RU

Tramp müharibəyə girsə İran ABŞ-a nələr edə bilər?..


Arzuxan Əlizadə: “İranın ABŞ-a zərər vurmaq imkanları məhduddur”

ABŞ prezidenti Donald Tramp iyunun 18-də Tehran “yekun ultimatumu” qəbul etmədiyi təqdirdə ABŞ-ın İranın nüvə obyektlərinə hücum edə biləcəyini deyib. Trampın sözlərinə görə, İran üzərindəki hava məkanı ABŞ-ın nəzarəti altındadır və ölkədə hava hücumundan müdafiə sistemləri yoxdur. Amerika lideri onu da bildirib ki, onun İrana qarşı səbri çoxdan tükənib. O, İran rəsmilərinə nüvə proqramı ilə bağlı ziddiyyətləri həll etmək üçün 60 gün vaxt verdiyini, lakin onların “səhv etdiklərini” xatırladıb.

Bu arada İranın Ali Dini Rəhbəri Əli Xamneyi ABŞ-ı İran-İsrail münaqişəsinə hərbi müdaxilə edəcəyi təqdirdə “düzəldilməz ziyanla” hədələyib. O, bu barədə televiziya ilə xalqa müraciətində bildirib: “Amerikalılar bilməlidirlər ki, istənilən hərbi müdaxilə, şübhəsiz ki, onlar üçün düzəlməz zərərlə nəticələnəcək”.

Bundan əvvəl də İran rəsmiləri bəyan ediblər ki, ABŞ müharibəyə qoşulacağı təqdirdə nəticə onlar üçün pis olacaq. Maraqlıdır, İran nə edəcək? Bu məsələdə İranın edə biləcəyi bilmədiyimiz, görmədiyimiz nəsə varmı?

“Ümumən, Tramp müharibəyə qoşulmaqda həvəsli görünmür”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, İranın ABŞ-a yönəlik hədələri ritorika xarakterlidir: “İranın ABŞ-a zərər vurmaq imkanları məhduddur. Əvvəla, ABŞ İrana olduqca uzaq məsafədə yerləşir. İranın Birləşmiş Ştatları vura biləcək trayektoriyada ballistik raketi yoxdur. Bir vaxtlar İranın Yaxın Şərqdə proksiləri onun vuran qolu idi. Yeri gələndə həmin proksilər nəinki İsrailə, ABŞ-a da zərər vururdular. Ancaq son bir ildə İsrail İranın proksilərini elə zəiflədib ki, onların indi belə bir imkanı yoxdur. ABŞ müharibəyə qoşulacağı tədqirdə İran bu ölkənin ərəb ölkələrindəki hərbi bazalarına zərbə endirməyə çalışacaq. Ancaq mülki obyektlərdən fərqli olaraq, hərbi bazalarda havadan müdafiə və digər sistemlər olur. Eyni zamanda hərbi bazalar infrastrukturu qorumaq üçün müəyyən imkanlara malik olur. Üstəlik, ABŞ-ın buna cavabı ölümcül olacaq. Düzdür, İran nə Əfqanıstandır, nə də İraq. Ərazisinə, əhalisinə görə sözügedən ölkələrdən böyükdür. Üstəlik, ölkədə illərdir oturuşmuş sistem var. Ancaq bu o demək deyil ki, proseslərin gedişində ABŞ çəkinəcək mövqe tutacaq. Ümumən, Tramp müharibəyə qoşulmaqda həvəsli görünmür. Çünki müharibə böyük xərc deməkdir. O üzdən, ABŞ İrana qarşı quru əməliyyatlarında maraqlı deyil. Lakin İsrail hər vasitə ilə ABŞ-ı müharibəyə cəlb etməyə çalışır. Ancaq hesab edirəm ki, buna ehtiyac olmayacaq. ABŞ İranın kritik mövqelərini, infrastrukturunu hava zərbələri ilə vursa, ölkədə iğtisaslar yaratsa, rejim çökəcək. Nəinki çökəcək, həm də İranın parçalanacağı ehtimalı böyükdür. Ona görə ki, digər millətlər molla rejiminin idarəçiliyindən cana doyub. İndi bizə məlum deyil Vaşinqton bu varianta gedəcək, yoxsa İranın parçalanmasına qarşı çıxacaq”.

Vidadi ORDAHALLI

Избранный
11
baki-xeber.com

1Источники