RU

Fərhad Abdullayev: Qanunun aliliyini təmin etmədən hüquqi dövlətin formalaşdırılması qeyri-mümkündür

BAKI, 18 iyun. TELEQRAF

"Dövlətçilik və suverenlik amili müstəqil dövlətin mövcudluğunu və eyni zamanda gələcək inkişafını təmin edir".

Teleqraf xəbər verir ki, bunu"Konstitusiya və Suverenlik İli" və 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncamı xalqımızın müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin əhəmiyyətini vurğulayan mühüm bir addımdır. Respublikamızda “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi suverenlik və dövlətçilik prinsiplərinin tarixi əhəmiyyətini nəzərə alaraq, milli suverenliyin möhkəmləndirilməsi və Konstitusiyanın ali hüquqi statusunun bir daha ön plana çıxarılması baxımından olduqca vacib əhəmiyyət kəsb edir", - deyə F.Abdullayev əlavə edib.

Onun sözlərinə görə, hüquqi dövlətin əsas prinsiplərindən biri qanunların aliliyinin təmin edilməsidir.

"Qanunun aliliyi müasir hüquqi dövlətlərin inkişafının əsas göstəricilərindən biridir. Ölkədə qanunun aliliyini təmin etmədən hüquqi dövlətin formalaşdırılması qeyri-mümkündür. Vurğulanmalıdır ki, qanunun aliliyi məhz Konstitusiyanın aliliyi prizmasından dərk edilməlidir. Yalnız Konstitusiya müddəalarına söykənən qanun cəmiyyətdə perspektivlərə malikdir. Odur ki, hər bir qanunun effektivliyi onun Konstitusiyanın ruhuna uyğun olub-olmamasına birbaşa bağlıdır.

Bir məqama xüsusi olaraq diqqət yetirilməlidir - cəmiyyətdə insan hüquqlarının müdafiəsini təmin etmədən qanunun aliliyini təmin etmək mümkün deyil və əksinə, qanunun aliliyi effektiv şəkildə təmin olunmadan insan hüquqlarının müdafiəsinin təmin edilməsi mümkün olmur. Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsi mexanizmi ilə bilavasitə bağlıdır. Qanunun aliliyinin təmin edilməsi iqtisadi, sosial və mədəni hüquqların milli konstitusiyalarda, qanunlarda ehtiva edilməsinin vacib elementidir.

İstənilən sivil cəmiyyətdə insan hüquq və azadlıqlarının tanınması ilə yanaşı bu hüquq və azadlıqların təminatı mexanizmlərinin mövcudluğu olduqca mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, cəmiyyətin inkişafı məhz insanın, onun hüquq və azadlıqlarının ali dəyər olaraq qəbul edildiyi halda mümkündür",-deyə F.Abdullayev bildirib.

Избранный
12
teleqraf.com

1Источники