Tarixində ilk dəfə avrokuboklara qatılacaq “Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, israilli futbolçu Bar Cohen 2025/2026 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, indiyədək yalnız İsrail klublarında çıxış edib.

Müxtəlif illərdə “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv”, “Hapoel Hayfa” klublarında çıxış edən Bar Cohen son iki mövsümü “Makkabi Netaniya”da keçirib.

Sözügedən futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 yığmalarının də üzvü olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" mövsümlərarası fasilədə baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqavilələri yeniləyib.

Kapitan Vadim Abdullayev isə Naxçıvan təmsilçisini tərk edib.