AZ

Vaşinqton və Təl-Əvivdən ardıcıl təzyiqlər: Tehran yeni hərbi zərbələrlə üz-üzə

“İsrail və İran arasında hərbi əməliyyatlar dayansa da, bu, münaqişənin sonu demək deyil. Hər iki tərəf bir-birini ittiham etməkdə davam edir və İran hələlik nüvə sazişinə qayıtmaq üçün danışıqlarda maraqlı olmadığını nümayiş etdirir. İranın nüvə proqramı müharibənin əsas səbəbi olduğundan, bu istiqamətdə heç bir addımın atılmaması yeni hərbi əməliyyatların ehtimalını artırır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyi bildirilir. Məlumatlara görə, ötən ay Netanyahu məhz Trampla telefon danışığından sonra İrana hücuma qərar vermişdi. Bu dəfə də oxşar ssenarinin təkrarlanacağı ehtimal edilir.

Siyasi şərhçinin sözlərinə görə, məsələ ondadır ki, İranın nüvə obyektələrinə, xüsusilə də ABŞ-ın endirdiyi zərbələrdən sonra Vaşinqton və Təl-Əviv rəsmiləri nüvə təhdidinin aradan qalxdığını bildirsələr də, cəmi bir neçə gün sonra fərqli mövqelər səsləndirməyə başladılar.

“ABŞ və İsrailin kəşfiyyat orqanları İranın zənginləşdirilmiş uranı başqa yerə köçürdüyü və gizli nüvə obyektlərində fəaliyyətini davam etdirdiyi barədə məlumatlar yaydılar. Bu məlumatların ardınca ABŞ və İsrail arasında yeni silah tədarükü sazişlərinin imzalandığını gördük. Hər iki ölkədə yeni hərbi əməliyyatların mümkünlüyü ilə bağlı ardıcıl bəyanatlar səsləndirilir. Dünən isə ABŞ vətəndaşlarına İrana səfər etməmək və hazırda orada olanların ölkəni dərhal tərk etməsi ilə bağlı çağırış etdi. Vaşinqton bu qərarı daxili gərginlik və mümkün terror təhlükəsi ilə əlaqələndirsə də, bu addım vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimallarını artırır. ABŞ-ın yeni silah tədarükü və öz vətəndaşlarına etdiyi çağırışlar İranı danışıqlar masasına oturtmaq üçün təzyiq vasitəsidir. Lakin istənilən halda, əgər İran nüvə sazişinə qayıtmırsa, Xameneinin nümayəndələri və bəzi din xadimləri ABŞ və İsrail liderlərinin öldürülməsi ilə bağlı fətvalar verirlərsə, o zaman bölgədə hər an yeni gərginliyin baş verməsi mümkündür. Əgər hərbi əməliyyatlar yenidən başlayarsa, bunun çox ağır nəticələrə səbəb olacağı şübhəsizdir – xüsusilə də İran üçün”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
23
50
aznews.az

10Mənbələr