Kənan Yıldız qısa müddətdə inkişaf edərək Türkiyə yığmasının və “Yuventus”un liderlərindən birinə çevrilməyi bacarıb. Cəmi 20 yaşı olan vingerə “Yuve”də artıq “10” nömrəli formanı da həvalə ediblər.
"Football-plus.az" xəbər verir ki, türkiyəli həmkarlarımızla görüşən Yıldız onların suallarını cavablayıb.
- ABŞ və Meksika ilə keçirəcəyimiz yoxlama oyunları haqda nə düşünürsən?
- DÇ-2026-ya evsahibliyi edəcək iki önəmli komanda ilə qarşılaşacağıq. Təbii ki, əlimizdən gələni etməyə, özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq.
- Sentyabrda DÇ-2026-nın seçmə mərhələsi start götürür. Bizi İspaniya, Gürcüstan və Bolqarıstanla çətin oyunlar gözləyir...
- Hər üç oyunda da ən yaxşı performansımızı sərgiləməyə çalışacağıq. İspaniya güclü komandadı və son Avropa çempionudu. Amma biz də Konyada, fanatlarımız önündə oynayacağıq. Gücümüzü göstərmək istəyirik. Qalib gəlib-gəlməyəcəyimizi deyə bilmərəm. Amma biz hər rəqibi yenəcək potensiala sahibik. Sadəcə, üzərimizdə çox çalışmalıyıq. DÇ bir futbolçunun oynaya biləcəyi ən güclü turnirdi. Hər birimizin ən böyük arzusu mundiala vəsiqə qazanmaqdı.
- Almaniya ilə Türkiyə arasında seçim edərkən çətinlik çəkdinmi?
- Xeyr. Türkiyə yığmasının rəsmiləri uşaq yaşlarımdan mənlə yaxından maraqlandılar. Mənə fərqli imkanlar təklif etdilər. Xüsusilə ilk məşqçilərimdən biri olan Soykan Başara təşəkkür edirəm. Ona görə də Türkiyəni seçmək mənim üçün heç də çətin olmadı.
- Türkiyənin heyətində Almaniyaya qarşı səfərdəki yoxlama oyunu zamanı nələr hiss etdin?
- Bəlkə də həyatımda yaşadığım ən unudulmaz anlardan biri idi. Bu səviyyədə özümü göstərə bilmək üçün əla fürsət idi. Özü də almanlara qarşı. Üstəlik qol da vurdum. Zatən o matçdan sonra yığma karyeramda mənim üçün hər şey müsbət mənada dəyişməyə başladı.
- Komandamızın AÇ-2024-dəki çıxışını necə qiymətləndirirsən?
- Avstriya ilə oyundan sonra yaşadığımız duyğusal və emosional anları heç vaxt unutmayacam. Əslində hər birimiz yarımfinala yüksələcəyimizə ürəkdən inanırdıq. Niderlandla oyun sanki bizim əlimizdə idi. Sonra nələr baş verdiyini anlamadıq. İki qol buraxdıq və təəssüf ki, mübarizəni dayandırmalı olduq. Fanatlarımızı üzgün görmək bizi çox məyus etdi. Elə özümüz də üzüldük. Turnirboyu fanatlarımız bizə inanılmaz dəstək verdi. Şanssız anlar yaşadıq. Bundan daha artığına nail ola bilərdik. Qrupun ilk oyununda ilk qələbəmizi qazanandan sonra da fanatlarımızla birlikdə mükəmməl anlar yaşamışdıq.
- Vinçentso Montellanın rəhbərliyi altında yığmanın performansı əvvəlki dönəmlərdən nə dərəcədə fərqlənir?
- Əvvəlki illərdə komandada yer almadığım üçün bu haqda çox danışa bilməyəcəm. Amma Montella haqda danışmalı olsam, onun həm insan, həm də məşqçi kimi mükəmməl biri olduğunu deməliyəm. Enerjisini tam bizə aşılamağı bacarır. Mənə güvənən ilk məşqçilərdən biridi. Montella ilə birlikdə çalışmaqdan nə qədər böyük zövq aldığımı sözlə ifadə etməkdə çətinlik çəkirəm.
- Yeni mövsümdə Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşmaq istərdinmi?
- Mənim üçün fərqi yoxdu - rəqib kim olur-olsun. Bütün rəqiblərə qarşı oynamaq istəyərəm.
- A seriyasında son tura qədər gərgin mübarizə yaşandı. Son turda ÇL-ə vəsiqə qazansız...
- “Yuventus”un yeri bu turnirdi. Bu cür klub bu turnirdə iştirak etməlidi. Ona görə də əlimizdən gələni etdik. “Yuventus”un futbolçusu olaraq başqa turnirdə özümüzü təsəvvür etmirdik. Uşaqlıqdan futbolu sevən biri kimi hər dəfə ÇL-in himnini eşitdikdə tüklərim biz-biz olur. Uşaq yaşlarımdan həmişə bu turnirlə bağlı böyük xəyallarım olub. Geridə qoyduğumuz mövsümdə ilk dəfə ÇL-də oynamaq fürsəti yaxaladım. Amma yenə bu turnirdə oynamaq, yenə o himni eşitmək istəyirəm. Amma ÇL-dən öncə klublararası dünya çempionatında iştirak edəcəyik. O turnirdə də yaxşı çıxış etməyə, sona qədər irəliləməyə çalışacağıq.
- ÇL-ə vəsiqəni bir dönəm “Qalatasaray”ı da çalışdıran İqor Tudorla əldə etdiz. Onun haqda nələr deyərdin?
- İnsani keyfiyyətlərinə söz ola bilməz. Məşqçi kimi də şəxsən mənə çox böyük köməyi dəyir. Onun kimi bir məşqçiyə sahib olduğumuza görə sevincliyik.
- “Yuventus”da Mişel Platini, Roberto Baco, Alessandro Del Pyero kimi əfsanələrin geydiyi “10” nömrəli forma ilə oynamaq necə hissdi?
- Əlbəttə, mükəmməl bir hissdi. Tarixi bir formanı geydiyimin fərqindəyəm. Ona görə də həmişə çox çalışaraq meydanda bütün bacarığımı sərgiləmək istəyirəm.
- “Qızıl top” uğrunda mübarizədə favoritin varmı? İrfan Can Kahveci son açıqlamasında “Kənanın telefonunun ekranında “Qızıl top”un şəkli var. Bu, inanılmaz bir motivasiyadı” ifadəsini işlətmişdi. Onun sözləri haqda nə deyərdin?
- Builki “Qızıl top” uğrunda favoritim yoxdu. İndidən karyeramın sonuna qədər nələri bacaracağımı, nələrə nail olacağımı deyə bilmərəm. Amma təbii ki, hər futbolçunun ən böyük arzusu “Qızıl top”u qazanmaqdı. Bunun üçün isə durmadan çalışmaq lazımdı.
- ÇL-in finalında “İnter” PSJ-dən 5 cavabsız qol buraxdı. O matçın ardından yığmamızın kapitanı Hakan Çalhanoğlu ilə söhbət etmisənmi?
- Xeyr, finalın ardından söhbətləşməmişik. Belə məğlubiyyətlərdən sonra kimisə narahat etməyi xoşlamıram. Çünki mən özüm də bu cür oyunlardan sonra kiminsə məni narahat etməsini sevmirəm. Məsələyə digər tərəfdən də yanaşmaq olar. Onlar sonüç ildə iki dəfə ÇL-in finalında oynayıblar. Məncə, bu, çox böyük bir uğurdu. Ancaq həqiqətən də şanssız matç keçirdilər. Oyundan öncə belə bir nəticənin qeydə alınacağını heç kim təsəvvür edə bilməzdi.
- Əslən Afyondan olduğunu bilirik. Sonuncu dəfə oranı nə vaxt ziyarət etmisən?
- Uşaq yaşlarımda Afyonu iki dəfə ziyarət etmək fürsətim olmuşdu. Son illərdə isə oralara gedə bilməmişəm. Amma qarşıdakı dönəmlərdə nəsib olsa, yenə getmək istəyirəm. Həm də ailəm hazırda Dənizlidə yaşayır. Ona görə də Türkiyəyə gedəndə ilk növbədə Dənizliyə yollanıram. Fürsətdən istifadə edərək Türkiyədə hər kəsin Qurban bayramını təbrik edirəm.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта