RU

Tehranda bunkerin hədəf alınması iddiası rəsmi təsdiq tapmayıb

BAKI, TurkicWorld

Dünən İranın dini lideri Ayətullah Əli Xameneinin yeraltı qərargahının İsrail tərəfindən hədəf alındığı iddia edilib.

TurkicWorld xəbər verir ki, bu iddia, Xameneinin altı günlük sükutdan sonra xalqa müraciət etdiyi günün axşamında İsrail mediası tərəfindən yayılıb.

İsrailin yüksəkçinli iranlı komandanlara və nüvə obyektlərinə hücumundan sonra diqqətlər Xameneiyə yönəlib. Rəsmi Tehran rəhbərinin harada olduğu ilə bağlı rəsmilər dəqiq məlumat verməsə də, “İsrail Hayom” qəzetinin məlumatına görə, İsrail qüvvələri Tehranın şimal-şərqindəki Lavizan məhəlləsində yerləşdiyi iddia edilən yeraltı qərargahı hədəf alıb.

İsrailin müdafiə naziri Yoav Katz hücumla bağlı açıqlamasında bildirib ki, İsrail Hərbi Hava Qüvvələri “İran diktatorunun zülmünün əsas mərkəzi olan” binanı hədəf alaraq dağıdıb. O, bu cür hücumların davam edəcəyini vurğulayıb.

İran Beynəlxalq Xəbər Agentliyi iki ayrı mənbəyə istinadla bildirib ki, Xamenei Lavizandakı yeraltı bunkerdə ailəsi ilə birlikdə ciddi təhlükəsizlik şəraitində gizlədilib. Oğlu Müctəbanın da onun yanında olduğu qeyd edilir. Economist Defense jurnalının redaktoru Şaşank Coşi Xameneinin təhlükəsizliyinə xüsusi önəm verildiyini və müntəzəm yer dəyişikliyi etdiyini qeyd edib.

Xatırladaq ki, Ayətullah Xamenei altı günlük sükutdan sonra televiziya vasitəsilə xalqa müraciət edərək İsrailin “böyük səhv” etdiyini bildirib. “İsrail bu hücumun cavabını alacaq. İran öz hava məkanının pozulmasını bağışlamayacaq.” - deyə o qeyd edib. O, ABŞ prezidenti Donald Trampın hədələrinə də toxunaraq qeyd edib ki, İran xalqı təhdid dilini qəbul etmir və təslim olmayacaq.

Xamenei Trampın “Xameneinin harada gizləndiyini bilirik” sözlərinə cavab olaraq “Əgər təhdid edəcəksinizsə, təhdidlərdən qorxan birini hədəf alın. İran xalqı bundan çəkinmir.” - deyə o qeyd edib.

Qeyd edək ki, hələlik bu hücumla bağlı nə İran, nə də beynəlxalq müstəqil mənbələrdən rəsmi təsdiq yoxdur.

Избранный
5
turkic.world

1Источники