RU

"Yüksək zəkalı insanların 7 vərdişi: Özünüzü bu siyahıda görürsünüzmü?" - psixoloqlar açıqlayıb

"Həqiqi zəka təkcə ağılla deyil, həm də təvazökarlıq, maraq və daim öyrənmək istəyi ilə ölçülür..."
 
Zəka təkcə riyaziyyat nümunələrini tez həll etmək və ya ensiklopedik biliklərə sahib olmaqla ölçülmür. Psixoloqlar və neyrobioloqlar sübut edib ki, yüksək intellekt tez-tez davranışlarımızda və vərdişlərimizdə gizlənir.
 
Moderator.az xəbər verir ki, bu barədə "life.ru" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, üstəlik bu xüsusiyyətlər ətrafdakılar üçün bəzən anlaşılmaz və hətta mənfi görünə bilər. Amma əslində bu "qəribəliklər" sizin fərqliliyinizin və intellektual dərinliyinizin sübutu ola bilər.
 
Gəlin baxaq, bu 7 vərdiş sizdə də varmı?
 
1. İşləri təxirə salmaq - tənbəllik yox, düşüncə strategiyasıdır
 
Ənənəvi yanaşmaya görə, prokrastinasiya, yəni işləri təxirə salmaq pis vərdişdir. Amma araşdırmalar göstərir ki, yüksək intellektli insanlar bunu daha çox edirlər. Səbəbi sadədir: onların beyni daim müxtəlif yolları müqayisə edir, ən səmərəli üsulu axtarır. Əksəriyyət dərhal hərəkətə keçsə də, ağıllı insanlar işi daha dərindən düşünmək üçün "fasilə" verirlər. Bu, sadəcə vaxt itirmək deyil, nəticəni yaxşılaşdırmaq üçün bir planlama mərhələsidir.
 
2. Təkliyə üstünlük vermək - daxili zənginlik əlamətidir
 
Sosiallaşma istəyi aşağı olan insanlar tez-tez tənqid olunur. Amma yüksək zəka çox vaxt introversiya ilə qoşalaşır. Belə insanlar səs-küylü yığıncaqlardan çox, öz dünyalarına çəkilib kitab oxumağı, düşünməyi və ya ideya yaratmağı üstün tuturlar. Onlar səthi söhbətlərdən tez yorulur, əvəzində dərin və mənalı dialoqlara üstünlük verirlər. Keyfiyyətli ünsiyyət onlar üçün kəmiyyətə qalib gəlir.
 
3. Daimi şübhə və öz-özünü sorğulamaq  həqiqi zəkanın göstəricisidir
 
Bir paradoks: nə qədər çox bilsəniz, bir o qədər çox bilmədiyinizi anlayırsınız. Ağıllı insanlar öz biliklərinin sərhədini dərk edir və bu, onları daha ehtiyatlı və təvazökar edir. Onlar "bilmirəm" deməkdən çəkinmir, fikirlərini dəyişməyə və səhvlərini etiraf etməyə hazırdırlar. Əksinə, zəka səviyyəsi aşağı olanlar özlərini daha tez-tez haqlı hesab edir və nadir hallarda sual verirlər.
 
4. Öz-özünə danışmaq düşüncəni sistemləşdirməyin yoludur
 
Əgər siz tez-tez özünüzlə danışır və fikirlərinizi səsləndirirsinizsə, bu, qəribəlik deyil, beyin fəaliyyətinin intensivliyini göstərir. Bu vərdiş düşüncələri strukturlaşdırmaq, problemləri analiz etmək və hətta yadda saxlamaq baxımından çox effektiv üsuldur. Bir çox məşhur alim və ixtiraçının da bu vərdişə sahib olduğu tarixdən məlumdur.
 
5. Bədbəxtlik yox, beyin fəaliyyəti: yuxusuz gecələr
 
Yüksək intellektli insanlar bəzən gecələr yata bilmirlər beynin "sönməməsi" buna səbəb olur. Onlar keçmişi təhlil edir, gələcəyi planlayır, ideyalar yaradır və bu proses onları gec saatlarda aktiv saxlayır. Belə insanlar tez-tez "gecə quşu" olurlar. Tədqiqatlar göstərir ki, axşam saatlarında işləyən insanların IQ səviyyəsi ortalamadan yüksək olur. Ancaq bu, yuxu rejiminin pozulmaması ilə balanslaşdırılmalıdır, çünki xroniki yuxusuzluq zəka üçün təhlükədir.
 
6. Qara yumora və sarkazma sevgi incə idrakın əlamətidir
 
Qara və sarkastik yumoru başa düşmək üçün yüksək səviyyədə məntiq, kontekst analizi və assosiasiya qabiliyyəti lazımdır. Bu cür zarafatlar daha çox ağıllı insanlara xitab edir. Onlar bu yumorla həm streslə mübarizə aparır, həm də hadisələrə fərqli bucaqdan baxırlar. Ətrafdakılar üçün anlaşılmaz olsa da, bu zövq onların dünyagörüşünün ayrılmaz hissəsidir.
 
7. Hər şeyə sual vermək marağın və tənqidi təfəkkürün təzahürüdür
 
Ağıllı insanlar informasiyanı sadəcə qəbul etmir, onlar onu yoxlayır, analiz edir və təhlil edirlər. "Niyə belədir?", "bəlkə əksinədir?", "haradan bilirik ki, bu doğrudur?" kimi suallar onların həyat tərzinə çevrilib. Bu yanaşma çoxlarını narahat edə bilər, amma məhz belə insanlar elmin və texnoloji irəliləyişlərin əsasını qoyurlar.
 
Zəka və fərqlilik: Özünüzü tanıyın və dəyərinizi bilin
 
Bu vərdişlərin hər biri yüksək intellektin göstəricisi ola bilər, lakin onların olmaması sizi daha az ağıllı etmir. Zəka müxtəlif formalarda özünü göstərir. Kimisi ekstravertdir, kimisi çox danışmağı sevir, kimisi isə daim suallar verir - hər biri özünəməxsusdur.
 
Əgər bu xüsusiyyətlərin bir neçəsi sizdə varsa, bəlkə də özünüzə daha fərqli baxmağın vaxtıdır. Qəribə sayılan vərdişləriniz əslində zəkanızın ən parlaq tərəfi ola bilər. Dünyaya fərqli baxan, düşünən və cəsarətlə sual verən insanlar cəmiyyətin inkişaf motorudur. Unutmayın: Həqiqi zəka təkcə ağılla deyil, həm də təvazökarlıq, maraq və daim öyrənmək istəyi ilə ölçülür.
Избранный
19
moderator.az

1Источники