RU

Orxan Zeynalov: "Xəzər-Qara dəniz-Avropa" enerji dəhlizinin 2032-ci ildə işə salınması planlaşdırılıb"

"Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizinin 2032-ci ildə işə salınması planlaşdırılıb.

“Report” xəbər verir ki. bu barədə Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-inə müsahibəsində bildirib.

O, bu layihə çərçivəsində Azərbaycanın Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlıq etdiyini xatırladıb.

"Biz bu dəhliz vasitəsilə 4 GVt-a qədər, mərhələli şəkildə isə 1,3 GVt, 1,3 GVt və 1,3 GVt "yaşıl enerji" ixrac etməyi planlaşdırırıq. Beləliklə, hər mərhələdə bir kabel olacaq və dəhlizin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılıb", - nazir müavini bildirib.

O.Zeynalovun sözlərinə görə, layihə çərçivəsində hazırda texniki-iqtisadi əsaslandırılma (TİƏ) üzərində iş gedir.

"TİƏ artıq yekun mərhələdədir, yaxın aylarda bizim kommersiya investisiya modelimiz olacaq. Burada çox yaxşı potensial var, mənbə Xəzər dənizinin Azərbaycan sektorunda tikiləcək külək elektrik stansiyaları olacaq, elektrik enerjisi HVDC kabeli vasitəsilə Gürcüstana və Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə Rumıniya və Macarıstana ötürüləcək. Bolqarıstan da layihəyə maraq göstərib", - o qeyd edib.

Nazir müavini xatırladıb ki, layihənin həyata keçirilməsi üçün bu il Buxarestdə “GECO Green Energy Corridor Power Company” birgə müəssisəsi yaradılıb.

"Gələn il biz həmçinin Avropa Komissiyasından bu layihə üçün "qarşılıqlı maraq layihəsi (PMI)" statusu almaq üçün müraciət edəcəyik. Bu, strateji layihədir, çünki birincisi, Xəzər dənizi, Qara dəniz və Cənub-Şərqi Avropa arasında əlaqəni təmin edir. İkincisi, gördüyünüz kimi, Cənub-Şərqi Avropada qiymətlər bir qədər yüksəkdir və əlavə enerji bazarı sabitləşdirə və qiymətləri aşağı sala bilər ki, bu da son istehlakçılar üçün çox yaxşıdır", - O.Zeynalov vurğulayıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. 2023-cü ildə Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bildirib. Həmin il Bolqarıstan Nazirlər Şurası “Bulgarian Energy Holding EAD” şirkətinin layihənin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib.

2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları - "Azərenerji" ASC, “Transelectrica SA”, "Gürcüstan Dövlət Elektrosistem" və MVM birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıblar, sentyabrda isə “Green Energy Corridor” (GECO) birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi bağlanıb.

İlkin mərhələdə kabel 4 GVt "yaşıl enerji”nin ixracı üçün nəzərdə tutulacaq. Tikinti işləri 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il davam edəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Избранный
39
report.az

1Источники