İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi ayrılıb.
İmtahanda 51908 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 74 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Qeyd edək ki, aprelin 27-də Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Aprelin 27-də Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.