ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Akif Aşırlı,
Əməkdar jurnalist
Azərbaycan milli mətbuat tarixində izi,
cığırı olan və hər bir çətinliyi, iqtisadi imkansızlığı gözaltına alıb nəşrlər
yaradan, bu günümüzə dəyərli publisistik irs qoyub gedən xeyli sayda mətbuat
xadimimiz var. Bu tarixi şəxsiyyətlərin, anadilli yazılı abidələrimizin bünövrəsini
qoyan bu şəxsiyyətlərin bir qisminin həyatı və fəaliyyətinə işıq salınıb, bu
sıradan bəxti gətirməyən örnəklər də var.
Ünsizadə qardaşlarının Həsən bəy Zərdabidən
sonra anadilli mətbuat inşasını davam etdirmələri, Tiflisdə "Ziya"
("Ziyayi-Qafqaziyyə), "Kəşkül" adlı mətbu nümunələri
yaratmaları, ilk özəl mətbəəni qurmaları sadəcə adi quru tarixi fakt deyil.
Milli fikir, düşüncə həyatına öz silinməz izlərini qoyan Ünsizadələrin yaradıb
bizə əmanət qoyduqları irs hələ kifayət qədər tədqiq olunmayıb və dövrün arxiv
sənədləri ortaya qoyulmayıb. "Ziya" ("Ziyayi-Qafqaziyyə")
yaradıcısı, Şamaxı üləmalarından ruhani-maarifçi Səid əfəndi Ünsizadə, "Kəşkül"ün
sahibi Cəlal əfəndinin fəaliyyətinə, mətbu irsinə nəzər yetirilsə də, bu ailəyə
mənsub, "Ünsizadə qardaşları"nın sonbeşiyi Kamal Ünsizadə barədə
ortada sistemli bir yazı, tədqiqat yoxdur. Professor Vilayət Quliyevin təbirincə,
Azərbaycan adı ilə ilk dəfə qəzet nəşr etmək istəyən Kamal Ünsizadənin təkcə bu
missiyasına, göstərdiyi fədakarlığa görə adı yaşadılmalı, mətbu irsi öyrənilməlidir.
Kamal Ünsizadə 1857-ci ildə Şamaxıda Əbdülrəhman
əfəndinin ailəsində göz açıb. İlk təhsilini ailə çevrəsində alan K.Ünsizadə
özündən yaşca böyük olan qardaşlarının yolunu davam etdirib. Kamal əfəndinin
dünya görüşünün formalaşmasında, elmə, təhsilə maraq göstərməsində böyük
qardaşı Bağdadda ali dini ruhani təhsili alan Səid əfəndi Ünsizadənin böyük təsiri
olub. K.Ünsizadə ana dili ilə yanaşı fars, rus və ərəb dillərini də mənimsəyib.
S.Ünsizadənin Tiflisə köçüb Qafqaz Ruhani
İdarəsində çalışdığı müddətdə "Ziya"nı yaratmasında, ilk mətbəənin təşkilində
ailə üzvləri kimi Kamal əfəndi də yaxından iştirak edib. Redaksiyada yazı işlərinin
qaydaya salınmasında müəyyən bilik və təcrübə toplayan Kamal əfəndi qardaşı Cəlal
Ünsizadə ilə birlikdə "Kəşkül" qəzetinin fəaliyyətində yaxından
iştirak edir, mətbəəçilik işinin sirlərini öyrənib, təcrübəsini artırır.
1884-1891-ci ilə qədər fəaliyyət göstərən
"Kəşkül" qəzeti jurnalistika tarixində xüsusi bir mərhələdir. "Kəşkül"
mətbəəsinin müdiri kimi çalışan, kitab, qəzet və risalə çap etməklə xalqa xidməti
bu yolda görən K.Ünsizadənin ən böyük arzularından biri Tiflisdə müstəqil mətbəə
yaratmaq olub. Qardaşı Cəlalla birgə uzun axtarış və hazırlıqdan sonra 1882-ci
ildə bu istəyi reallaşıb. Yerli idarəetmə qurumlarının rəsmi icazəsini aldıqdan
sonra Tiflis Polis idarəsinin mətbəəsini satın alıb və "Kəşkül" mətbəəsinə
çevirirlər. Mətbəə hazır vəziyyətə gətirildikdən sonra qardaşlar 1883-cü ildən
etibarən "Kəşkül"ün çapına başlayır.

Klassik mətbuat ənənələrində qəzet və dərgilərin
abunə və satışını tənzimləyən, bu sahəyə məsul olanlar redaksiyaların daxilində
müvəkkillik strukturunda çalışırdılar. Mətbu nəşrlərin maliyyə imkanları müvəkkillərin
fəaliyyəti ilə sıx bağlı idi. K.Ünsizadə də qardaşı Cəlal əfəndi Ünsizadənin
çıxardığı "Kəşkül"ün dayanıqlı maliyyə təminatı üçün bir müddət
"Kəşkül"ün Bakı müvəkkili kimi fəaliyyət göstərir, bu işlə yanaşı qəzetin
yaradıcılıq işlərinə də köməkliyini əsirgəmir. 1888-ci ildən "Kəşkül"ün
əməkdaşı olaraq redaksiyanın yaradıcılıq işlərində də fəallıq göstərir. Mətbəəçiliyin
sirlərini öyrənən, qəzetlərin maliyyə və yaradıcılıq işlərinin içərisində təcrübə
qazanan K.Ünsizadə "Kəşkül" bağlandıqdan sonra da yeni nəşrlər
yaratmaq istəyində olur və uzun illər bu yolda mücadilə aparmalı olur.
K.Ünsizadə 1891-ci ildə
"Kəşkül" bağlandıqdan sonra qardaşı Cəlal əfəndi ilə birgə "Azərbaycan"
adında qəzet çıxarmaq üçün Qafqaz Canişinliyi Baş Mətbuat İdarəsinə müraciət
edir. Azərbaycan mətbuatı tarixində ilk dəfə "Azərbaycan" adında qəzet
çıxarmaq niyyəti rəsmi strukturlara Kamal əfəndi tərəfindən izah olunur. Qafqaz
Canişinliyi Baş Mətbuat İdarəsinə müraciətində K.Ünsizadə "Azərbaycan"ın
13 istiqamətdə, müxtəlif rubrikalar altında yazılar çap edəcəyini, nəşrinə izn
verilərsə, qəzetin məzmunu ətrafında fikirlərini açıqlayır: "Azərbaycan"ın
ilk bölməsi "Daxiliyyə" adlanır ki, bu rubrika altındakı yazılarda Cənubi
Qafqazın azərbaycanlılar yaşayan bölgələrində müsəlman əhalinin təhsili, ticarət
və kənd təsərrüfatı həyatı ilə bağlı məlumatların çapı nəzərdə tutulurdu. İkinci bölüm Rusiyanın müxtəlif bölgə və əyalətlərindən
gələn teleqraf xəbərlərinin oxuculara çatdırılmasını, üçüncü bölmədə dövlətin rəsmi
siyasəti, əmr və sərəncamların əksi qərarlaşdırılırdı. Beşinci bölmədə müxtəlif
xalqların adət-ənənələri, folkloru barədə yazıların işıq üzü görməsi, altıncı
bölmədə tənqid və mətbuat mövzusu, yeddinci bölmədə təhsil məsələləri, səkkizinci
bölmədə tibbi maarifçilik işinin aparılması, doqquzuncu bölmədə bədii ədəbiyyat,
onuncu bölmədə fərqli mövzularda yazılar, məqalələr, araşdırmalar oxuculara təqdim
olunmalı idi. Rus dilinin öyrənilməsi, müsəlman və türk təqvimləri barədə məlumatlar,
nəqliyyat yenilikləri də "Azərbaycan"ın məzmununu zənginləşdirmək,
maraqlılıq və əhatəliyini artırmaq üçün nəzərdə tutulurdu. K.Ünsizadə "Azərbaycan"ın
məzmununa əvvəlki nəşrlərdən fərqli və maraqlı rubrikalar əlavə etmək istəsə də,
bir çox rubrikalar "Ziya"da və "Kəşkül"də olduğu formada
qalırdı. Lakin "Azərbaycan" adında nəzərdə tutulan, proqram və məzmunu
aydın olan bu nəşrə çap senzurası imkan vermədi.
Yeni qəzet yaratmaq istəyində olan K.Ünsizadə
1896-cı ildə "Letuçi listok" ("Uçan yarpaq") adlı bir
jurnal yaratmaq arzusunu dilə gətirir. Bu nəşrin çapına icazə almaq üçün maliyyə
müşaviri Georgi Kilimovskini özünə şərik edir. Amma bu müraciətinə də
"yox" cavabı alır. bu dəfə də Kamal əfəndi mübarizəsini davam etdirərək
Georgi Klimovski ilə birgə "Daniş" adlı qəzet çapı üçün Baş Mətbuat
İdarəsinə təkrarən müraciət edir. Əsarətində olan xalqların, xüsusən müsəlmanların
ana dilində mətbuat yaratmalarını təhlükəli addım olduğunu gizli yazışmalarda
qeyd edənlər bölgədə ruslaşdırma, özgələşdirmə siyasətini davam etdirir.
"Azərbaycan", "Letuçi
listok" ("Uçan yarpaq") və "Daniş" adlı qəzetlərin çapına
icazə ala bilməyən K.Ünsizadənin yeni mətbuat orqanı təsis etməsi arzusu
1905-ci il inqilabından sonra reallaşır. Əsarətində olan xalqlara qismən fikir,
özünüifadə azadlığı tanıyan Çar Rusiyası yeni nəşrlərin çapına loyal yanaşır.
Yeni nəşrlərin çapına əngəllər
törədən Qafqazdakı çar-üsul idarəsinin inadını sındıra bilən C.Ünsizadə "Məhzər"in
çapına 1907-ci ilin 31 martında icazə alır.
Kitab və qəzet nəşri
ticarəti sahəsində təcrübəli olan Kamal əfəndi "Məhzər"i məzmununun əhatəli
olması, oxucuların diqqətini çəkən və maraq oyadan bir nəşr olaraq nəzərdə
tutsa da, planlaşdırdığı missiyanı tam, keyfiyyətli yerinə yetirə bilmir. Əsasən
ədəbi qəzet olaraq fəaliyyətə başlayacaq "Məhzər"in redaksiyasında 16
şöbənin təşkili nəzərdə tutulurdu. Amma hadisələrin dinamik inkişafı, yeni qəzetlərin,
dərgilərin nəşri və rəqabət mühiti "Məhzər"in imkanlarını məhdudlaşdırırdı.
"Məhzər"in
ilk sayı Tiflisdə 1908-ci ilin martın 25-də çıxır. Amma qəzet dövrülüyünü
qoruya bilmir. Liberal, əsasən də ruhani zümrənin maraqlarına hesablanan
"Məhzər"in 1908-ci ildə 8, 1909-cu ildə isə 13 nömrəsi işıq üzü
görür. 1917-ci ilə qədər fəaliyyət göstərən bu qəzetin 9 illik dövründə cəmi 31
sayının çapı mümkün olub.
"Məhzər"in səhifələrində əsasən
ardıcıl çıxış edən müəlliflərdən biri Təhmasib Qarabağlı idi, müəllif qəzetin
1909-cu ildə çıxan bir neçə sayında Lev Tolstoyun "Allah həqiqəti görür,
amma tez aşkar etməyir" əsərinin tərcüməsini dərc edib.
Verilən məlumatlara və "Məhzər"in
çap tarixinə əsasən demək olar ki, K.Ünsizadə 1917-ci ilə qədər Tiflisdə
yaşayıb. Bu dövr Tiflis Qafqazın siyasi mərkəzi və gərgin hərbi-siyasi vəziyyətin
episentri idi. Zaqafqaziya Seyminin dağılması, 1918-ci ilin mayın 26-da gürcülərin
seymdən çıxaraq müstəqilliyini elan etməsinin arxasınca Milli Müsəlman Şurası
Azərbaycan Xalq Cümhuriyyətini elan etdi və 1918-ci ilin iyunun 16-dək Tiflisdə
dövlət quruculuğu prosesinin ilk mərhələsinə başladı. Şübhəsiz ki, K.Ünsizadə fəal
naşir, mühərrir, mətbəə sahibi kimi ictimai-siyasi proseslərdən kənarda qala
bilməzdi.
1918-ci ilin iyunun 4-də Azərbaycan Xalq
Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında əməkdaşlıq sazişinin imzalanması,
Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi bölgədə yeni hərbi-siyasi vəziyyət
yaratdı. K.Ünsizadənin qardaşı Cəlal əfəndi Ünsizadə Azərbaycan Cümhuriyyətindəki
mövcud vəziyyəti öyrənmək üçün Türkiyə nümayəndə heyətinin tərkibində Gəncəyə gəldi.
Təbii ki, K.Ünsizadə 1890-cü illərdə İstanbula mühacirət edən qardaşı C.Ünsizadə
ilə qısa zamanda birgə fəaliyyət göstərdiyi, Qafqaz İslam Ordusuna mənəvi dəstək
verdiyi də istisna olunmur.
Azərbaycan Xalq Cümhuriyyəti iyun ayının
16-da Tiflisdən Gəncəyə köçəndən sonra xalqa ünvanlanan müraciətləri, hökumətin
qəbul etdiyi qərarları və ən əsası da yeni siyasi şəraitə uyğun mətbuat orqanı
yaratmağı planlaşdırdı. Çap maşınları, hürufat və mətbəə imkansızlığı Azərbaycanın
gənc milli hökumətinə bu planı gerçəkləşdirmək imkanı vermirdi.
Mətbəə işinin təşkilini
əsas vəzifə olaraq diqqətə alan milli hökumət və Qafqaz İslam Ordusu
komandanlığı Tiflisdə vaxtilə fəaliyyət göstərən, anadilli qəzetləri nəşr edən
bir sıra mətbəələrin Gəncəyə gətirilib qurulması qərarına gəldilər. Mərkəzi
Tarix Arxivinin 894-cü fondunda saxlanılan milli hökumət qərarlarından bəlli
olur ki, Tiflisdə Kamal əfəndi Ünsizadəyə məxsus olan mətbəənin qiymətləndirilməsi
və vəsait sahibinə ödənildikdən sonra Gəncəyə gətirilməsi barədə qərar qəbul
olunur. Azərbaycan Cümhuriyyətinin bu səyləri nəticəsində Gəncə quberniyası mətbəəsində
Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın xalqa müraciətləri, hərbi bəyannamələri
çap olunur, əhali arasında yayılırdı.
1918-ci ilin iyunun
17-də Fətəli xan Xoyski tərəfindən təşkil edilən 2-ci hökumət kabinetində, Müsəlman
Milli Şurası nəzdində qaçqınlar şöbəsi əsasında Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi
və Himayədarlıq Nazirliyi yaradılır. Bu nazirliyə Azərbaycanın ilk ali təhsilli
cərrahı Xudadat bəy Rəfibəyli rəhbərlik edir. Əldə olunan arxiv sənədlərinə əsasən
demək olar ki, həmin dövrdə Gəncədə olan Kamal Ünsizadə bu nazirliyin himayədarlıq
şöbəsində çalışıb. Bu şöbə Azərbaycana köç etmək məcburiyyətində qalan
qaçqınlara yardımların təşkili üçün yaradılıb və fəaliyyət göstərib.
1918-ci ilin
sentyabrından sonra Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq
Nazirliyi əsasında iki nazirlik - Xalq Səhiyyə Nazirliyi və Himayədarlıq və
Dini Etiqad Nazirliyi yaradılır. 1919-cu ildə hökumət bu qurumlarda struktur dəyişikliyi
aparır, Kamal Ünsizadə Gəncə quberniyasında qaçqınların işi üzrə inspektor təyin
edilir. Bu tarixdən sonra K.Ünsizadənin taleyi ilə bağlı məlumatların arası kəsilir.
Təəssüf ki, K.Ünsizadənin
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra həyat və fəaliyyətinə işıq tutacaq
hər hansı bir məlumatlar əldə olunmayıb. İnanırıq ki, Azərbaycan mətbuatının
Ünsizadə qardaşlarının sonuncusu K.Ünsizadənin taleyinə gələcək tədqiqatçıların
arxivlərdən əldə etdiyi sənədlərlə aydınlıq gətiriləcək.
P,S, Məqalə Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi
ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işığında 150 il"
layihəsi çərçivəsində hazırlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.