Diplom alan şəxslərin imtahan tarixlərində Şimali Kiprə getməməsi miqrasiya məlumatlarında sübut olunub; ekspertdən şok açıqlama: “Bu saxtakarlıq təsdiqlənərsə...”
Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzeti şok iddia ilə çıxış edib. Qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.
Qəzetin araşdırmasına görə, “çevik və hibrid” adlanan sistem çərçivəsində tələbələrin dərslərdə iştirak etməsi tələb olunmur və onlar üçün akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil olunur. İmtahanlara qatılan şəxslərin bəzilərinin həmin dövrlərdə Kiprdə belə olmadığı miqrasiya qeydləri ilə təsdiqlənib.
Bahçeşehir Kipr Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nuket Tanol məsələ ilə bağlı Musavat.com-a bildirib ki, 17 iyun 2025-ci il tarixində “Bugün Kıbrıs” qəzetində yayımlanmış və Bahçeşehir Kipr Universitetini hədəf alan “Azəri Bürokratlara Saxta Doktora” başlıqlı yazı tamamilə əsassız, qərəzli və universitetimizin nüfuzuna xələl gətirməyə yönəlmiş iftira xarakterli məlumatlardan ibarətdir.

Kamran Əsədov
Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Şimali Kipr Türk Respublikasının “Bugün Kıbrıs” qəzetində 2025-ci il iyunun 17-də dərc olunmuş və Bahçeşehir Kipr Universitetində Azərbaycandan olan şəxslərə guya dərslərə qatılmadan, hibrid sistem adı altında saxta doktorantura diplomlarının verilməsi ilə bağlı irəli sürülən iddialar Azərbaycan ictimaiyyəti üçün ciddi narahatlıq doğurur: “İddialar təsdiqlənərsə, bu təkcə bir universitetin deyil, bütövlükdə elmi dərəcə sisteminin nüfuzuna, elmi etikaya və dövlət idarəetməsində səriştə prinsipinə ağır zərbə ola bilər. Təhsilin forma və məzmun birliyinin pozulması, elmi dərəcənin ”kağız üzərində prosedur" formasında təqdim olunması həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir.
Araşdırmalarda qeyd olunur ki, diplom alan şəxslərin imtahan tarixlərində ümumiyyətlə Kiprdə olmaması miqrasiya məlumatları ilə sübut olunub. Bu, yalnız etik deyil, həm də hüquqi baxımdan saxtakarlıq əlaməti daşıyır. Əgər bir şəxs tədris və imtahan prosesi zamanı fiziki olaraq təhsil aldığı ölkədə iştirak etməyibsə, o zaman həmin şəxsə verilən elmi dərəcə formaldır və elmi səviyyəni təsdiqləmir. Nəticə etibarilə, həmin diplomun Azərbaycanda nostrifikasiyası - yəni tanınması - həm qanuna, həm də elmi dəyərlərə ziddir".
Dünya təcrübəsində bu tip halların qarşısını almaq üçün təhsil diplomlarının beynəlxalq keyfiyyət təminatı orqanları - məsələn, ENIC/NARIC şəbəkəsi - vasitəsilə qarşılıqlı verifikasiya sistemləri mövcuddur. Estoniyada, Almaniyada və Kanadada xarici diplomların tanınması zamanı ali məktəbin akkreditasiya statusu, proqramın tamlığının sübutu və fiziki iştirak sənədləri (məsələn, giriş-çıxış möhürləri, tələbə kartları, tədris günləri) tələb olunur. Azərbaycanda da buna bənzər şəkildə diplomların yalnız təqdimatına əsasən deyil, ətraflı elektron və hüquqi təhlili əsasında tanınması prosesi genişləndirilməlidir.