RU

Bakı-Qazax-Bakı qatarının bilet qiyməti: yanlış MÜQAYİSƏ

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən müasir komfortlu qatarlarında biletlərin qiymətləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi KİV-lərdə biletlərin həddindən artıq baha olması qeyd edilir. Qurumun yaydığı məlumatda isə dinamik qiymət sisteminə keçdikləri və buna əsasən, bilet qiymətlərinin tələbdən asılı olaraq dəyişdiyi qeyd edilib.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov xəttə komfortlu qatarların buraxıldığını və sərnişinlərin yaradılmış şəraitdən məmnun olduqlarını bildirib:

“Bakı-Qazax-Bakı marşurutu ilə hərəkət edən qatarların biletin neçəyə olduğundan məlumatlı deyiləm. Çünki biz o istiqamətdə dəmir yolu xidmətlərindən istifadə etməmişik. Amma deyə bilərəm ki, xəttə komfortlu qatarlar buraxılıb və sərnişinlər də yaradılmış şəraitdən məmnundurlar”.

Parlamentari qeyd edib ki, komfortun öz qiyməti olmalıdır:

“Qiymətə gəldikdə isə müvafiq qurum özünün xərclərini hesablayaraq biletin dəyərini formalaşdırır. Təbii ki, komfortun da öz qiyməti olmalıdır.  Məndə olan məlumata görə, bu istiqamətdə qatarlara qabaqcadan bilet alınmasa, yer tapmaq çətin olur. Bunu da qatarla hərəkətə marağın artmasının göstəricisi hesab edirəm. Həm də məmnunluq var ki, maraq da artır”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev vurğulayıb ki, daha əlçatan bilet axtarırıqsa, biznes sinfinin dərdini çəkməməliyik:

“Azərbaycan Dəmir Yolları 2024-cü ildən dinamik tarif siyasətinə keçib. Yəni siz öncədən bileti əldə etmək istəsəniz, o daha ucuza başa gələcək. Məlumdur ki, bayramlarda,eləcə də şənbə və bazar günlərində tələb daha çox olur və qiymət artımı gözləniləndir. Yeni qatarların fərqli siniflər üzrə 189 yeri mövcuddur. Burada 9 yer birinci sinifdir. Bu birinci sinifin biletinin qiyməti ilə “Hype” tutmaq istəyənlər anlamalıdır ki, daha əlçatan qiymət axtarırlarsa, biznes sinfinin dərdini çəkməməlidirlər. Sadəcə öz səfərlərimizi öncədən planlaşdırmalı, hədəf qoymalıyıq. Artıq 30 gün öncə bileti alsanız, Bakı ilə Qazax arasında 5 saat 36 dəqiqqəlik səfər 16 manat 20 qəpiyə başa gələcək. Bu istiqamətdə hazırda avtobuslar 6 saat 30 dəqiqəyə gedir. Onların da qiyməti 17 manat 85 qəpikdir.  Burada vəziyyət belədir. Təəssüflər olsun ki, bəzi insanlar bilərəkdən ən bahalı sinfin qiymətini bütün qatara intrepratasiya edib yanlış təəssürat yaradırlar”.

Ekspert aparılan müqayisələrin absurd olduğunu bildirib:

“Avropanın büdcə sinifli hər hansı qiymətini Azərbaycanda müasir, İsveç istehsalı olan qatarın ən bahalı sinfi ilə müqayisə etmək diletantlıqdan başqa bir şey deyil. Ya müqayisəni hər sinif üzrə məsafəsinə görə etməlisən, ya da ümumiyyətlə müqayisə aparmamalısan. Hazırda Cənubi Qafqazda sürətli dəmiryol sahəsinə görə Azərbaycan lider mövqedədir. Müasir, inklüziv, İsveç istehsalı olan qatarlar 458 kilometr məsafədə gündəlik iki reys olmaqla səfər təşkil edir. Digər ölkələrdə, məsələn, Gürcüstanda Tiflislə Batumi arasında 359 kilometr məsafəni qatar 5 saat 8 dəqiqəyə gedir. Ermənistanda isə qatar İrəvanla Gümrü arasında 120 kilometr məsafəni 2 saat 10 dəqiqəyə gedir. Müqayisələri aparanda bunu da nəzərə almaq lazımdır”.

Избранный
10
1
modern.az

2Источники