Azərbaycanın beynəlxalq axtarışa verdiyi milyarder Samvel Karapetyan Ermənistanda saxlanılıb. Bu həmin şəxsdir ki, Ermənistanın bütün internet, telekommunikasiya və enerji sektoruna nəzarət edir.
44 günlük müharibədən sonra, müharibədən məğlub çıxan Ermənistanın Rusiya ilə münasibətləri gərgin olan zamanlar Rusiyaya məxsus bütün şirkətlərlə bağlı problem yaranmışdı.
O zaman Rusiyanın “Rostelekom” operatoruna məxsus olan Ermənistanın əsas telekommunikasiya operatoru GNC Alfa şirkətinin də bütün səhmlərini məhz həmin bu Samvel Karapetyan 25 milyon dollara almışdı.
Samvel “Tashir” Holdinqin və Ermənistan Sahibkarlar Assosiasiyasının rəhbəridir.
“Ermənistan elektrik şəbəkəsi” də “Tashir” Holdinqə məxsusdur.
Ermənilərin nəhəng fiqurlarından biri, milyaderin adı “Forbes” və “Blomberg”in zəngin biznesmenlərlə bağlı siyahılarında da xüsusi yer tutur.
Samvel Karapetyan ötən günlər Paşinyanla ciddi konfliktdə olan Erməni Apostol Kilsəsini müdafiə edərək hakimiyyətin kilsəyə qarşı apardığı siyasəti tənqid etmişdi.
Rusiyanın siyasi və biznes elitasına yaxın olan bu şəxsin belə açıqlaması təsadüfi ola bilməzdi.
Görünür ki, Paşinyan da məhz bu çıxışından sonra ona məxsus olan Ermənistan Elektrik Şəbəkəsini yenidən milliləşdirəcəyini açıqlamışdı.
Bundan sonra isə Ermənistan polisi onun evində axtarış apararaq saxlayıb, hazırda ona cinayət işinin açılacağı gözlənilir.
Xatırladıram ki, Samvel Karapetyan 2021-ci ildə Qarabağdakı döyüş əməliyyatları dövründə silah, sursat və hərbi texnika qaçaqmalçılığı təşkil etmək ittihamı ilə Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.
Ermənistan müxalifəti də onu dəstəkləyir. Xatırlayıram ki, bir neçə il öncə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı həbsdən xilas etmək üçün həmin bu Samvel 4 milyon dollar girov qoymuşdu.
Zamanında Ermənistana və “qondarma resoublikaya” ən böyük investisiya yatıranlardan biri olub.
Beləliklə, Ermənistanın bütün telekommunikasiya, internet və enerji infrastrukturuna sahib olan, Azərbaycanın da axtarışa verdiyi Samvel Karapetyanın saxlanılması ciddi hadisədir.
Ümid edək ki, Karapetyan Azərbaycana ekstradisiya da olunar.