“Zəngəzur dəhlizinin açılmasına əminlik zaman keçdikcə artmaqdadır. Bu, təkcə ABŞ ilə bağlı da deyil. Artıq dəhlizin açılmasına ən ciddi şəkildə mane olmağa çalışan İran da bu reallıqla barışmaq üzrədir”.
Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Cavanşir Abbaslı “ABŞ Zəngəzur dəhlizinə nəzarəti amerikalı şirkətə həvalə olunmasını təklif edir” iddiasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ bu prosesdə başlıca ölkələrdən biri olmağa cəhdlər edir Müsahibimiz qeyd edib ki, Amerika ilk günlərdən tam şəkildə dəhlizin açılmasına qarşı deyildi:
“Sadəcə Azərbaycandan sonra Rusiyanın və Türkiyənin burada başlıca yer almasına mane olmağa çalışır, bir növ qısqanclıqla yanaşırdı. Onu da yaxşı bilirdi ki, dövlət siyasətində Azərbaycanla bağlı dəyişiklik etməyə məcburdur. Əks halda Cənubi Qafqazı itirə bilər, yaxud bu regionda təsir dairəsi daha da azalar. Çünki Birləşmiş Ştatların ən böyük səfirliyi İraqdan sonra Ermənistanda olsa da, Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanı qəbul edir. Zəngəzur dəhlizinin onsuz da açılacağını özündə qətiləşdirən rəsmi Vaşinqton bu prosesdən kənarda qalmaq istəmir. Onun üçün də son dövrlərdə dəridən-qabıqdan çıxır”.
Bununla belə C.Abbaslı dəhlizə nəzarətin ABŞ şirkətlərinə həvalə olunacağına inanmır:
“Çünki öncəliklə bu məsələyə Azərbaycan müsbət yanaşmaz. Əgər elə olacaqsa, qardaş Türkiyə ilə Azərbaycan niyə də olmasın? Xüsusilə, bu məsələ gündəmə gələrsə, onun reallaşmaması üçün Rusiya və İran sona qədər mübarizə aparacaq. Bu dəhlizin açılmasında isə ilk günlərdən Kreml maraqlı olduğunu gizlətməyib. Onun üçün də Ərdoğanın təklif etdiyi “3+3” formatında yer alan ölkələr bu dəhlizlə bağlı prosesin daimi iştirakçıları olacaqlar”.
Cavanşir Abbaslı: Nəzarətdə əsas söz sahibləri ola biləcək Türkiyə və Azərbaycan kimi qardaş ölkələr var
C.Abbaslı bildirib ki, açığı rəsmi Bakı da dəhliz ətrafında yeni bir gərginlik istəmir. Onun üçün də dəhlizə nəzarət nə Amerikanın, nə də Rusiyanın tərəfində olacaq:
“Bunu hər iki tərəf unutmasın. Dediyim kimi, nəzarətdə əsas söz sahibləri ola biləcək Türkiyə və Azərbaycan kimi qardaş ölkələr var. Ən yaxşı halda bu iki ölkədən sonra digər ölkələr müəyyən imkanlar qazanmağa çalışa bilərlər. Ona da Azərbaycan imkan yaratsa... Azərbaycana da Amerika və Rusiyanın dəhlizə nəzarəti heç bir halda uyğun deyil. Son günlərdə baş verənlər bunun bir daha təsdiqi oldu”.
Aydın Baxış