RU

Bu halda Bakı neftinin qiyməti üçrəqəmli olacaq

Hörmüzün bağlanması enerji qiymətlərini kəskin artırmaqla, dünya iqtisadiyyatı üçün böyük problemlər yarada bilər

İsrail-İran münaqişəsi dünya enerji bazarında vəlvələyə səbəb olub. Belə ki, İsrailin ən böyük qaz yatağı olan "Leviafan"da hasilatı dayandırması, daha sonra İranın və dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars"ın qurudakı qurğularına zərbə endirməsi fonunda Avropada qazın 1 000 kubmetrinin qiyməti 455 ABŞ dollarını ötüb. 

Neftin qiyməti isə münaqişənin ilk günündə 10 dollara yaxın artdıqdan sonra hazırda  74-75 dollar arasında “var-gəl” edir. Dünyanın diqqəti İranın Hörmüz boğazı ilə bağlı addımlarındadır. “Onyx Capital Group” araşdırma qrupunun rəhbəri Harri Çilingiryan hesab edir ki, İsrail və İran arasında münaqişənin enerjidaşıyıcıların tədarükünə təsir etməməsi səbəbindən neftin qiyməti sabitləşəcək: “Hər şey enerji axınları ətrafında münaqişənin necə inkişaf edəcəyinə bağlıdır. İndiyə qədər istehsal və ixrac imkanlarına təsir edilməyib və İran Hörmüz boğazı vasitəsilə tədarükü pozmağa cəhd etməyib”, - deyə "Reuters" onun sözlərindən sitat gətirir. 

“Alfa Capital Management Company”nin eksperti  Vladimir Braginin fikrincə, əhəmiyyətli həcmdə neft və maye qazın keçdiyi Hörmüz boğazı bağlanarsa, neftin qiyməti sürətlə üçrəqəmli ola bilər: “Lakin deyəsən, boğazı bağlamağa hazırlaşmaqdan söhbət gedə bilməz və Fars körfəzi və Qırmızı dənizdə gəmiçilik həmişəki kimi davam edir”.

O, İrana zərbələrin intensivliyi azaldıqca “Brent” markalı neftin qiymətinin ya indiki səviyyədə qalacağını və ya 66-69 dollara kimi azalacağını proqnozlaşdırır.

“Alfa Capital Management” şirkətinin  eksperti Aleksey Klimuk qeyd edir ki, İran beynəlxalq neft bazarında mühüm oyunçudur: “Onun infrastrukturuna zərbələr bütün dünya bazarına təsir edə bilər. Amma bir oyunçunun, hətta vacib olanın təsirini çox qiymətləndirməyə dəyməz. Nəhayət, OPEC+ var və onun üzvü olan ölkələr hazırda bazardan tamamilə çıxsa belə, İran neftini nisbətən asanlıqla əvəz edə biləcək nəhəng istifadə olunmamış imkanlara malikdirlər”.

“Vector Capital”ın maliyyə bazarları üzrə baş analitiki Aleksey Qolovinov hesab edir ki, Hörmüz boğazından neft və LNG tranziti dayandırılarsa, neftin qiyməti dərhal bir barel üçün 100 dolları keçəcək və LNG qiymətləri 2022-ci ildəki pik səviyyəsinə qayıdacaq: “Bu, qlobal iqtisadiyyat üçün ciddi şok olacaq və dərin böhrana səbəb ola bilər. Bu vəziyyətdə İran neftinin ən böyük alıcısı olan Çinin iştirakı vacibdir. Pekinin Tehrana təsiri var və bu, məhdudlaşdırıcı amil rolunu oynaya bilər”.

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə təmaslar zamanı o, Tehranın Hörmüz boğazını ticarət gəmiləri üçün bağlamayacağına dair zəmanət alıb: “İranlı nazirdən ilk müsbət siqnalı aldım: o mənə dedi ki, İran Hörmüz boğazında ticarət gəmilərinə mane olmaq niyyətində deyil”, - Tajani “Corriere della Sera” qəzetinə deyib.

Hörmüz boğazı dünya LNG tədarükünün 30 faizinin və qlobal neft ixracının 20 faizə qədərinin qlobal bazara ötürüldüyü boğazdır. Oradan gündə 20 milyon barelə qədər neft keçir ki, bu da dünya üzrə ümumi neftin beşdə birinə bərabərdir. Hörmüz həm də mühüm ticarət yoludur.

Asif

 Asif Nərimanlı

Azərbaycanın siyasi şərhçisi Asif Nərimanlının fikrincə, Hörmüzün bağlanması İranın ən sonda əl ata biləcəyi bir neçə təsir rıçağından biridir: “Hörmüz boğazını bağlamağı İran artıq gündəmə gətirib, lakin məsələ hələ ki təhdid xarakteri daşıyır. Rejim dünya iqtisadiyyatına ciddi zərər vuracaq və neft qiymətinin yüksək artımına səbəb olacaq bu addımı son kartlardan biri kimi saxlayır. Hərçənd Tehranda anlayırlar: Hörmüz boğazının bağlanması İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini legitimləşdirəcək amildir. Həmçinin belə radikal addım İranın dost hesab etdiyi ölkələri - misal üçün, neft qiymətinin yüksəlməsini istəməyən Çin bu məsələdə maraqlı deyil - ondan uzaqlaşdıra bilər. Boğazın bağlanması təhdidi İranın əlində azsaylı "strateji çəkindirmə" aləti olaraq qalır. İran rejimi son seçimləri saxlayır, çünki onlar üçün “son” olmadığını, diplomatiya ilə çıxış yolunu tapa biləcəklərini düşünürlər. Anlayırlar ki, bu seçimlərdən istənilən biri təkcə rejimin yox, İranın gələcəyini sual altına salacaq. Lakin proses xilasın mümkün olmadığı mərhələsinə çatarsa, bu seçimləri silah olaraq istifadə edə biləcəkləri istisna deyil".

Elman

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, İsrail-İran müharibəsi enerji bazarında gərginlik yaradıb: “Bunun əsas səbəblərindən biri budur ki, İran gündəlik 3,5 milyon barel neft, 1,3 milyon barel civarında kondensat hasil edir. Bu, dünya üzrə gündəlik neft istehlakının 4-4,5 faizi deməkdir. Bu hasilatın müəyyən bir hissəsi ixrac olunur. Digər bir məsələ İranın Hörmüz boğazına tam nəzarət etməsidir. Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt kimi ölkələrin neft-maye qazının xeyli hissəsi bu boğazdan dünya bazarına çıxarılır. Ona görə də Hörmüz boğazı ətrafında müəyyən manipulyasiyalar gedir. Düzünü deyim, İranın Hörmüz boğazını bağlayacağını gözləmirəm. Hətta bağlasa belə, bu, uzunmüddətli olmaya, bir neçə gündən uzağa gedə bilməz. Çünki hazırda İranın yuxarı rəhbərliyinə daxil olan şəxslər hansı ölkədən yaşayış zəmanəti alacaqları barədə daha çox düşünürlər. Onların müxtəlif ölkələrlə şəxsi təhlükəsizliklərinə qarantiya almaq üçün danışıqlara başladıqları bildirilir.

İranın Hörmüzü bağlaması enerji qiymətlərini, ona bağlı olaraq inflyasiyanı kəskin artırmaqla, dünya iqtisadiyyatı üçün böyük problemlər yarada bilər. Məhz buna görə də İran bu addıma getməz. 1970-ci illərdə İran ABŞ iqtisadiyyatı üçün yaratdığı çətinliklərin bədəlini 50 ildən çoxdur ödəyir. Düşünmürəm ki, ikinci dəfə belə yanlışa yol versinlər. Həm də ona görə ki, Hörmüzün bağlanması yalnız Qərbi deyil, boğazdan mal ixrac edən ətraf ölkələri də özünə qarşı qaldırmış olacaq".

Ekspertə görə, İsrail İrana qarşı hərbi müdaxiləni illər boyu hazırlayıb: “Bu, 3-5 ayın deyil, onilliklərin planıdır. Plan hazırlanarkən bütün mümkün ssenarilər əvvəlcədən nəzərə alınıb, hər bir variant üçün cavab tədbirləri işlənib. Bu müdaxilənin enerji bazarlarına mümkün təsirləri də mütləq hesablanıb. Bildiyiniz kimi, İran çoxsaylı sanksiyalar altındadır, BMT qərarı ilə ona ərzaq ehtiyacları üçün müəyyən miqdarda neftin ixracına icazə verilib. Lakin İranın və son illərdə Rusiyanın təcrübəsi göstərir ki, belə sanksiyalar rejimində də neft ixracı dayanmır. Daha böyük qiymət endirimləri ilə də olsa, uzun illərdir İran sanksiya həddindən daha yüksək həcmdə neft satır. Buna baxmayaraq, İranın neft ixracı tamamilə dayansa, neft bazarından xeyli miqdarda neftin çıxması demək olar ki, bu da dərhal qiymətlərə artırıcı təsir göstərəcək. Hazırda qlobal neft istehlakı gündə 103 milyon bareldir. Çox həssas bazardır. 1-1,5 milyon barellik dəyişiklik bazarda ciddi təsirə malik olur. Məsələn, 1,5 milyon barel neftin bazardan çıxması qiymətlərin 10 dollara qədər artmasına səbəb olur. Bu səbəbdən də yalnız ABŞ deyil, İranın yaxın əlaqələri olan Çin üçün də belə variant əlverişli deyil. Çünki Çin dünya üzrə neftin ən böyük istehlakçısıdır. Dünya iqtisadiyyatı 2022-ci ildəki qiymət şokunun təsirindən yeni-yeni çıxır. Yenidən neft qiymətlərinin 80 dollardan yuxarı qalxıb, uzun müddət o həddə qalması dünya iqtisadiyyatındakı kövrək stabilliyi aradan qaldırmaqla, ona çox böyük zərər vurar. Buna görə də hesab edirəm ki, İrana müdaxilə planı hazırlayan və ona razılıq verən qüvvələrin bütün variantlar üçün hərəkət planı da var. Məsələn, İrandan neft ixracının dayanması şəraitində OPEK daxilində - Səudiyyə Ərəbistanı da daxil olmaqla, hasdilatı qısa müddətdə artırmaq imkanı olan ölkələr var. Təkcə Səudiyyə Ərəbistanı 1 aya dünya bazarına əlavə 1,5 milyon barel neft çıxara bilər. Buna görə də bazardan çıxan İran neftinin yerini çox az vaxtda doldurmaq rahatlıqla mümkündür.

Yuxarıda da qeyd etdiyim kimi, neft qiymətlərini 80-90 dollara qədər yüksəldə biləcək yeganə hal Hörmüz boğazının bağlanmasıdır. Bunun isə uzunmüddətli xarakter alması qeyri-mümkündür. Qısamüddətli dövr üçün əksər ölkələr öz ehtiyatlarından istifadə edəcəklər".

E.Sadıqov deyir ki, İsrail-İran qarşıdurması başa çatdıqdan az sonra onun neft qiymətlərinə təsiri aradan qalxacaq və göstərici yenidən 65 dollar həddinə düşəcək.

Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, İran istəsə belə, Hörmüzü tam bağlaya bilməz: “Hörmüzün eni 54 kilometrdir, onun ancaq 27 kilometri İranın ərazi sularıdır. Yerdə qalan hissəsi BƏƏ və Omanındır, onların da hər birinin öz hərbi qüvvələri var, lazım gəlsə ərazi sularını qorumağa. Bundan başqa, orada iki nəqliyyat dəhlizi var - hər biri 3 km enində. Onlardan biri İranın, digəri isə Oman və BƏƏ-nin ərazisindədir. Yəni İran Hörmüzü tam bağlamaq üçün bu iki ölkəyə də müharibə elan etmiş olacaq ki, Tehranın buna getməsi mümkün deyil”.

Qeyd edək ki, neft ixracatçısı olan Azərbaycan üçün dünya bazar qiymətləri mühüm əhəmiyyət kəsb edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarında əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.  

Dünya SAKİT,
“Yeni Müsavat”

Избранный
44
17
musavat.com

10Источники