BAKI, TurkicWorld
ABŞ İrana ilk nüvə reaktorunu 58 il əvvəl bağışlayıb.
TurkicWorld xəbər verir ki, hazırda İranın nüvə proqramına qarşı çıxan ABŞ 58 il əvvəl bu ölkənin ilk nüvə reaktorunu hədiyyə edərək Tehran rejiminin nüvə infrastrukturunun təməlini qoyub.
Bu proses 1967-ci ildə 5 meqavatlıq nüvə reaktorunun verilməsi ilə başlayıb və sonradan İranın nüvə sahəsində kəskin irəliləyişlərinə zəmin yaradıb.
İsraillə İran arasında ballistik raketlərin atıldığı dövrdə, ABŞ-ın bir zamanlar nüvə sahəsində dəstəklədiyi İran indi ciddi təhlükə kimi dəyərləndirilir. ABŞ ictimaiyyəti isə iki yerə bölünüb: bir qisim İrana hərbi müdaxiləni dəstəkləyir, digərləri isə İraq və Əfqanıstandakı uğursuz müdaxilələri xatırladaraq ehtiyatlı olmağı tövsiyə edir.
Qeyd edək ki, ABŞ-İran nüvə əməkdaşlığının əsası 1950-ci illərdə Eyzenhauer administrasiyası dövründə qoyulub. “Sülh üçün atomlar” proqramı çərçivəsində Tehran Nüvə Araşdırmaları Mərkəzi təsis edilib. 1967-ci ildə ABŞ tərəfindən təqdim olunan ilk reaktorun məqsədi nüvə təbabətində istifadə edilən izotopların istehsalı olsa da, həmin reaktor 93%-ə qədər zənginləşdirilmiş uranla işləyirdi.
1979-cu ildə İran İslam İnqilabından sonra nüvə proqramına qısa müddətlik ara verilsə də, sonradan bu işlər bərpa olunub və İran Rusiya, Çin, Pakistan və Şimali Koreya ilə əməkdaşlıq edərək nüvə sahəsində ciddi addımlar atıb.
Hazırda isə ABŞ-İran münasibətləri kəskinləşib, və İsrailin də təzyiqləri ilə Vaşinqtondan İranın nüvə infrastrukturuna qarşı daha sərt mövqe gözlənilir.