RU

“Bayquş və Qarovulçu”nun fəlsəfi dünyası Cahangir Məmmədli yazır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Cahangir MƏMMƏDLİBDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Ədəbiyyata, bədii söz sənətinə bələd olan hər kəs etiraf edər ki, üslubun, ifadənin zənginliyini özündə daşıyan bəzi əsərləri mütləq ikinci dəfə oxumalı olursan. Birinci oxunuşda sadəcə əsərin kontent-məzmununu hiss etmək üçün, ikinci oxunuşda belə bir əsərin fərdi üslub, bədii dil, bədii quruluş kimi keyfiyyətləri ətrafında düşünmək üçün. Bu mənada mən vaxtilə Anarın “Əlaqə” povestini, Yusif Səmədoğlunun “Qətl günü”, Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanlarını, Mixail Bulqakovun “Master və Marqarita” romanını iki dəfə oxumalı olmuşam. Çünki bu tipli bədii əsərlərin hər birində real həyat hadisələri özünün fantasmaqorik səpkisi ilə, həyat həqiqətinin estetik ideallara çevrilməsi və s. kimi sənətkarlıq keyfiyyətləri ilə oxucunu geniş düşüncəyə səsləyir. Belə əsərlərdə müəllif öz estetik ideallarını ümumiləşdirdiyi obrazlarla elə ustalıqla təqdim edir ki, oxucu bu obrazları mütləq şəkildə özününküləşdirir və bir sıra hallarda özünü kəşf edir.

Mən bu fikirləri İmamverdi İsmayılovun “525-ci qəzet”də lap bu günlərdə dərc olunmuş “Bayquş və Qarovulçu” hekayəsini oxuyandan sonra bir daha xatırladım. Əlbəttə, mən İmamverdini çoxdan tanıyıram: hələ bizim fakültədə – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuduğu illərdən tanıyıram. İmamverdi bu fakültəni bitirən illərdən üzü bu yana müəllimlərini çox razı salan publisistikası ilə tanındı, ədəbi-ictimai rəydə tematika zənginliyi, fərdi üslubu ilə seçilən bir publisist kimi tam formatda qəbul olundu. Əlbəttə, biz İmamverdinin hələ tələbəlik illərindən qələmə aldığı çoxsaylı hekayələri, sonralar bir yazıçı kimi oxuculara təqdim etdiyi povest və romanları ilə yaxşı tanışıq. Həmin iri formatlı əsərlərinin təhlilini verən İsa Həbibbəyli, Nizami Cəfərov kimi filoloq-akademiklər bu əsərlərin hər birini ədəbi hadisə kimi qiymətləndirmişlər. “Əzrayıl”, “Ocaq daşı”, “Qədim kişinin tarixi”, “Göyərçin köçü” kimi bədii əsərləri ətrafında elmi-publisistik zümrənin apardığı təhlillərin hamısında yazıçının sənətkarlıq keyfiyyətləri xüsusi qeyd edilmişdir. İmamverdinin “Bayquş və Qarovulçu” hekayəsi mənə bir ədəbi hadisə təsiri bağışladı. İmamverdinin “Bayquş və Qarovulçu” hekayəsi özünün fantastik təsiri ilə məni bu yazını qələmə almağa təhrik etdi... Fantastika demişkən, həm də fantasmaqorik formatı və fantasmaqorik üslubu ilə. 

“Bayquş və Qarovulçu” janr etibarilə hekayə formatındadır. Amma bu hekayənin məzmununda bütöv bir roman formatı yatır. Müəllifin yaratdığı obrazlar milli düşüncənin dünənini və bu gününü, hətta sabahını ortaya qoymağı ilə, millət hardan gəlib hara gedir sualına lakonik cavabı ilə əsəri hekayə formatına salır. Mənim akademik Nizami Cəfərovla çox məsləhətləşmələrim olur. Bu dəfə də zəng edirəm və İmamverdinin bu hekayəsini oxuyub-oxumadığını soruşuram. Cavab: “İmamverdinin bu hekayəsi ədəbi hadisədir”. Cavab mənə bəs edir, çünki mən də hekayəni oxuyan kimi onu “ədəbi hadisə” hesab etmişdim...

Hekayənin məzmununda beş aparıcı obraz var: Yaxın bir tanışının bağ evində qarovulçu işləyən qoca, qocanın dünyasını dəyişmiş arvadı, digər bir evin qarovulçusu cavan bir oğlan, cavan bir ev sahibi və ... bayquş. Bu bayquşun gecələr qonşuluqda xaraba qalmış bir evin damında “oxuması”, bayquşun bu səsini həm real mənada, həm də dini inanclar sistemi ilə qəbul etməyən ev sahibi bayquşu öldürməyi qarovulçuya tapşırır. Ömründə heç vaxt bir qarışqanı belə tapdalamamış qoca qarovulçu heç gözləmədiyi bu tapşırığın əzabını çəkir, qonşu evinin içkiyə qurşanmış cavan qarovulçusunun da qoşulduğu bu vəzifənin necə öhdəsindən gələcəyini özü üçün bir dərdə çevirir və bu dərd sonda bayquşu deyil, onun özünü həyatdan aparır...

Mənim bəsit şəkildə təqdim etdiyim bu sujet çox ciddi kolliziyalar, mürəkkəb fəlsəfi düşüncələr, atalar və oğullar kimi bəşəri bir problemə fəlsəfi münasibət, milli dəyərlərə xəyanətin tövbəsi, ata-ana xeyir-duasına xəyanət və bütün bunlardan doğan peşmançılıq hissləri ilə elə zəngin bir məzmun yaradır ki, əsər özü adamı oxumağa məcbur edir.

Hekayənin ən maraqlı cəhətlərindən biri müəllifin xalq dilinə, xalq deyimlərinə xəlqi münasibətdir. Müəllifin az qala hər abzasda həm özünün, həm də obrazların, xüsusilə bayquşun dilində xalq deyimlərinə müraciəti bir tərəfdən Vətən, milli dəyərlər sistemi kimi keyfiyyətləri anlamağa xidmət edirsə, digər tərəfdən əsərin ortaya qoyduğu müqəddəs idealların sənətkarcasına ifadəsinə yardımçı olur.

Adətən xarabalıqda məskən salan və el deyiminə görə öz səsi ilə oturduğu məkanı xarabalığa çevirmək istəyində olan bayquş hekayənin əsas obrazıdır. İndi zaman elə çönüb ki, bayquşların xaraba istəyini dünyanı silah gücünə xarabaya çevirməkdə olan dövlətlər, insanlıqdan imtina etməkdə olan “insanlar” yerinə yetirməkdədirlər. Bayquşun uzun bir monoloqu, əslində müəllifin fəlsəfi düşüncələridir. Bayquşun fikirləridir: “Zəmanə xarab olub, üzü çönüb, bayquş da yalan olub, elə hədyan, nifrin tökürlər ki, az qala yeddi arxa dönəninin yeddi qatından keçə... Açın qulaqlarınızı eşidin: mən səslənirəm dünyaya, kainata car çəkirəm, ey dilimi bilən, məni anlayanım, hardasan?” Bayquşun bu bəşəri sualına dəyişən dünyanın cavabı yoxdur və əsərin əsas məqsədlərindən biri də elə bu suala cavab tələbidir.

Belə yerdə atalar və oğullar problemi çıxır ortaya. Ev sahibinin tələbi ilə bayquşu güllələməyə hazırlaşan babanı cavan nəvəsi – universitet tələbəsi bu yoldan çəkindirmək üçün miflərə, milli dəyərlərə söykənir və az-çox istəyinə nail olur.

Bir az əvvəl hekayənin polifonik-çoxtərəfli məzmun keyfiyyətindən söz açmışdım. Bu mənada qoca qarovulçunun qızının taleyi bütöv bir romana sığacaq bir sujet vəd edir. Qoca qarovulçunun qızı bir vaxtlar səhv edərək – milli ənənələrə məhəl qoymadan, atası, anası ilə məsləhətləşmədən bir oğlana qoşulub qaçıb. Yuxarıda qeyd etdiyim fantasmaqoriya məhz bu yerdə müəllifin köməyinə gəlir. Ona görə də bu yerdə hekayədən uzun bir sitat gətirməli olacam: “Qəfildən göy guruldadı, şimşək çaxdı, qarovulçunun keşik çəkdiyi otağın pəncərələri taybatay açıldı, şüşələr çilik-çilik olub ətəyinə töküldü.

Aman... Kaftar bir bayquş, qanadlarını çırpıb, içəri şığıdı, uzun-uzadı sızladı, qara-qırtıq, qıllı caynaqlarındakı şikarını qəzəblə kişinin ayaqları altına atdı... Qanrılıb baxdı ki, qızıdı, yumaq kimi topuğuna döşənib onun, qan tökür kor bəbəklərindən... Çürük kəfən içində, sarı köpük qusurdu, oğurluq edən dovşan kimi ürkək idi, əyri ayaqlarını qoşulub qaçdığı dərələrin kolu-kosu sürtüb qançır eləmişdi...” Müəllif elə bu sətirlərdən milli adət-ənənələrə xəyanətin nəticəsini - faciəsini göstərir. Qaravolçunun qızının qışqırtısıdı: “Ay dədə, - deyib zarıdı - günahımnan keçmə mənim, noolar, heç üzümə də baxma... Yazıq anamın o nakam ruhu bağışlamaz, qırx gün, qırx gecə o zavallı qadını dalımca, bayquş kimi, ulatdıran, için-için çürüdən mən oldum, mən başı daşlı!.. Bir binamusun, yağlı, şirin vədinə allandım, ata-ana xeyir-duası almadan qoşulub qaçdım... Xeyir çörəyi yeyə bilərmi beləsi?! Axırı çöllərdə qaldım, dərdə-bəlaya düçar oldum, qurd-quş da iylənmiş meyitimə yaxın durmadı... Dalımca gəlmədin, niyə o gülləni götürüb ikimizi də qanına qəltan eləmədin?.. Axı sən, köhnə kişisən, öz üstünnən namus ləkəsini niyə yumadın, ay dədə? Üzünmü çöndü, iyrəndinmi, sıtqındınmı? Bilirəm, yaxşı tanıyıram səni, qəzəbindən belinə, qanına, dölünə söydün. – Onun pərişan saçları sicim kimi boğazına dolaşmışdı. – Nə durmusan, mənim qeyrətli dədəm, nə fikrə qərq olmusan, götür, götür o tüfəngi! Şərəfnən yaşayıb qədrini bilmədiyim günləri qaytar, ləkəmi yu! Qoluna qüvvət, vur ay dədə, qanım halaldı sənə, öldür mən!..”

Milli dəyərlərə etinasızlığın qurbanı olan bu qızın bu peşmançılığı bu etinasızlığı təkrar edən yeni nəslə bir mesajdır. Fantasmaqorik bir səhnə: 

“O, başı bıçağa gələn quzu kimi mələyib, üzünü ümidsiz göylərə tutub, asi düşdü: “Apar məni, a qara yellər! Gəl, a bayquş, gəl, apar məni, soyxa qoy sümüklərimi!..”

Qızın qan donduran naləsini müəllif onun son vəsiyyəti kimi təqdim edir.

“Və çox ağladı, çox sıtqıdı, sonra özü də bayquş kimi qanad çalıb kükrədi və boz yellər kimi burulub, evin çökmüş tavanındanca qeybə çəkildi...

Atasının qolları ixtiyarsız uzandı və barıt qoxusu gələn havadan asılı qaldı: “Səba yellərimi əsdi sənin dalınca, qız, qarğışamı urcah oldun?! Çoxdan it-bat olmuşdun, nə hayın vardı, nə huyun... Gör neçə ildi heç yuxuma da gəlməzdin... Hardan belə peyda oldun, ay günü qara, hardan?..”

Bu sözlər də bir zaman milli-mənəvi dəyərlərin itməsinə məhəl qoymayan yaşlı nəslin naləsidir.

Qoca qarovulçunun aşağıdakı sualı bu gün üçün bəşəri sualdır və bəşəri cavab gözləyir: “... görəsən, qurbanı olduğum hər viranəliyə, çox yox, tək bircə bayquş bəxş eləsəydi, sayı-hesabı bilinərdimi və bayquşlar bu kainatı başına götürüb hara aparardı?! Bəyəm savaşın, tökülən qanın, bəlanın baiskarı zavallı bayquşlardımı?” Bu bəşəri sual bu gün Yaxın Şərqdə, Rusiya-Ukrayna cəbhəsində, dünən isə Ermənistanın bayquş niyyətinə çevrilən Qarabağda cavabını gözləyir... Cavabı, bayquş günahkar qocanın timsalında dəyişən dünyanın adamlarına, baiskarlarına üz tutaraq özü verir: “Bayquş yastılanıb, dirəyə çökdü, acığından dimdiklərini tənəylə şaqqıldatdı: “Ey yazıq, zavallı məxluq! Bu boyda gen-bol dünyanı, bir belə genişliyi qoyub, bura çataçatdamı yadına düşdü Allah?! Qəzəbdən kükrəyən caynaqlarımın altında heç yeridimi bu duaların?! – Sənin gecikmiş duyğularının və yalvarışlarının ömrü, mənim bax bu caynaqlarımın ucuna qədərdi, çox qısadı, çox, ay bədbəxt qoca!..”

Hekayənin kulminasiya nöqtəsi: “... və güllələr dalbadal açıldı, gecənin lal sükutunu parçalayıb dağıtdı, isti gilizlər nəm divarlara dırmaşıb, siçan kimi civildədi...” Qonşu evin cavan və sərxoş qarovulçusunun əlindəki tüfəng açılır və təsadüfən qoca qarovulçunu qətlə yetirir. Və bu məqamda qarovulçunun arvadının fantasmaqorik ağrısı təqdim olunur: “Uçuq damın altında çöməlib ağ kəfənə bürünmüş qadının kölgəsi əyildi, sanki göydən yerə qanad saldı, başını qarovulçunun parçalanmış sinəsinə sıxıb, gözünün qorasını tökdü: “Aman!.. Sən neynədin, ay zalım, əlin qurusun!..

Kürəyin hardan deşildi, ay kişi? Ağ kəfənin necə boyandı qanına, ay kişi? Qarğışamı urcah oldun, günahamı batdın?!” –  ölümlə əlləşən qarovulçunun canına, sümüyünə, iliyinəcən yeriyən bu kəsik hıçqırıqlar, vay-şüvən, bayquş ulartısına çevrilib gecənin soyuq ruhundaca əriyir, acı göz yaşları qanlı su kimi axıb sellənirdi...”

Hekayənin sonu hər şeyə aydınlıq gətirir: “...Göyün yeddi qatınacan çəkilib, qeyb olmuş bayquşun səsi – üzücü, qandonduran ulartısı dünyanı başına götürmüşdü...

Bayquş elə bil qaranlıq bir qəbirdən indicə çıxırdı, səsi çatınca, ünü yetincə hayqırır və al qan içində can verən qarovulçunu, naqəfil açılan güllə ilə əlini nahaq qana batırmış qonşunu, həm də, baiskar kimi özünü, özünü ağlayırdı...”

Hekayənin bu son sətirləri müəllifin estetik idealıdır: Atalara və oğullara görk misalıdır; Min illərin milli-mənəvi dəyərləri müqəddəsdir. Bu dəyərlərə xəyanət etmək günahdır: Tanrı bağışlamaz!

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
525.az

1Источники