RU

Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları zaman-zaman Ermənistanın rəhbərliyində təmsil olunublar – MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 17-də davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib.

O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zaman Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.

Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında bu hadisəni xatırladığını, habelə 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu deyib.

Arkadi Qukasyan, həmçinin 1990-cı il martın 23-dən 20-nə keçən gecə erməni silahlılarının Qazaxın Bağanıs Ayrım kəndində qətliam törətmələri barədə deyib ki, bu hadisələrə müsbət yanaşmaq mümkün deyil. O əlavə edib: “Bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq, yaxşı qiymət vermək düzgün deyil. Buna qadir olan insanlar təbii ki, mühakimə olunmalıdır. Burada münasibət yalnız bir cür olmalıdır, başqa qiymətləndirmə ola bilməz”.

Sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara qarşı törədilmiş soyqırımı üzrə toplanmış sübutların tədqiqini, zərərçəkmişlərin dindirilməsini təklif edib.

İclasda Xocalı soyqırımınadək rayonda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Meşəli kəndinə basqın edilərək sakinlərin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, mal-qaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub.

Daha sonra Meşəli soyqırımı ilə bağlı sənədlər tədqiq edilib. Sənədlərə əsasən, 1991-ci il dekabrın 23-də saat 7 radələrində Ermənistan hərbçiləri Meşəli kəndinə hücum edərək 25 nəfəri qətlə yetirib, evləri yandırıb, kəndi talayıb, o cümlədən əhalinin mal-qarasını aparıblar. Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə axtara verilmiş Vaqif Xaçaturyan saxlanılıb. 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra zərərçəkmiş şəxslər ifadə verib və dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmiş şəxslərin nümayəndələrinin, eləcə də təqsirləndirilən şəxslərin müdafiəçilərinin ünvanladıqları sualları cavablandırıblar.

Zərərçəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan hərbçiləri tərəfindən 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirilib. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi.

O, Xocalıya qarşı ilk hücumun təkcə silahlarla deyil, ideoloji hazırlıqla - mitinqlərlə başladığını bildirib. E.Məmmədovun sözlərinə görə, bəzi mənbələrdə Xocalı əleyhinə ilk mitinqin 1988-ci il fevralın 13-də keçirildiyi yazılsa da, hadisələr, əslində, fevralın 12-də Əsgəranda başlayıb.

1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən mitinqdə isə artıq açıq şəkildə Xocalıya hücum qərarı qəbul olunub. Onun sözlərinə görə, 10 minə yaxın insan, - təkcə mitinq iştirakçıları deyil, silahlı və xüsusi vasitələrlə təchiz olunmuş şəxslər, - Xocalıya doğru yürüş ediblər.

Zərərçəkmiş şəxs həmin dövrə aid daha bir faktı açıqlayıb: “Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək Kombinatında və Karşel Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”.

E.Məmmədov bildirib ki, Xocalı soyqırımına aparan yol bir neçə mərhələdən ibarət olub. Bunlardan biri də 1991-ci ilin sonlarında Meşəli kəndinin tamamilə yandırılması və 30-a yaxın kənd sakininin qətlə yetirilməsi olub.

Elman Məmmədov Meşəli ilə yanaşı, digər kəndlərin də ardıcıl şəkildə hədəfə alındığını qeyd edərək deyib: “Cəmilli, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri bir-birindən ayrı deyil, bir zəncirin halqalarıdır. Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə planlaşdırılmışdı. Təşkilatçılar və prosesə rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar”.

E.Məmmədov bildirib ki, bu dəhşətli hadisələrin hamısı Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin nəticəsidir.

Dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin də suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, soyqırımına qədər Xocalı təkcə hücumlara yox, həm də blokada şəraitində fiziki məhvə məruz qalmışdı. “1992-ci il yanvarın 28-də sonuncu mülki vertolyot Ağdamdan Şuşaya uçarkən Xankəndi üzərində ermənilər tərəfindən vuruldu, nəticədə təxminən 50 nəfər həyatını itirdi. Bu hadisədən sonra vertolyot uçuşları tamamilə dayandırıldı. Beləliklə, Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”, – deyə E.Məmmədov diqqətə çatdırıb.

Zərərçəkmişin sözlərinə görə, 1992-ci il fevralın 25-də axşam saatlarına yaxın artıq müxtəlif yerlərdən Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum etməsi barədə məlumatlar gəlməyə başlayıb. “Bu, sadəcə, bir hücum deyil, böyük hərbi əməliyyat idi. Onların texnikası və say üstünlüyü o qədər böyük idi ki, Xocalının azsaylı müdafiə qüvvəsi bu gücə qarşı tab gətirə bilməzdi. Mühasirə 3 saata yaxın davam etdi. Gecə saat 11-dən etibarən şəhər ağır artilleriya və zirehli texnika ilə atəşə tutuldu. Bütün Xocalı alova qərq oldu”, - deyə o qeyd edib.

Избранный
199
25
aznews.az

10Источники