə dayaq rolunu oynayır”-deyə o bildirib.

Əli Səlimov qeyd edib ki, eyni zamanda, AÇG qazının dövriyyəyə daxil olması mövcud ixrac infrastrukturunun daha effektiv istifadəsinə imkan yaradır. Cənub Qaz Dəhlizi artıq yalnız müəyyən yataqların qazını deyil, daha geniş resurs bazasını Avropa bazarına çıxaran strateji təchizat xətti funksiyasını gücləndirir. Bu isə həm tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini artırır, həm də uzunmüddətli müqavilə və tədarük sabitliyi baxımından etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirir.

“Avropa enerji bazarının hazırkı transformasiya mərhələsi bu prosesin təsir dairəsini genişləndirir. Rusiya qazından asılılığın azaldılması istiqamətində aparılan siyasət Avropa İttifaqını alternativ və daha stabil təchizat mənbələrinə yönəldir. Bu da Azərbaycanın artan qaz ixrac potensialı yalnız kommersiya deyil, həm də strateji təhlükəsizlik elementi kimi qəbul edilir. AÇG-dən əlavə həcmlərin gəlməsi Avropa bazarında təchizatın diversifikasiyasını gücləndirir, eyni zamanda qiymət sabitliyinə müəyyən təsir göstərir.

Ölkə artıq yalnız resurs ixrac edən aktor deyil, həm də regional enerji balansının formalaşmasında əsas təsir imkanına malik tərəf kimi çıxış edir. Xəzər hövzəsindən Avropa bazarına qədər uzanan enerji zəncirində Azərbaycanın çəkisi artdıqca, onun diplomatik və iqtisadi manevr imkanları da genişlənir”-deyən iqtisadçı vurğualyıb ki, Azəri-Çıraq-Günəşli yatağında qaz hasilatının başlanması Azərbaycanın enerji modelində struktur dəyişiklik yaradır. Bu dəyişiklik bir tərəfdən dövlət gəlirlərinin şaxələndirilməsi və dayanıqlılığını gücləndirir, digər tərəfdən isə ölkənin Avrasiyanın enerji təhlükəsizliyi sistemində rolunu daha da strateji səviyyəyə yüksəldir. Mövcud tendensiyalar da onu göstərir ki, bu proses qısa müddətli iqtisadi effektlərlə məhdudlaşmır, uzunmüddətli geoiqtisadi mövqelənmənin əsas sütunlarından birinə çevrilir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
48
bizimyol.info

10Mənbələr