RU

Uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirildi - FOTO

BAKI, 14 iyun TELEQRAF

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli" elan edilməsi münasibətilə 14 iyun 2025-ci il tarixindəVəkillər Kollegiyasının (VK) maliyyə dəstəyi Bakıda yeni maarifləndirici mədəni layihə çərçivəsində çap olunan uşaqlar üçün Konstitusiyaya və insan hüquqlarına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

Kollegiyadan Teleqraf-a verilən xəbərə görə, mərasimdə vəkillər, hüquqşünaslar, müəllimlər, media nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyidir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkəmizin hüquqi əsasını təşkil edir. Bu yubiley ili çərçivəsində hüquqi maariflənməyə, xüsusilə də uşaqlarda hüquqi bilik və dəyərlərin formalaşdırılmasına xüsusi önəm verilir.

Təqdim olunan “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitabın çap edilməsinin məqsədi uşaqları hüquq dünyasına sadə, canlı və maraqlı hekayələr vasitəsilə cəlb etməkdir. Kitabda hər bir hekayə Azərbaycan Respublikası Konstitusiyasının əsas maddələrindən birini əhatə edir və uşaqlar üçün anlaşıqlı şəkildə izah edir. Hekayələrin qəhrəmanları uşaqlardır - onların dili ilə azadlıq, bərabərlik, təhsil, müdafiə və şəxsiyyətə hörmət kimi fundamental hüquqlar izah olunur.

Kitabın müəllifi “Legalaid” hüquq şirkətinin təsisçisi, VK-nın üzvü Sona Səlimli-Ələsgərovadır. Müəllifin fikrincə hüquqi biliklər elə uşaqlıqdan formalaşmalıdır. Bu kitab da məhz hüququn uşaqlara yaxınlaşdırılması məqsədilə hazırlanıb.

Kitab Azərbaycan və rus dillərində nəşr edilib.

VK-nın sədri Anar Bağırov tədbirin açılışında çıxış edərək qonaqları salamlayıb, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ərsəyə gətirilən maarifləndirici hüquqi layihəni yüksək qiymətləndirib.

Sədr diqqətə çatdırıb ki, uşaqlara hüquqi dəyərlərin aşılanması, onların hüquq və azadlıqlarını dərk etməyə təşviq olunması mühüm ictimai vəzifədir. Bu cür layihələr hüquqi cəhətdən savadlı və ədalətli cəmiyyətin formalaşmasına xidmət edir. Konstitusiyanın mahiyyətinin uşaqlara maraqlı və anlaşıqlı şəkildə çatdırılması isə xüsusi təqdirəlayiq addımdır. Kollegiya bu kimi təşəbbüslərə daim dəstək göstərib və göstərəcək.

Həmçinin Anar Bağırov vurğulayıb ki, “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitabın nəşri və yayımı vəkillərin birgə maliyyə dəstəyi ilə mümkün olub. Sədr eyni zamanda bu kitabın sığınacaqlarda, sosial reabilitasiya müəssisələrində və digər həssas qruplar üçün nəzərdə tutulan mərkəzlərdə istifadəsinin faydalı olacağını qeyd edib.

Son illərdə Kollegiyada görülən işlərdən danışan sədr vəkillərin sayının artdığını, VK-nın gənc hüquqşünaslara daim dəstək göstərdiyini ifadə edərək, onları vəkillik peşəsinə qoşulmağa çağırıb.

Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışı zamanı müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıb, kitabın ərsəyə gətirilməsində əməyin olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitab hüquqi maarifləndirici nəşr olmaqla yanaşı, həm də uşaqlara hüququ sevdirmək, onların şəxsiyyətinə və hüquqlarına dəyər verən cəmiyyətin əsasını qoymaq üçün vacib bir addımdır.

Избранный
16
7
teleqraf.com

8Источники