RU

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarının qanuni sərhədləri

"Gündəlik həyatın ayrılmaz parçasına çevrilmiş taksi xidmətləri, təkcə rahat nəqliyyat vasitəsi deyil, eyni zamanda hüquqi münasibətlərin və ictimai təhlükəsizliyin bir hissəsidir. Şəhər küçələrinin hərəkətli mənzərəsində taksi avtomobilləri görünmədən bir metropol təsəvvür etmək çətindir. Lakin bu görünən sadə xidmətin arxasında ciddi hüquqi tənzimləmələr, lisenziyalaşdırma tələbləri və təhlükəsizlik standartları dayanır".
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas-ekspert Yunis Xəlilov deyib.
Hüquqşünasın sözlərinə görə, dünya ölkələri taksi fəaliyyətini ictimai nəqliyyatın mühüm forması kimi hüquqi çərçivəyə salaraq bu sahədə həm sərnişinlərin, həm də sürücülərin hüquq və vəzifələrini dəqiqliklə müəyyən ediblər:
"Məsələn, Böyük Britaniyada "Hackney carriage" və "private hire" taksiləri ayrılır və onların hər biri üçün ayrıca lisenziyalaşdırma rejimi mövcuddur. ABŞ-da, xüsusən də Nyu-York kimi şəhərlərdə sarı taksilər (yellow cabs) ciddi kvotalarla və hüquqi tələblərlə tənzimlənir.
Son illərdə rəqəmsal platformaların (Uber, Lyft, Bolt və s.) ortaya çıxması isə bu sahəyə yeni çağırışlar gətirib. Bir sıra ölkələr bu xidmətləri ənənəvi taksi sistemindən ayıraraq "rəqəmsal vasitəli sərnişin daşımaları" kateqoriyasına daxil ediblər və onlar üçün ayrıca hüquqi rejim müəyyən ediblər. Məsələn, Almaniyada
Uber yalnız sürücü lisenziyası olan şəxslərə icazə verir, Yaponiyada isə Uber yalnız taksi şirkətləri ilə əməkdaşlıq edə bilir".
 
Hüquqşünas vurğulayıb ki, ölkəmizdə taksi ilə sərnişin daşımalarının qaydaları "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
"Bu qanunun 1.0.18-ci maddəsinə əsasən taksi minik avtomobili dedikdə, xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi başa düşülür.
Həmin qanunun 20-ci maddəsinə görə isə taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.
Qanuna görə Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.
Qeyd edək ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarının xüsusiyyətlərinə gəlincə, bu məsələ “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur".
Избранный
11
moderator.az

1Источники