Olaylar.az xəbər verir ki, "Nyu Layns"a danışan keçmiş rejim zabitinin sözlərinə görə, 2024-cü ilin iyununda "zabitlərə yardım" adı altında mobil tətbiq yayılmağa başlayıb. Tətbiq Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin dəstəklədiyi Suriya İnkişaf Fonduna bənzədilərək, "Syria Trust for Development" adı ilə təqdim edilib.
"Qeyri-rəsmi Teleqram kanalından yayılan tətbiqin sadə və etibarlı interfeysi zabitlər arasında şübhə doğurmayıb. Onlar tətbiqi yükləyərək yönləndirildikləri vebsaytlarda şəxsiyyət, ailə və ordudakı vəzifələri ilə bağlı məlumatları könüllü şəkildə təqdim ediblər. Həmin saytlarda yerləşdirilən fişinq üsulları vasitəsilə bütün bu məlumatlar ələ keçirilib.
Bu yolla rejim ordusunda yüksək vəzifə tutan komandirlər, rabitə və kəşfiyyat zabitləri barədə geniş məlumat bazası formalaşdırılıb. Nəticədə Suriya ordusunun strukturu və kritik mövqelərdəki şəxslərin kimlikləri tam şəkildə ifşa olunub", -zabit nəşrə məlumatında bildirib.
Qeyd olunub ki, əməliyyatın ikinci mərhələsində telefonlara casus proqramı yüklənib:
"Əməliyyatın ikinci mərhələsində isə "SpyMax" adlı casus proqram zabitlərin telefonlarına yüklənib. Bu proqram vasitəsilə mikrofon, kamera, mesajlar, şəkillər və hətta real vaxtda yerləşmə kimi vacib məlumatlar izlənilib. Casus proqramın APK faylları şəklində yayılması ehtimal olunur.
Peşəkar şəkildə və gizliliklə həyata keçirilən bu genişmiqyaslı kiber casusluq əməliyyatının arxasında hansı qurumun dayandığı bilinmir. İndiyə qədər ən azı 1500 zabitin bu əməliyyatda hədəfə alındığı güman olunur".