RU

“Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”-İllər sonra həmin səhnədən danışdı-ÖZƏL+FOTO

“Bir vaxtlar var idi ki, məni filmə çox dəvət edirdilər. O vaxt çalışdığım “Azərbaycanfilm” kinostudiyasında mənə deyirdilər ki, hər rola çəkilmə, seçim et. Mən də qulaq asıb çəkilmirdim. Bir neçə filmdən imtina etmişdim. Çəkilsəydim bəlkə də tarixdə qalacaqdım. Amma deməyəcəm hansı filmlərdir. Çünki sonradan başqa aktrisalar çəkildi və çox da gözəl alındı”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib. O fasilədən sonra Cəmil Quliyevin rejissoru olduğu “Şirbalanın məhəbbəti” filmində çəkildiyini bildirib:
 
“Cəmil Quliyev “Şirbalanın məhəbbəti” filminə məni dəvət edəndə ssenarini oxudum və Nazlı rolunu bəyənib, çəkilməyə razılıq verdim. Peşman deyiləm. Bu filmin mən televiziya tamaşasını da izləmişdim. Film çəkilib qurtardı, ekranlara çıxandan sonra o vaxt bizim köhnə evimiz Nəsimi bazarının yanında idi. Bazara gedib nəsə alanda bir göyərti satan xanım var idi. Həmişə mənə deyirdi ki, Nazlı, salam! Düşünürdüm ki, yəqin məni kimləsə səhv salıb. Deyirdim ki, mən Nazlı deyiləm, Həmidəyəm. Deyirdi ki, sən bizim üçün Nazlısan! O mənə filmdəki adımla müraciət edirdi. Demək ki, rolum tamaşaçıların xoşuna gəlmişdi” deyə sənətkar bildirib.
O daha sonra həmin filmin kadrarxası məqamlarından danışıb:
 
“Çəkiliş müddətində Hacıbaba Bağırovun sənətinə həddindən artıq ciddi münasibətini gördüm. Onun oyunu içdən gəlirdi. İşini o qədər sevirdi ki.. Təsəvvür edin, İçərişəhərdə o mahnı oxuma səhnəsini çəkirdik. Gün onu yandırmışdı. Pilləkənləri çıxıb-düşür, oynamalıdır, rəqs etməlidir. Bir dəfə nəsə musiqi səhv getdi, bir dəfə düz oynamadılar. Dəsmalını götürüb, tərini silib, çəkilişə başlayırdı. Təngənəfəs olurdu, amma “mator” sözünü eşidən kimi yüksək əhval-ruhiyyədə hazır olurdu. Ssenaridə oxumuşdum ki, gülləri götürüb onun üzünə çırpıram. Həmin səhnəni çəkməyə hazırlaşanda həyəcanlandım. Cəmil dedi ki, gülləri çırpmalısan onun üzünə. Dedim ki, mən o yaşda kişinin üzünə necə gülü çırpım? Dedi ki, sən aktrisasan, çırparsan, yaxşı? Dedim ki, yaxşı. Sonra xəbərdarlıq edib dedi ki, gülümüz bir dənədir aaa (gülür). Mən fikirləşirəm ki, yenə də alınmadı. Çünki gülləri ürəkdən çırpmadım. Düzdür, tamaşaçıları inandırdım, amma rejissorun tələb etdiyi kimi oynaya bilmədim. Hacıbaba Bağırov çox diqqətli insan idi. Fərqi yoxdur, nəinki bizə qarşı, filmin asistentinə, köməkçiyə qarşı da qayğıkeş davranırdı. Kimisə kədərli, fikirli görsəydi elə bir söz axtarırdı ki, onun könlünü alsın. Biz o diqqəti Hacıbaba müəllimdən görmüşdük” deyə sənətkar bildirib.
Избранный
27
moderator.az

1Источники