Mətbuat Şurası İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar
Mətbuat Şurası İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Bu barədə 1news.az-a Mətbuat Şurasından (MŞ) məlumat verilib. Qeyd edilib ki, 15 iyun Milli Qurtuluş Günü və Azərbaycan milli mətbuatının 150 illiyi münasibəti ilə səmimi təbriklərini çatdıran səfir Birol Akgün Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə diqqət çəkib. Ali diplomatik təmsilçi həmçinin hər iki ölkənin media əməkdaşlığının dərinləşdirilməsi istiqamətindəki planlar barədə də danışıb. MŞ sədri Rəşad Məcid Milli Qurtuluş Gününün Azərbaycanın taleyindəki rolundan, Şuşa Bəyannaməsinin gələcək onilliklər üçün yol xəritəsini müəyyən edən müstəsna sənəd kimi əhəmiyyətindən söz açıb. O, eyni zamanda Azərbaycan və Türkiyənin media həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyinə toxunub. MŞ İdarə Heyətinin üzvləri Azərbaycan və Türkiyənin media gündəminə dair spesifik məqamlarla bağlı fikirlərini açıqlayıb, suallarını ünvanlayıblar. Xüsusilə, Türkiyənin bəzi media orqanlarında iki qardaş ölkə arasında etimada xələl gətirməyə hesablanmış yazıların yolverilməzliyi vurğulanıb, belə hallara qarşı birgə mübarizənin vacibliyi üzərində dayanılıb. Görüşdə əməkdaşlığın perspektivləri, o cümlədən, informasiya mübadiləsinin daha da gücləndirilməsi yolları və mövcud istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan gələcək fəaliyyət müzakirə edilib.