RU

"ABŞ ilə Rusiya arasında danışıqlar təxirə salınıb, Moskva narazıdır" - "Deutsche Welle"

"Diplomatik dialoqun dayanması həm nüvə silahlarının təhlükəsizliyi, həm də regional münaqişələrin dərinləşməsi baxımından ciddi risk yaradır..."
 
ABŞ ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin normallaşdırılması üzrə görüş Vaşinqtonun qərarı ilə ləğv edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyab edib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması məqsədilə nəzərdə tutulmuş üçüncü danışıqlar raundu amerikalı tərəfdaşların təşəbbüsü ilə təxirə salınıb. Bu barədə rəsmi açıqlamanı nazirliyin sözçüsü Mariya Zaxarova yayıb. Vaşinqtonun bu addımı hansı səbəbdən atdığı isə açıqlanmayıb.
 
Zaxarova deyib: "Ümid edirik ki, bu dəfəki fasilə uzun çəkməyəcək". Onun sözlərinə görə, danışıqlar əsasən tərəflər arasındakı qarşılıqlı "qıcıq yaradan amillərin" aradan qaldırılmasını və diplomatik missiyaların tam bərpasını hədəfləyib.
 
İstanbul danışıqları və ümidsiz gözləntilər
 
Rusiya ilə ABŞ arasında bu formatda indiyədək iki görüş keçirilib. Birinci raund 27 fevral, ikinci isə 10 aprel tarixində İstanbulda baş tutub. Rusiya nümayəndə heyətinə ABŞ-dakı səfir Aleksandr Darçiyev, ABŞ tərəfinə isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.
 
Rusiya danışıqlarda ABŞ-dakı diplomatik əmlakının hüquqi statusunun bərpasını da gündəmə gətirib. Lakin danışıqlar konkret nəticə verməyib. İyunun əvvəlində Darçiyev deyib ki, növbəti görüş "çox yaxın zamanda" Moskvada keçiriləcək. Amma ABŞ tərəfi bu məlumatı nə təsdiqləyib, nə də yeni tarix təklif edib.
 
Rusiya ilə ABŞ arasında münasibətlər: diplomatiya uçurumun kənarında
 
ABŞ və Rusiya arasında münasibətlər Ukrayna müharibəsindən sonra ən gərgin mərhələyə çatıb. Vaşinqton Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib, NATO isə Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirir. Rusiya tərəfi isə bu siyasəti "geosiyasi düşmənçilik" kimi qiymətləndirir və ABŞ-ı "sülh səylərini sabotaj etməkdə" ittiham edir.
 
Moskva üçün ABŞ-la münasibətləri bərpa etmək, ən azı diplomatik kanalları açıq saxlamaq mühüm sayılır. Çünki Vaşinqtonla birbaşa danışıq masasında olmaq Rusiya üçün həm informasiya müharibəsində, həm də mümkün gələcək razılaşmalar fonunda faydalı alətə çevrilə bilər.
 
Susqunluq təhlükəlidir
 
Hazırkı vəziyyət bir daha göstərir ki, ABŞ və Rusiya arasında minimum qarşılıqlı etimad da mövcud deyil. Diplomatik dialoqun dayanması isə həm nüvə silahlarının təhlükəsizliyi, həm də regional münaqişələrin (Ukrayna, Yaxın Şərq və s.) dərinləşməsi baxımından ciddi risk yaradır. Əgər bu "fasilə" doğrudan da uzanarsa, gələcəkdə danışıqlar masasına qayıtmaq daha çətin və baha başa gələ bilər.
Избранный
12
moderator.az

1Источники