“Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. 44 günlük Vətən Müharibəsi, 23 saatlıq anti -terror əməliyyatı Azərbaycan ordusunun gücünü bir daha ortaya qoydu. Bu gün də Azərbaycan öz arsenalını gücləndirmək üçün addımlar atır. Azərbaycanın Pakistandan JF-17 Thunder qırıcı təyyarələri alması ilə bağlı erməni mediasının əndişəsini başa düşmək olar. Ermənilər anlayır ki, Azərbaycan öz qüdrətini daha da gücləndirir.” – bu fikirləri Ulusal.az açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın Pakistanla imzaladığı JF-17 Thunder qırıcı təyyarələrinin alınması müqaviləsi ölkənin hərbi aviasiyasının modernləşdirilməsi istiqamətində atılmış mühüm addımdır.
“Bu təyyarələrin alınması Azərbaycanın hərbi hava qüvvələrinin modernləşdirilməsində kritik rol oynayır. Bu addım mövcud MiQ-29 və Su-25 kimi Rusiya təyyarələri parkını yeniləmək və NATO standartlarına daha yaxınlaşmaq məqsədi daşıyır. Eyni zamanda, bu müqavilə Pakistan və Çinlə münasibətlərin gücləndirilməsi baxımından da strateji əhəmiyyət kəsb edir. Azərbaycan daha əvvəl Pakistandan Super Mushshak tipli 10 təlim-məşq təyyarəsi də alıb ki, bu da iki ölkə arasında hərbi əməkdaşlığın davamlılığını göstərir. Bu alışın Azərbaycanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı və bölgədəki hərbi balansda yeni bir dinamika yaradacağı gözlənilir.”- deyə Arzuman Muradlı bildirib.