...Mənə etibar oluna biləcəyini anlayanda, Şəhriyar şəhadət barmağını sanki ekran üzərində, yuxarıdan aşağıya doğru gəzdirərək "təyyarə rejimini qoş" jestini göstərir və deyir: "Telefonu burada qoyun" və biz daha uzağa gedirik...
Çin Qazaxıstan vətəndaşları üçün vizaları ləğv edib Sincan sərhədlərini açanda, təkcə xaricdə yaşayan uyğurların qohumlarına deyil, xarici tədqiqatçılara da bölgəyə qayıtmaq imkanı verildi. Onlar deyirlər ki, Sincandakı zahiri rahatlığın arxasında tam nəzarət dayanır, sakitlik isə qorxu və kütləvi repressiyalarla "yenidən tərbiyələndirmə" düşərgələri xatirələrinə əsaslanır.
Qazaxıstandan olan etnik uyğur Şəhriyar* vizasız rejimdən istifadə edərək, doqquz ildə ilk dəfə SUMR-a (Çinin Sincan-Uyğur Muxtar Rayonu) gedə bilib. İndi o, BBC-yə Sincanda gördüklərini və son səfərindən sonra nələrin dəyişdiyini danışır.
Sonra başqa bir şəhərdə də oxşar vəziyyət olub... O, telefonda təyyarə rejiminə keçmək üçün eyni jesti göstərir: "Gəlin yardım otağında danışaq..."
Sincan dünyaya açılıb və fəal şəkildə xarici turistləri (əsasən Çinin digər yerlərindən gələn) qəbul edir. Bununla belə, hələ də uyğurların necə yaşadıqlarını anlamaq çətindir. Şəhərlərdə nəzarət-buraxılış məntəqələri yoxa çıxıb, ziyarətçilər şəhərlərin dinc və rahat göründüyünü qeyd edirlər. Lakin bu zahiri sakitlik yüzlərlə təhlükəsizlik kameraları ilə izlənilir, yerli sakinlər isə yad adamlardan çəkinirlər və ya monoton ifadələrlə partiya və Çin hökuməti sayəsində həyatlarının necə yaxşılaşdığı barədə danışırlar.
Müşahidələr və telefonsuz nadir söhbətlər göstərir ki, heç də düşərgəyə düşənlərin hamısı evə qayıtmayıb, uyğur və digər milli azlıqların uşaqları bir-biri ilə çin dilində danışır, məscidlər açılsa da, artıq dolu olmurlar.
Çində yoxa çıxan uyğur modeldən mesaj və video: “Dindirmə otaqlarından qışqırıq səsləri gəlirdi”Uyğurlar üçün “tərbiyələndirmə düşərgələri”: BBC-nin araşdırmasıÇin müsəlman qazaxları "içəri salır". Şahidlər nə danışıb?"Sincana xoş gəlmisiniz!"
İpərxan* Sincanın inzibati mərkəzi Urumçiyə 2024-cü ilin əvvəlində uçub. O, uyğurların və bölgənin tarixini öyrənir və bu səfər onun çoxdankı arzusu idi.
Urumçidə İpərxanın gözünə böyük turist dəstələri dəyməyib. Hava limanında o, tək-tük əcnəbilərdən biri idi. Səfərin məqsədinin "turizm" olduğunu aydınlaşdırdıqdan sonra onu heç bir əlavə yoxlama keçirmədən və sorğuya tutmadan buraxıblar.
COVID məhdudiyyətləri götürüldükdən sonra əcnəbilər üçün heç bir xüsusi tələb yoxdur. Bu, Sincanı səyahət üçün, məsələn, Tibetdən daha əlçatan edir.