RU

İsrail–İran müharibəsində Bakının mövqeyi — İlahi ədalət Azərbaycanın yanıdadır

Artıq 5 gündür ki, İsrail-İran arasında baş verməsi gözlənilən bir hadisəyə – müharibəyə şahidlik etməkdəyik. Cənub qonşumuzun mühüm strateji obyektləri İsrailə məxsus qırıcılar, PUA-lar və digər uzaq mənzilli raketlərlə vurulur, generalları, nüvə alimləri dəqiq atəşlə sıradan çıxarılır. İran da öz növbəsində İsrailə saysız raket zərbələri endirir, PUA-larla hücum edir. Qanlı müharibədə üstünlüyün İsrail tərəfində olduğu aydın müşahidə edilir. Müasir və ölümcül hücum silahlarına malik olan Təl-Əviv özünün hava məkanını da “Dəmir gümbəz” və digər müdafiə sistemləri ilə maksimum qorumağa çalışır. Beynəlxalq hüquq Tehrandan yana olsa da, informasiya üstünlüyü və beynəlxalq dəstək İsrailin tərəfindədir.

Səbəb aydındır. İsrail ötən müddət ərzində siyasi-diplomatik müstəvidə böyük uğurlar əldə edib, dostlarının sayını xeyli artırıb, düşmənlərini  zəiflədib, parçalayıb, iqtisadi islahatlar həyata keçirərək inkişafa nail olub.

İran isə… Təəssüf ki, İsraili uğura aparan faktorları İran üçün deyə bilməyəcəyik. Öz siyasətini etnik dini ideologiya üzərində quran, xarici siyasətini də məhz buna uyğunlaşdıranİran bu gün müsəlman dünyasından birmənalı dəstək ala bilmir. Sözdə “müsəlman qardaşlığından” dəm vuran Cənub qonşumuz əməldə fərqli addımlar atıb.

Hazırda beynəlxalq şərait də İsrailin maraqlarına cavab verir.

İranın parçalanmasında, zəifləməsində maraqlı olan ABŞ İsraili birmənalı dəstəkləyir. İsrailin həm Qəzzaya, həm də İrana hücumunu pisləyən Avropa parçalanmış vəziyyətdədir, qəbul etdikləri qərarlarının kəsəri yoxdur. Beynəlxalq təşkilatların qətnamələrini adi kağız parçası sayan İsrail rəhbərliyinə qarşı ciddi təzyiqlərin olduğunu söyləyə bilmərik.
Başı Ukrayna ilə müharibəyə qarışan Rusiya müttəfiqi İranı müdafiə etmək gücündə deyil. Kreml bu ilin əvvəlində

İranla iyirmi illik geniş siyasi-hərbi tərəfdaşlıq müqaviləsi imzalamışdı. İsrailin ilk zərbələrindən sonra Tehranı ilk tərk edən elə rusiyalı diplomatlar oldu. Vladimir Putinin İrana dəstəyi “vasitəçilik etməyə hazırıq”dan o tərəfə getmədi. Halbuki İran Ukraynaya hücum edən Rusiyanın müharibənin ilk günlərində elə “Şahed” PUA-ları ilə təmin etmişdi. Həmin PUA-lar Ukraynada strateji obyektlərin vurulmasında və Rusiya qoşunlarının irəliləməsində çox böyük rol oynamışdı.

İrandan neft və qaz almaqla onu ABŞ və Avropanın sanksiyalarından qoruyan Hindistan, Çin kimi ölkələr də bu gün İsraili durduracaq gücdə deyil. Doğrudur, İsrail-İran müharibəsi bu gün Çini və Hindistanı narahat etməyə bilməz. Çünki İranın neft anbarları, boru kəmərləri vurularsa, Çin və Hindistanda neft qıtlığı yarana bilər. Maraqlıdır ki, Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olsa da, qurumun İsrail əleyhinə bəyanatına imza atmayıb. Yeni Dehli sadəcə olaraq müharibənin danışıqlar və diplomatik yolla həllinə çağırış edib. Hindistanın İsrailin əsas silah alıcılarından biri olduğunu nəzərə alsaq, Yeni Dehlinin ehtiyatlı mövqeyini başa düşmək olar.

Bu arada Türkiyə və Azərbaycanın İsrail-İran müharibəsində oynadığı mövqe maraqla izlənilir.

Qüvvətli ordusu, nəhəng iqtisadiyyatı və qədim dövlətçilik tarixi olan Türkiyə bölgədə çəkindirici güc mərkəzidir. Ankara Fələstin və onun bir hissəsi olan Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara görə hər zaman İsraili sərt qınayıb, amma heç vaxt ittihamlar hərbi gərginlik səviyyəsinə gəlib çatmayıb. Çox güman ki, İrana edilən hücumlar fonunda da ABŞ-nin müttəfiqləri olan İsrail və Türkiyə orduları qarşı-qarşıya gəlməyəcək. Həm də ona görə, İran qonşu olmasına baxmayaraq Türkiyəyə qarşı münasibətdə heç zaman səmimi və ədalətli olmayıb. Bölgədə Türkiyə əleyhinə olan qüvvələrlə daim əməkdaşlıq edib, bir sıra hallarda onlara köməklik göstərib, dəstək olub. Ankara İranın bu kimi cığallıqlarını, ikibaşlı addımlarını unutmayıb. İranın Türkiyənin də dəstəklədiyi Zəngəzur dəhlizinə qarşı çıxması isə, onun meydanda tam müdafiəsiz, tək qalmasını şərtləndirir.

Bəs Azərbaycan İsrail-İran müharibəsində hansı mövqeyi tutmalı, necə addım atmalıdır?

Azərbaycan-İran münasibətləri heç zaman hamar, rəvan olmayıb. Cənub qonşumuz tez-tez ölkəmizin daixili işlərinə qarışıb, buradakı tolerant dini mühiti pozmağa çalışıb, siyasi gərginliyin artmasında maraqlı olub. 44 günlük Vətən müharibəsində İranın din xadimləri, generalları haqq uğurunda mübarizəmizə kölgə salmaqla məğul idilər. Qarabağda Azərbaycan Ordusunun tərkibində guya Suriya və İraqdan gətirilmiş İŞİD-çilərin döyüşdüyünü iddia edirdilər, Ermənistana qahmar çıxırdılar. Bu gün həmin generalların və din xadimlərinin əksəriyyəti həyatda deyil. İsrail onların həyatına son qoyub. İsraillə münasibətləri yaxşı olmayan Ermənistan isə Tehranı müdafiə edəcək gücdə deyil.

Azərbaycanın isə İsraillə münasibətləri hər kəsə bəllidir. Ölkələrimiz arasında tarixi kökləri olar mədəni, iqtisadi və siyasi əlaqələr mövcuddur. Suverenliyimizin dəstəklənməsində və Qarabağ müharibəsində İsrailin Azərbaycana verdiyi dəstək münasibətlərimizi müəyyən edən əsas meyarlardır.

Bununla belə Azərbaycan İsrail–İran arasında baş verən müharibə fonunda çox ehtiyatlı davranır. Balanslı və neytral siyasət yürütməyə üstünlük verən rəsmi Bakı heç bir dövlətin tərəfini tutmur və müharibənin dərhal birməsində maraqlı olduğunu qətiyyətlə bildirir.

Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyəcəyini dəfələrlə bəyan edib. Regionda sabitliyi və təhlükəsizliyi qorumağa çalışan Azərbaycan generalların ölümü ilə bağlı İrana başsağlığı verib.  İran prezidenti Məsud Pezeşkian Azərbaycan, Kipr və İtaliyanı İsrailə təzyiq göstərməyə çağırıb. İran lideri Bakını tərəfləri  qarşılıqlı atəşkəsə təşviq etməyə çağırıb.

İran yaxşı başa düşür ki, Azərbaycan İsrail ilə yüksək münasibətlərindən istifadə edərək atəşkəsin əldə olunmasına töhfə verə bilər. Bakı Rusiya-Türkiyə, Türkiyə-İsrail münasibətlərindəki gərginliyin azaldılmasındavə ya aradan qaldırılmasında dəfələrlə uğurlu təşəbbüskarlığa nail olub. Maraqlıdır ki, Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab edən İranın bu gün Azərbaycana əşhədü-ehtiyacı yaranıb.

Azərbaycan xilaskarlıq missiyasını bu gün yüksək səviyyədə davam etdirir. Yerlə yeksan edilən İranda bombalar altında qalan insanlar üçün öz qapılarını açan ölkəmiz onlara həm sığınacaq verməyə hazırdır, həm də üçüncü ölkələrə keçidlərini təmin edir.

Təyyarələr Azərbaycanın üzərindən təhlükəsizlik şəraitində keçərək ünvanlarına çatırlar. Bu gün bu təyyarələr nə İrandan, nə də Rusiya ərazisindən keçə bilirlər.

Azərbaycan heç zaman imkanlarından böyük iddialar səsləndirməyib. Bakının iddiası ilə gücü və təsirləri üst-üstə düşüb. Cənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan lideri cənab İlham Əliyevin sözünün imzası qədər keçərlidir. Ermənistan və İran kimi ölkələrdən fərqli olaraq biz heç zaman ağlasığmaz ambissiyaları ortaya qoymamışıq. Azərbaycanın siyasəti milli maraqlara, beynəlxalq qanunlara söykənir.  

Bu gün İranda baş verənlər göstərir ki, təkcə beynəlxalq hüquqi ədalət deyil, İlahi ədalət də Azərbaycanın tərəfindədir. Başqa sözlə ifadə etsək, bu gün qonşuluğumuzda beynəlxalq hüquq pozulur, İlahi ədalət isə bərpa olunur…

Nahid Canbaxşalı
Избранный
5
5
demokrat.az

6Источники