RU

“Vəhdət”in qurultayında qalmaqal düşüb? - Partiyadan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Vəhdət Partiyasının qurultayında sədr dəyişikliyi olub.

Bakıvaxtı.az xatırladır ki, partiyanın qurucu sədri Tahir Kərimli istefa verərək yerini Adəm Bakuviyə təhvil verib. Qurultay zamanı sədr dəyişikliyi ilə bağlı qərarın qəbul olunması və seçki prosesi ictimaiyyətin diqqətini çəkib.

“Vəhdət”in qurultayı zamanı gərginlik yaşandığı iddia olunur. Deyilənlərə görə, partiyanın keçmiş və indiki sədrləri arasında qalmaqal olub.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi baş verənlərə və yayılan iddialara münasibət bildirib.

“Cənab Tahir Kərimli çıxışında partiyanın 30 illik fəaliyyəti dövründəki əsas mərhələlərə toxundu, öz istefasının səbəblərini izah etdi və bu qərarın partiyanın gələcək inkişafı baxımından atıldığını vurğuladı. Ardınca o, Adəm Bakuvi haqqında - onun elmi, ictimai və siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Daha sonra Sumqayıt şəhər təşkilatı adından Adəm Bakuvinin sədrliyə namizədliyi irəli sürüldü. Eyni məzmunda çıxışlar digər rayon təşkilatları tərəfindən də edildi”, - deyə Vasif Əfəndi bildirib.

Onun sözlərinə görə, qurultay iştirakçıları arasında bu məsələ ilə bağlı fikir ayrılığı müşahidə olunmayıb:

“Bütün çıxışlarda yekdillik hiss olunurdu. Heç bir etiraz və ya alternativ fikir səslənmədi. Qurultayda açıq səsvermə yolu ilə Adəm Bakuvi partiyanın yeni sədri seçildi və o, nümayəndələrin tam etimadını qazandı. Seçki prosesi şəffaf keçirildi, heç bir pozuntu qeydə alınmadı. Nəzarət-Təftiş Komissiyası seçkilərin nəticələrini təsdiqlədi".

Sədr müavini cəmiyyətdə bu dəyişikliklə bağlı yaranan suallara da aydınlıq gətirib:

“Ola bilər ki, ictimai rəydə bu dəyişikliyə maraq var. Azərbaycan siyasi mühitində bu cür keçidlər çox nadir hallarda baş verir. Uzun illər partiyasını təmsil etmiş liderlərin könüllü şəkildə sədrlikdən getməsi ölkəmizdə çox rast gəlinən hal deyil. Müsavat Partiyasındakı dəyişiklik də uzun çəkmədi, sabiq başqan yenidən geri döndü. Amma bizdə bu qərar partiyanın daxilində tam anlaşma ilə qəbul olundu".

Vasif Əfəndi qeyd edib ki, 30 illik tarixə malik olan Vəhdət Partiyasının bu illər ərzində həm uğurları, həm də müəyyən səhvləri olub və bunlar daim daxili müzakirəyə çıxarılıb:

“Əsas məqsədimiz partiyanı yeni mərhələyə keçirmək, onu yeniləmək və daha güclü komanda ilə fəaliyyət göstərməkdir. Tahir müəllim ötən dövrdə parlamentdə təmsil olunaraq ölkə üçün əhəmiyyətli təkliflərlə çıxış edib. Amma son parlament və bələdiyyə seçkilərində uğur qazana bilmədik. Mərkəzi Seçki Komissiyasının tərkibində də namizədimiz təmsil olunmadı. Bütün bu amillər bizə yenilənməyin zəruriliyini göstərdi".

O, həmçinin partiyaların davamlı fəaliyyət göstərə bilməsi üçün maliyyə təminatının vacibliyinə də toxunub:

“Qanunvericiliyə əsasən, siyasi partiyalar üç əsas mənbədən maliyyələşə bilər: üzvlük haqları, ianələr və dövlət büdcəsindən ayrılan vəsait. Reallıq ondan ibarətdir ki, Azərbaycanda bu vəsaitlərin yeganə stabil və davamlı mənbəyi dövlət maliyyələşməsidir. Bunun üçün isə parlamentdə təmsil olunmaq şərtdir. Bizim məqsədimiz gələcəkdə ölkənin ikinci ən güclü partiyasına çevrilməkdir. Yeni sədrimiz Adəm Bakuvi də bu hədəfi qarşıya qoyub".

Açıqlamasının sonunda sədr müavini partiyada hər hansı narazılığın olmadığına və bu cür iddiaların əsasız olduğuna diqqət çəkib:

“Son günlərdə guya partiyada iki qütb - Tahir bəyin və Adəm bəyin tərəfdarları arasında fikir ayrılığı olduğu iddia olunur. Bu, tamamilə yanlışdır və ya bilərəkdən ictimai fikri çaşdırmaq cəhdidir. Bizdə birlik var, ruh yüksəkliyi var. 30 ildir sevə-sevə qoruyub saxladığımız partiyanı bundan sonra daha da irəli aparmaq üçün səylə çalışacağıq".

Əli Hüseynov

Избранный
13
1
bakivaxti.az

2Источники