EN

Dəyişikliklər keçmiş məcburi köçkünlərin sosial inteqrasiyasını sürətləndirəcək - ŞƏRH

BAKI, 3 iyun. TELEQRAF

Keçmiş məcburi köçkünlərin sosial təminatının daha da gücləndirilməsi hər zaman Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən olub. Son 30 ildə məcburi köçkünlərin mənzil təminatı və eləcə də sosial qayğının daha da gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən olub.

Bunu Teleqraf-a Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, Vətən müharibəsində əldə edilən zəfərdən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat ayrılıb:

“Belə ki, bu istiqamətə dövlət büdcəsindən 2021-ci ildə 354.4 milyon manat, 2022-ci ildə 364,9 milyon manat, 2023-cü ildə 353.9 milyon manat, 2024-cü ildə 329,2 milyon manat, 2025-ci ildə isə 252.0 milyon manat xərclənib. 2026-ci ildə isə daha 280 milyon manatın ayrılması həyata keçirilməkdədir. Yalnız Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün 2 milyard 702 milyon manat vəsait ayrılıb. Bu Neft Fondunun büdcə transferlərindən kənar ayırdığı 13 maliyyələşmə istiqaməti üzrə ən böyük xərc maddəsidir. Göründüyü kimi, ölkəmizdə xüsusi sosial həssaslıq nümayiş etdirilərək məcburi köçkün ailələri uzun illər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub”.

Deputat bildirib ki, qanunvericiliyə təklif edilən yeni dəyişikliklər keçmiş məcburi köçkün ailələri üçün sosial təminat tədbirlərinin davam etdiriləcəyini bir daha təsdiq edir:

“Belə ki, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonrakı 3 il müddətində sosial təminat proqramlarından yararlana biləcəklər. Bu, o deməkdir ki, bir tərəfdən həmin vətəndaşlarımız dövlət vəsaiti hesabına mənzil ilə təmin ediləcəklər, digər tərəfdən isə sosial qayğı ilə əhatə olunacaqlar. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdiriləcək. Bu eyni zamanda həmin vətəndaşlarımızın sosial inteqrasiyasını daha da gücləndirəcək. Hazırda 85 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərimizdə məksunlaşıb, yaşayır, təhsil alır və çalışır. Bu baxımdan, məskunlaşan keçmiş məcburi köçkünlər sosial inteqrasiya nəticəsində cəmiyyətin inkişafında daha fəal iştirak edə biləcəklər. Zəfərdən sonra keçən qısa müddətdə isə işğaldan azad olunan ərazilərimizdə 85 mindən çox vətəndaşımızın məskunlaşması, işləməsi və təhsil alması isə Azərbaycanın gücünü bir daha təsdiq edir”.

Ekspert hesab edir ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də mənzil hüququnun təsbit edilməsidir:

“Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Bu 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir. Artıq 35 mindən çox keçmiş məcburi köçkün geri qayıdıb və dövlət tərəfindən mənzil ilə təmin edilib. Yeni dəyişiklik həmin vətəndaşlarımızın mənzil hüququnun təsbit edilməsinə və bu sahədə hüquqi bazanın güclənməsinə imkan verəcək. Bu, o deməkdir ki, keçmiş məcburi köçkünlərə işğaldan azad edilmiş ərazilərdə verilən yaşayış sahəsi dərhal onların mülkiyyətinə veriləcək”.

Vüqar Bayramova görə, dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir:

“Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir. Hər bir Azərbaycan vətəndaşı kimi keçmiş məcburi köçkünlər də həmin proqramlardan sıx şəkildə istifadə edirlər və bu imkan daha da genişlənəcək.

Bütün bunlar bir daha təsdiq edir ki, qanunvericiliyə təklif edilən son dəyişikliklər keçmiş məcburi köçkünlərin sosial təminatının daha gücləndirilməsi ilə bağlı siyasətin davam etdiriləcəyinə və mülkiyyət hüquqlarının tanınması da daxil olmaqla həmin vətəndaşlarımızın sosial inteqrasiyasını sürətləndirəcək”.

Chosen
7
3
teleqraf.com

10Sources