Bu ilin 11 may tarixində Xankəndi şəhərində tapdığı soyuq silahı gizlədərək aparmaq istəyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az xəbər verir ki, Xocalı rayonu Malıbəyli kəndində qapı-pəncərə sexində çalışan 1981-ci il təvəllüdlü H.N-ə Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə hökm oxunub.
Xankəndi Şəhər Məhkəməsində keçirilən prosesdə H.N bildirib ki, silah hesab edilən “Kalaşnikov” avtomatının süngü-bıçağını Malıbəylidən Xankəndiyə bazarlıq etməyə gedərkən təsadüfən tapıb. Polis əməkdaşları şəhərin girişindəki postda avtomobilləri yoxlayarkən ön oturacağın altında gizlədilmiş əşyanı tapıblar və faktla bağlı cinayət işi açılıb.