RU

Can Azərbaycanın Türkiyədə izləri: Bankı-Ankara birliyi güclənir

Hikmət Babaoğlu: Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyəsi tarixdə Ərdoğan və İlham Əliyevim adı ilə xatırlanacaq
 
Tural İrfan: Azərbaycan və Türkiyə prezidentlərinin görüşü  birgə addımların atılması üçün zəruridir

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfər edib.
Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.
Qeyd edək ki, bu gün 16:30-da Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan məhəlləsi"nin açılışı keçiriləcək.
Bu barədə Rəcəb Tayyib Ərdoğan "X" hesabında paylaşım edib.
"Bu gün zəlzələ bölgəmizdə, Can Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi”ndəki mənzillər də daxil olmaqla, ümumilikdə 49 min 56 mənzil və iş yeri hüquq sahiblərinə təhvil verilir. Beləliklə, indiyədək təhvil verilən ümumi mənzil sayı 250 minə çatdırırıq",- paylaşımda deyilir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Azərbaycan və Türkiyə tarixi, təbii-strateji müttəfiqlər olmaqla bərabər, həm də bunu müasir hüquqi əsaslarda Şuşa Bəyannaməsi ilə rəsmiləşdirmiş iki dost, qardaş ölkədir:

"Azərbaycan hər zaman "bir millət iki dövlət" fəlsəfəsinə uyğun şəkildə qardaş Türkiyənin yanında yer alır. Türkiyə isə xalqımızın tarix qarşısında verdiyi ən çətin imtahanlar zamanı ölkəmizə dəstək göstərib. Ona görə də Türkiyədə zəlzələ baş verərkən Prezident İlham Əliyevin sərəncamı ilə Kahramanmaraşda 100 milyonluq bir layihə üzrə "Azərbaycan məhəlləsi"nin inşasına start verdi. Yaxın günlərdə isə onun açılış mərasimi olacaq. Rəcəb Tayyib Ərdoğanın məhz bu münasibətlə paylaşım etməsi bir daha iki ölkə arasındakı dostluğa olan dəyərinin göstəricisidir. Həmçinin Türkiyə Prezidentinin fikirləri Azərbaycana minnətdarlığının nümayişidir. Hazırkı Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyəsi tarixdə iki böyük liderin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevim adı ilə xatırlanacaq".

Politoloq Tural İrfan isə qeyd edib ki, bu səfər çərçivəsində Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulub:

"Azərbaycanla Türkiyə liderləri təbiidir ki, mütəmadi olaraq əlaqə saxlayırlar, tez - tez görüşürlər. Dost və qardaş iki ölkə olaraq həm xalqlarımız həm də dövlətlərimiz həddən artıq sıx bağlarla bir-birinə bağlıdır, yaxındır, iç-içədir. Son günlərdə regionda artan gərginlik, əsasən İran - İsrail müharibəsinin yaratdığı narahatlıq və ölkələrimizi maraqlandıran digər məsələlər şübhəsiz ki, bu görüşdə müzakirə edilə bilər. Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsinə aparan proseslərin gedişatı, iqtisadi və digər əlaqələr barədə fikir mübadiləsinin olması da labüddür. İsrail - İran arasındakı müharibənin bölgəyə təsirləri hazırda müzakirə obyekti olacaq reallıqlardır. Azərbaycan İsraillə münasibətləri zəminində Türkiyə ilə aralarındakı gərginliyin normallaşması üçün effektli vasitəçilik edib".

Politoloqun sözlərinə görə, səfər çərçivəsində də İran-İsrail münaqişəsinin həlli üçün münasibətlər nəzərdən keçirilə bilər:
"Türkiyənin bu müharibəyə açıq qoşulma ehtimalı da narahatedici məqamdır. Müharibənin ətrafa sıçrama ehtimalı haqda da bəzən mülahizələr irəli sürülür. Belə olarsa hansı addımlar atılmalıdır və yaxud ölkələrimizin mövqeyi nə cürə olmalıdır, kimi suallar, mövzular təbii ki, müzakirə olunası mövzulardır.
Hazırki durumda Azərbaycan və Türkiyə prezidentlərinin görüşünü müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu qarşıya çıxacaq məsələlərin həllində birgə addımların atılması üçün çox zəruridir. Görüşün ümumikdə faYdalı olacağını düşünürəm".
Избранный
16
sherg.az

1Источники