RU

İsrail dövləti necə yaranıb? – FAKTLAR

Torpaqda yəhudi azlığı və ərəb çoxluğu, eləcə də digər kiçik etnik qruplar yaşayırdı.

Beynəlxalq ictimaiyyət Böyük Britaniyaya Fələstində yəhudi xalqı üçün “milli ev” yaratmaq tapşırığını verdikdə iki xalq arasında gərginlik daha da artdı.

Bu, 1917-ci il Balfour Bəyannaməsindən, o zamankı Xarici İşlər Naziri Artur Balfourun Britaniyanın yəhudi icmasına verdiyi vəddən irəli gəlirdi.

Bəyannamə Böyük Britaniyanın Fələstin üzərində mandatında təsbit edildi və 1922-ci ildə Birləşmiş Millətlər Təşkilatının sələfi olan, yeni yaradılmış Millətlər Liqası tərəfindən təsdiq edildi.

Yəhudilər üçün Fələstin onların ata-baba yurdu idi, lakin Fələstin ərəbləri də bu torpaqlara sahib olduqlarını iddia etdilər və bu hərəkətə qarşı çıxdılar.

1920-1940-cı illər arasında oraya gələn yəhudilərin sayı artdı, çoxları Avropadakı təqiblərdən, xüsusən İkinci Dünya Müharibəsində nasist Holokostundan qaçdı.

Həmin vaxtlar həm yəhudilərlə ərəblər arasında, həm də Britaniya hakimiyyətinə qarşı zorakılıq daha da artırdı.

1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi.

Bu plan yəhudi liderləri tərəfindən qəbul edilsə də, ərəblər buna razı olmadıqları üçün heç vaxt həyata keçirilmədi.

1948-ci ildə problemi həll edə bilməyən Britaniya geri çəkildi və yəhudi liderləri İsrail dövlətinin yaradıldığını elan etdilər.

Bu dövlət təqiblərdən qaçan yəhudilər üçün təhlükəsiz sığınacaq, həmçinin yəhudilər üçün milli vətən kimi xidmət etmək üçün nəzərdə tutulmuşdu.

Yəhudi və ərəb silahlıları arasında döyüşlər aylar keçdikcə şiddətlənirdi və İsrail dövlətçiliyini elan etdikdən bir gün sonra beş ərəb ölkəsi ona qarşı hücuma keçdi.

Yüz minlərlə fələstinli “Əl Nəkbə” və ya “Fəlakət” adlandırdıqları hadisədən qaçdı və ya evlərini tərk etmək məcburiyyətində qaldı.

Növbəti il döyüşlər atəşkəslə başa çatdıqda, İsrail ərazinin çox hissəsini nəzarətdə saxladı.

İordaniya İordan çayının Qərb sahili kimi tanınan əraziləri, Misir isə Qəzzanı işğal etdi.

Qüds qərbdə İsrail qüvvələri ilə şərqdə İordaniya qüvvələri arasında bölündü.

Tərəflər arasında heç vaxt sülh sazişi olmadığından sonrakı onilliklərdə daha çox müharibə və döyüşlər baş verdi.

1967-ci ildəki müharibədə İsrail Şərqi Qüdsü və İordan çayının qərb sahilini, həmçinin Suriyanın Qolan təpələrinin çoxunu, Qəzzanı və Misirin Sinay yarımadasını işğal etdi.

Həmin müharibədən qaçan fələstinli qaçqınların əksəriyyəti və onların nəsilləri Qəzzada və İordan çayının qərb sahilində, eləcə də qonşu İordaniya, Suriya və Livanda yaşayır.

Nə onlara, nə də onların nəslinə İsrail öz evlərinə qayıtmağa icazə verməyib – İsrail deyir ki, bu, ölkəni alt-üst edəcək və onun bir yəhudi dövləti kimi mövcudluğunu təhdid edəcək.

İsrail hələ də İordan çayının qərb sahilini işğalda saxlayır və bütün Qüdsü onun paytaxtı elan edir, fələstinlilər isə Şərqi Qüdsü gələcək üçün ümid edilən Fələstin dövlətinin paytaxtı kimi tanıyırlar. ABŞ bu şəhəri İsrailin paytaxtı kimi tanıyan bir neçə ölkədən biridir.

Son 50 ildə İsrail hazırda 700 mindən çox yəhudinin yaşadığı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə qəsəbələr salıb.

İsrail bunu rədd etsə də, yeni salınan qəsəbələrdə məskunlaşma beynəlxalq hüquqa görə qeyri-qanuni hesab olunur – bu, BMT Təhlükəsizlik Şurasının və Böyük Britaniya hökumətinin mövqeyidir.

Qəzza İsrail dövləti və Aralıq dənizi arasında yerləşən, Misirlə qısa cənub sərhədi olan dar bir torpaq zolağıdır.

Cəmi 41 km uzunluğunda və 10 km enində, iki milyondan çox əhalisi olan və Yer kürəsində ən sıx məskunlaşmanın olduğu ərazilərdən biridir.

1948-49-cu illər müharibəsindən sonra Qəzza 19 il Misirin işğalında olub.

İsrail 1967-ci il müharibəsində Qəzzanı işğal edib və 2005-ci ilə qədər orada qalıb, bu müddət ərzində yəhudi qəsəbələri tikib.

İsrail 2005-ci ildə qoşunlarını və məskunlaşdırdığı əhalini geri çəkib, baxmayaraq ki, o, hava məkanına, ortaq sərhədə və dəniz sahilə nəzarəti saxlayır. BMT hələ də buranı İsrailin işğal etdiyi əraziləri hesab edir.

Избранный
8
veteninfo.az

1Источники