Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U17 Avropa çempionatı davam edir. Metbuat.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. İbrahimli “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.Beləliklə, Azərbaycan millisi qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.