Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabahinfo.az xəbər verir ki, gəldiyi sürətlə svetoforun qırmızı işığında yolu keçən minik avtomobili hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılaraq, qaydalara əməl edib piyada zolağından istifadə edən iki piyadadan birini vurub.
Digər piyada isə qəzadan son anda xilas ola bilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi baş verən bu kimi hadisələrlə bağlı sürücülərə müraciət edib: “Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bəzi sürücülər məsuliyyətsizlik edib bir neçə saniyə irəli düşməkdən ötrü başqalarının həyatını təhlükə altında qoyurlar.
Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, svetoforun qırmızı işığında dayanmaq - yalnız qanuni tələb yox, həm də insani məsuliyyətdir. Bu cür qayda pozuntusu piyada və digər sürücülərin həyatına son qoyur və ya onların xəsarət almaları ilə nəticələnir”.