RU

İsraildən Azərbaycana gələn turistlərin sayı 2 qat artıb...


Ceyhun Aşurov: “Israildən gələn vətəndaşların əksəriyyəti Azərbaycanla bağlılığı olanlardır”

Gəlmə turizmi dövlətin rifahının artırılmasının mühüm mənbəyi olmaqla yanaşı, gəlirli və intensiv turizm növlərindən hesab olunur. Dünya ölkələri iqtisadiyyatlarının inkişafı üçün gəlmə turizminə daha çox diqqət yönəldirlər.

Son illər bizim ölkəmizə gələn turistlərin sayında artım olması da bu sahədə görülən işlərin hədəfə doğru irəliləməsindən xəbər verir. Xüsusən, bu ilin may ayında Azərbaycana 244 079 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur. Hesabat ayında Azərbaycana ən çox turist 62 809 nəfər olmaqla Rusiyadan gəlib. Bu da 1 il əvvələ nisbətən 9 % azdır. Maraqlı məqam ondan ibarətdir ki, ay ərzində İsraildən 6 452 nəfər turist gəlib. Bu isə ötən aylarla müqayisədə 98 faiz artım deməkdir.

“İsraildən Bakıya birbaşa uçuşun olması və qiymətin sərfəli olması turist sayına təsir edir”

Mövzu ilə bağlı fikir bildirən turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, cari ilin may ayında 244 min turist ölkəmizə səfər edib: “Etiraf edək ki, COVİD pandemiyasından sonra turizm bazarı hələ tam bərpa olunmayıb. Baxmayaraq, 2024-cu ildə turist gəlişi 26 faiz artıb. Mövcud şərait və regionda olan gərginlik, quru sərhədlərin bağlı olması statistikaya təsir edir. Lakin onu da qeyd etmək lazımdır ki, birbaşa uçuşların olması, ölkələrarası uçuşlar turist sayına təsir edir”.

Ekspert bildirdi ki, İsraildən gələn turistlərin sayı ildən-ilə artır: “2017-2019-cu illər ərzində İsraildən daha çox turist ölkəmizə səfər etmişdi. 2024-cu ildə bu ölkədən 29 minə yaxın turist gəlmişdi. Cari ildə də İsraildən gələn turistlərin sayının artacağı ehtimal edilirdi. Yaranmış müharibə şəraiti ilə əlaqədar olaraq həm İran, həm də İsraildən hava məkanı bağlı olduğu üçün uçuşlar tamamilə dayanıb. Israildən gələn vətəndaşların əksəriyyəti Azərbaycanla bağlılığı olanlardır. Nə vaxtsa Bakıda yaşayan İsrail vətəndaşları öz yaxınlarını ziyarət etmək üçün Bakıya gəlir. İsraildən Bakıya birbaşa uçuşun olması və qiymətin sərfəli olması turist sayına təsir edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan daim alternativ bazarları diqqətdə saxlamalıdır”.

Günel CƏLİLOVA

Избранный
33
baki-xeber.com

1Источники