RU

Elnur Bağırov: "Azərbaycanda dövlət satınalmalarının həcmi son 5 ildə 1,5 dəfə artıb"

Azərbaycanda dövlət satınalmalarının həcmi 2020-ci ildə 6,5 milyard manat olduğu halda, 2024-cü ildə bu rəqəm 9,8 milyard manata çatıb.

"Report" xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov “Yerli şirkətlərin tanıtım sərgisi”ndə bildirib.

Onun sözlərinə görə, bu, təxminən 1,5 dəfəlik artım deməkdir: “2024 ildə 2 000 dövlət satınalan təşkilat tərəfindən keçirilmiş 12 000-dən çox satınalmada 10 000-ə qədər təchizatçı iştirak edib. Agentlik olaraq biz hesab edirik ki, sağlam və açıq rəqabət mühiti iqtisadi artımın, istehlakçı məmnunluğunun və innovasiyaların əsas hərəkətverici qüvvəsidir. Bu səbəbdən də bazarda iştirakçıların çoxluğu, məhsul çeşidlərinin artması, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətlərin iqtisadi amillər əsasında formalaşması həm sahibkarlar, həm də istehlakçılar üçün faydalı nəticələr doğurur”.

O bildirib ki, həyata keçirilən tədbirlər çərçivəsində həm dövlət, həm də özəl sektorun davamlı inkişafı, yerli istehsal və daxili bazar potensialının artırılması stimullaşdırılır: “Bu isə dövlət satınalmalarında daha çox sayda yerli istehsalçı və təchizatçının proseslərə cəlb olunmasına imkan verir. Agentlik olaraq dövlət sifarişlərində iştirakçılığın genişləndirilməsi, bazara yeni daxil olan kiçik və orta sahibkarların da bu proseslərə bərabər şərtlərlə qoşulmasında maraqlıyıq. Bu məqsədlə dövlət satınalmalarında rəqabətliliyin gücləndirilməsi və bərabər imkanlar prinsipinin təmin olunması üçün tədbirlər həyata keçiririk. Bu, yalnız iqtisadi səmərəlilik deyil, həm də sosial inklüzivlik baxımından da önəmli addımdır".

E.Bağırov vurğulayıb ki, bu gün burada müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin məhsul və xidmətlərinin bir araya gətirilməsi yalnız istehsal və təchizat imkanlarının deyil, həm də iqtisadiyyatımızın rəqabət potensialının nümayişidir: “Belə tədbirlər, bir tərəfdən sahibkarlarımızın tanıdılmasına, digər tərəfdən isə ölkədə rəqabətli mühitin inkişafına təkan verir”.

Избранный
15
report.az

1Источники