RU

Bakı Vladimir Medinskinin Qarabağla bağlı açıqlamasına sərt reaksiya verib

Azərbaycan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Russia Today kanalına verdiyi müsahibədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə kəskin etiraz bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Medinskinin Qarabağı "mübahisəli ərazi" kimi təqdim etməsi təəssüf və təəccüb doğurur.

“Rusiya Prezidentinin köməkçisi və Tarix Təhsili üzrə Komissiyanın rəhbəri olan bir şəxsin Qarabağın heç vaxt mübahisəli ərazi olmadığını bilməməsi heyrət doğurur. Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu, Rusiya tərəfindən də tanınır,” –  Hacızadə qeyd edib.

O əlavə edib ki, əvvəllər ATƏT-in Minsk Qrupunun həmsədri olmuş bir ölkənin yüksək vəzifəli nümayəndəsinin öz dövlətinin bu məsələyə dair mövqeyini anlamaması və ya anlamaq istəməməsi sual doğurur.

Hacızadə, həmçinin, Medinskinin Rusiya-Ukrayna müharibəsi ilə Qarabağ məsələsi arasında paralel aparmasını əsassız adlandıraraq, Azərbaycanın heç bir ölkənin ərazi bütövlüyünü pozmadığını və heç bir aqressiv müharibə aparmadığını vurğulayıb.

O bildirib ki, Azərbaycan 2020 və 2023-cü illərdə yalnız öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində hərbi əməliyyatlar keçirib və nəticədə öz ərazi bütövlüyünü bərpa edib.

“Cənab Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə daxil olmayan məsələlərlə bağlı yanlış və çaşdırıcı fikirlər səsləndirməsin və bu kimi açıqlamalarla dövlətlərarası münasibətləri zədələməsin,” –  Hacızadə bəyan edib.

N.Təbrizli

Избранный
358
28
anews.az

10Источники