RU

HAMIYA MƏLUM VƏ HƏR KƏSƏ AZ MƏLUM QOVUŞDURUCU Rafael Hüseynov yazır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rafael HÜSEYNOVAkademik

O, on iki əsrdir ki, bizimlədir. Min iki yüz ildir ki, o, nəsil-nəsil insanlara yazmaqda və oxumaqda bələdçidir. On iki əsr səninlə olanı, əlbəttə ki, gərək yaxşı tanıyasan. Amma onun adını əksəriyyət bilsə, bir çoxları onun yaradıcısının kimliyindən xəbərdar olsa da, təəssüf ki, içəri dünyasına yaxından bələdlər həmişə az olub, indi daha seyrəkdir, yaradıcısını isə bütün böyüklüyünə baxmayaraq, yeni zamanın insanları elə tanımayan kimidir. 

Bircə adını bilməklə iş bitməz ki! O boyda alimi və müstəsna şəxsiyyəti, gərəkdir ki, keçmişlərdə də yaxşı tanıyaydılar, indi də layiq olduğu səviyyədə bilələr, gələcəkdəkilər də həmin nadir düşüncə və ruh adamının yazdıqlarından da, ömür yolundan da yerli-yataqlı xəbərdar olalar.

Sanki hamımıza məlum olan, amma çöhrəsinin cizgiləri niqab altındaymış kimi hər kəsə görünüb-bilinməyən o gözəlin adı ƏRUZdur.

O, elə yarandığı çağlardan Azərbaycanın qələm adamları ilə birgə olub. Ərəb, fars və anadilli şeirimizin son 1300 ildə qət etdiyi məsafə boyunca əruz şeirimizlə, musiqimizlə qol-boyun addımlayıb.

Yarandığı səkkizinci əsrdə və sonrakı yüzillər ərzində əruzun bütün ədəbi-mədəni faydalarından savayı yerinə yetirdiyi mühüm bir siyasi mahiyyətli missiya da olub. Ərəb əlifbası, ortaq elm və şeir dilləri - ərəbcə və farsca, islam dini, müsəlmançılığın bünövrə kitabı “Quran”, muğam, memarlıq, xalçaçılıq, bedizçilik sənəti - miniatürçülük kimi, əruz da müştərəkliyi, kürəsəlliyi təmin edən ən əhəmiyyətli amillərdən birinə dönüb. Müsəlman coğrafiyası kimi nəhəng məkanı vahid edən, müştərək müstəviyə çevirən dəyərlər cərgəsində əruz daim ən dayanıqlılardan, ən təsirlilərdən olub.

Əruz vəzni min ildən artıq bir dövrdə Mavərənnəhrdən, Orta Asiyadan tutmuş Qafqazlara, Qafqazlardan Hindistana, Hindistandan Anadoluya, Anadoludan İrana, Əfqanıstana, oralardan Çinə - uyğurlara qədər nəhəng bir ərazidə farsca, ərəbcə, türkcə yazıb-yaratmış on minlərlə şairin (və onların arasında zirvə, dahi sayıla biləcəklər onlarla deyil, yüzlərlədir) əsas söykənəcəyi olub.

Ortada olan yazılı ədəbiyyatımız əsasən əruz vəznindədir. Elə bir insan tapılmaz ki, onun dilində və ömründə əruz vəzni olmasın. Azərbaycanın lap ən sadə, ədəbiyyatdan, elmdən, yüksək savaddan aralı olan bir insanı da dindirin, hafizəsində mütləq hansısa şeirlər var və həmin şeirlərin hökmən bir çoxu elə əruz vəznindədir. Beləcə, əsrlərdir ki, bəzən məqsədli, bəzən heç fərqinə varmadan əruz insanlarımızla, mənəviyyatımızın ayrılmaz parçası kimi ruh dünyamızla qaynayıb-qarışıb. Əruz hər gün insanlarladırsa da, bunca qocamanlığa rəğmən insanların onun haqqında bilgiləri azdır. Bir sərvət ki hamınınkıdır və daim insanlarladır, onu yalnız ayrı-ayrı alimlərin yaxşı bilməsi ilə iş düzəlməz. Hüsnü ilə artıq asta-asta yaşa dolan üçüncü minillikdə də şeir dünyamızı, daxili aləmimizi zənginləşdirən, nizamlayan, bəlli ahəngə tabe edən gözəli gərək ona yaraşan biçimdə sadə insanlar da tanıya.

Şərqin orta əsrlərdəki mükəmməl təhsil şəbəkəsi çoxşaxəli biliklər yiyəsi  insanları yetişdirməyi hədəf götürmüşdü. Mədrəsədə təhsil alanlara riyaziyyatı da öyrədirdilər, məntiqi, fəlsəfəni də tədris edirdilər, fiqhi - müsəlman hüququnu, nücum da oxudurdular. Bu fənlər sırasında kamil bilinməsi gərək olan əruz da vardı. Sərf-nəhvi - qrammatikanı lazımınca mənimsədirdilər ki, şagirdlər dilin qayda-qanunlarını dürüst bilsinlər, yazı-pozuları qüsursuz olsun. Bəyan, məani, bədi elmlərini, əruzu, qafiyəni əsaslı şəkildə aşılayırdılar ki, öyrəncilər şeirin dilindən sonacan - incəlikləriylə agah olsunlar. Ona görə də orta əsrlərdə Yaxın və Orta Şərqdə əruz artıq bir elm sahəsi kimi şəkillənmişdi və millətimizə uzaq keçmişlərdəki başucalığı gətirən zəka hünərlərindən biri də odur ki, əruz elmi ilə bağlı yazılan ilk mötəbər əsərlərdən birinin üstündə azərbaycanlı müəllifin adı dayanır - Xətib Təbrizi.

Ərəb xilafətinin hökmranlıq dönəminin ilk əsrlərində ucsuz-bucaqsız  coğrafiyada ərəbcə və farscanın ortaq elm və şeir dili olmasının gətirdiyi üstünlüklərin ən əvvəlincisi bu idi ki, həmin nəhayətsiz təsiri bağışlayan ərazinin o başında yaranan bir əsər qısa zamanda ötürülə, ən ucqarlara da yetişə, hamınınkılaşa bilirdi. Məhz bunu nəzərə alaraq daha çox oxunmaq (və təbii, bunun içində həm də daha artıq tanınmaq məsələsi vardı), düşüncə və məramını daha geniş əhatəyə yaymaqçün qələm adamı da müsəlman coğrafiyası üçün körpüləşən iki dildən birində yazmağa üstünlük verirdi. İndinin vətənpərvər, millətsevər yanaşması ilə hərdən ərəb və farsca yazıb-yaratmış ulularımızı qınamaq cəhdləri həqiqətləri öz tarixi mətnindən ayıraraq büsbütün özgə bir zaman kəsiyinə köçürmək deməkdir ki, belə təşəbbüslər elə başlanğıcdan yanlış və xətalıdır.

Xətib Təbrizi də həmin məşhur əruz risaləsini ərəbcə yazmışdı və azərbaycanlı alimin yazdığı bu əsər azərbaycanlının olduğu qədər həm də digər türk xalqlarınınkı idi, həm də ərəbinki, farsınkı, urdununku idi.

Elə həmin cür başqa bir azərbaycanlı - Səfiəddin Urməvi də əruz kimi bütöv müsəlman coğrafiyasınınkı olan muğam haqqındakı “Kitabül-ədvar”, “Şərəfiyyə” risalələrini XIII əsrdə ərəbcə yazarkən, əlbəttə ki, yalnız ərəbləri deyil, bütün Yaxın-Orta Şərqdəki muğamatçıları, bu elmi dərindən bilmək istəyənləri nəzərə almışdı.

Artıq XIII-XIV əsrlərdən etibarən əsiləqayıdış qüvvətlənəcək, ərəbcənin və farscanın ortaq dillər kimi nüfuzu yenə qalsa da, çəkisi daha əvvəlki çəki olmayacaq,  müsəlman dünyasında məskun olan xalqların mədəniyyətlərində də, ədəbiyyatlatında da, hətta nə qədər müştərək olsa belə, elmində də milliləşmə, özləşmə, fərdiləşmə meyilləri qüvvətlənməyə başlayacaq.

Yalnız şeirlərin deyil, elmi əsərlərin də milli zəminə daha artıq uyğunlaşması və milli dillərdə yaranma təcrübəsi tədricən irəliləməyə üz qoyacaq.

XIII əsrdəki sanballı əruz risalələrindən birini yazan yenə azərbaycanlı Xacə Nəsirəddin Tusi idi. Onun  “Meyar ül-əşar”ı - “Şeir ülgüləri” farsca idisə də, iki-üç əsr sonra yaradılan əruz araşdırmaları arasında artıq ilk türkdilli risalələr də görünməyə başlayır. Ancaq bu risalənin farsca yazılması da artıq elmi əsərlərin sırf ərəbcə yazılması ənənəsinin artıq dəyişikliyə uğramasının nişanəsi idi. Əvvəllər yalnız ərəbcə olan risalələr təhlillərini də ərəbcə şeirlər üzərində aparırdısa, müsəlman coğrafiyasındakı xalqların öz milli çöhrəsini daha artıq ifadə etməyə başlamasıyla əruz bir vəzn olaraq da hər xalqın öz dilində doğurduğu şeirlərə uyğun milliləşməyə başlayır. Farsın da, türkün də əruzunda ərəb əruzundan fərqli xüsusiyyətlər əmələ gələrək oturuşur, şeir gerçəkliyində baş verənlər də nəzəriyyədə çox keçmədən yerini tapır.  

Amma Xacə Nəsirəddin Tusinin şeirşünaslıq risaləsinin rəmzi bir mənası da vardı. O, “Meyar ül-əşar”ı ilk növbədə, özünün də əvvəldən bəyan etdiyi kimi, övladları üçün yazmışdı. İstəyirdi ki, gələcəyin alimləri, üstün cəmiyyət adamları kimi yetişdirməyi düşündüyü balaları şeirşünaslığı, əruz elmini də gözəl bilsinlər.

Bu həm də onun göstəricisi idi ki, əruz artıq çağın savadlı, mədəni insanının düşüncə varlığında, gündəlik həyatındakı sabit dəyərlərdən biri olub.

Bu minvalla VIII yüzillikdə ərəb musiqi alimi və şairi Xəlil ibn Əhməd Fərahidinin yaratdığı əruz vəzni əvvəldə yalnız ərəblərə, ərəb şeirinə mənsub olsa da, asta-asta qanadlarını geniş açdı və oldu bütün Yaxın-Orta Şərqin doğması.

Əruzun yaradıcısı Xəlil ibn Əhməd az bilinən, amma yaxşı bilinməsi gərək olan ibrətli, macəralı ömür sürdü. Qaynaqların xəbər verməsinə görə, o, hicrətin 100-cü ilində Əmmanda doğuldu. Bu, miladi tarixlə 718-ci ilə təsadüf edir. Bütöv adı əl-Fərahidi Şəhabə bin Malik bin Fəhm olan bu böyük alim və şair ömrünün böyük hissəsini oçağlar ərəb dünyasının başlıca elm mərkəzlərindən olan Bəsrədə keçirdi. Qısamüddətli həcc səfəri və Xorasana səyahəti istisna olmaqla, yetmiş ili aşan həyatının çoxunu Bəsrədə keçirdi.

Onun hicri tarixlə 175-ci ildə (miladi təqvimlə 791-də) elə Bəsrədə vəfat etdiyi yazılır. Ancaq bir para qaynaqlar Fərahidinin daha erkən - 777, yaxud başqa mənbələr 786-cı ildə dünyadan köçdüyünü bildirir. Yəni bunlar hamısı uzaq vaxtın söhbətləridir - hələ heç VIII əsr tamamlanmamışdı.

Onu yalnız orta əsrlərdə bütün İslam coğrafiyasında məşhur olan Bəsrə dilçilik məktəbinin deyil, ümumilikdə bütöv müsəlman tarixinin yetirdiyi ən bənzərsiz alimlərdən saymışlar.

Fərahidi çoxşaxəli biliklər sahibi alim idi ki, sərf-nəhv, lüğət, hədis, musiqi, üsul elmi sahələrində də dərin biliklərə sahib idi.

Fərahidi Xəlilin nəsəbi ibn Əhməd idi - Əhmədin oğlu. Söhbətin hansı uzaq tarixdən getdiyini anlamaqdan ötrü bircə  məqama diqqət etmək yetər ki, Fərahidinin atası Əhməd bu adı İslam dünyasında Peyğəmbərdən sonra daşıyan ikinci adam idi. Bunu orta əsrin məşhur salnaməçilərindən ibn Nədim təsdiqləyir. Bir başqa salnaməçi - İbn ül-Kifti də yazır ki, o, son dərəcə dindar, aza qane, gözütox, dünya malının nəzərlərini çəkmiş pak insan idi və dilindən şair əl-Əhtalın bu misraları düşməzdi:

Könlün nəsə diləsə dünya var-dövlətindən,

Saleh əməldən artıq sərvət tapa bilməzsən.

(Xəlil ibn Əhməd Fərahidinin ərəbcə yazdığı şeirlər Azərbaycan dilindən bu tərcümələrlə ilk dəfə səslənir).

Onun Bəsrədə atasından qalan kiçik bağçadan qeyri mal-mülkü yoxmuş, qamışdan düzəldilmiş sadə bir komada yaşayır, o bağçadan gələn cüzi gəlir, bir də şahin ovçuluğundan qazandığı xırda-para vəsaitlə güzəranını yola verirmiş.

Qaynaqlar Fərahidinin tələbəsi olmuş Nədr bin Sülmeylin bu sözlərini çatdırır ki, “Xəlil ibn Əhməd qamış komasında yalavac həyat sürsə də, ətrafındakılar ondan aldıqları elm sayəsində zənginlərə çevrilmişdilər. Çünki Xəlil ibn Əhməd saysız kəşf və tapıntılarını özü qələmə almaq əvəzinə bildiklərini ətrafındakılarla bölüşməyə üstünlük verirmiş”.

Orta əsrlərin məşhur müəlliflərindən Süyuti “Əl-Müzhir” əsərində yazır ki, Xəlil tələbələrinə dərs vermək və əsər yazmaq qaydalarını da öyrədirdi. Yəni sonradan başqa müəlliflərin adıyla məşhurlaşmış bir sıra qiymətli dilçilik, musiqi, şeirşünaslıq risalələrinin də əsl müəllifi Xəlil ibn Əhməd idi.

Xəlil ibn Əhmədin çoxsaylı yetişdirmələri ilə necə güclü bir elm axını yaratdığını təsəvvür etmək üçün ən məşhur tələbələrindən bircəsinin adını çəkmək yetər.

Bəsrə dilçilik məktəbinin ən mötəbər təmsilçilərindən biri, əslən İrandan olan 767-797-ci illər arası yaşamış Əbu Bişr Əmru bin Osman Əl-Bəsri Sibaveyh (bu təxəllüs əslində farscadakı “Sibbuye” deyimindən gəlir. “Sib” alma, “buy” ətir deməkdir - “alma rayihəli”. Ancaq “Sibuye” ifadəsi ərəbcələşdirilərək “Sibaveyh”ə döndərilmişdir) onlardan biri idi. Sibaveyh ərəb olmaya-olmaya ərəb dilinin mükəmməl qrammatikasını yaratmış ilk böyük alimlərdən biri idi. Səbəbsiz deyil ki, Sibaveyhə “qrammatikanın imamı” adı verilmişdi.

Əslən İraqdan - bu gün də daha çox oğuz türklərinin yaşadığı Ərbildən olan Əhməd bin Məhəmməd bin İbrahim Xəllikan əş-Şafei (1211-1282) məşhur “Vəfayyat ul-ə`yan və ənba` əbna əz-zaman” (“Məşhur şəxsiyyətlərin ölümnamələri (“nekroloq”, ya “vəfat hekayətləri” kimi də çevirmək olar - R.H.) və onların müasirləri haqda qeydlər” əsərində Xəlil ibn Əhmədlə bağlı son dərəcə maraqlı təfərrüatlardan söz açır.

İbn Xəllikan Həmzə əl-İsfahaniyə istinadən yazır ki, “İslam aləmində Xəlil ibn Əhmədin tətbiq etdiyi elmi üsullardan yararlanmayan alim yoxdur”.

Diqqət edilsin ki, burada söhbət yalnız əruzdan da deyil, Xəlil ibn Əhmədin güclü olduğu digər elm sahələrindəki tapıntı və ixtiralarından gedir.

Qaynaqlardan bugünümüzə o soraq da çatıb ki, Xəlil bin Əhmədin yaramaz bir oğlu varmış. Rəvayət olunur ki, Xəlil ibn Əhməd günlərin birində əruzun təqtiləri üzərində işləyərkən otağında tənha oturaraq ayrı-ayrı misraları ucadan oxuyurmuş. Oğlu atasının hücrəsinə gəlib onun belə qırıq-qırıq sözlər dediyini eşidincə cəld küçəyə çıxır, az sonra başına elə özü ağılda olan bir dəstə tay-tuşunu yığaraq geri qayıdır və atasını göstərib deyir ki, deyəsən, bu, havalanıb, vücuduna cin girib.

O sözləri eşidincə Xəlil ibn Əhməd oğluna müraciətlə bədahətən bu misraları deyir:

Anlasaydın mən deyən mətləbləri, heyran qalardın sən mənə,

Dərk edə bilsəydin öz əbləhliyin, ikrah edərdin sən sənə.

Qanmadın ərz etdiyim mənaları, təhqir edib keçdin, nə qəm!

Dinməmək cahillərə bir rəsmidir, mən də bunu dərd etmirəm.

Orta çağda müsəlman Şərqində Leys ibn Müzəffərin adı lüğət, Əli bin Nəsr əl-Cəhdaminin adı hədis, Nədr ibn Şumeylin adı həm hədis, həm lüğət elmində, Müərris əs-Sədusinin adı həm şeirşünaslıqda, həm lüğətçilikdə, Abbas əl-Əvsatın adı sərf-nəhvdə kifayət qədər məşhur idi və onlar Xəlil ibn Əhməd məktəbinin yetirmələrinin yalnız kiçik bir hissəsidir.

Xəlil ibn Əhmədin bu gün bilinən və bilinməyən tələbələrindən, indi ortada olan, yaxud itib-batmış və ya başqa müəlliflərin adı ilə tanınmış əsərlərindən, onun qiymətini gərəyincə dərk etməmiş doğmaca oğlundan və digər bütün əqrəbasından  bu misilsiz şəxsiyyətə ən etibarlı çıxan, əbədi həyat qazandıran övladı əruzdur ki, özü də min ildən də uzun tarixdə diriliyini davam etdirir, Fərahidini də hər yeni nəslin canlı müasirinə çevirir.

Süyuti “Buğyət ül-vu`at” əsərində təsdiqləyirdi ki, səhabədən sonra Xəlil bin Əhməddən daha zəkalı, ərəb dili və ədəbiyyatını ondan daha yaxşı bilən ikinci alim olmayıb.

Sözü incə deməyi bacaran Fərahidiylə bağlı bir rəvayət də qalır ki, xeyli müddət yanına gedib-gələn, ondan əruz dərsləri alsa da, bir nəticə hasil edə bilməyən şagirdinə daha dərsə gəlmə deyib qəlbini qırmamaq üçün ona bir beyti verərək əzbərləməsini, tez-tez təkrarlamasını xahiş edir. Söyləyir ki, sən bu beyti yadda saxlasan və gündə bir neçə dəfə təkrarlasan, bəlkə də əruz vəzninin sirlərini tapacaqsan. İbn Xəllikanın “Vəfayyat ul-ə`yan” əsəri Xəlil ibn Əhmədin həmin beytini də bizə çatdırıb:

Elə ki məlum oldu nəyisə bacarmırsan,

Vaxt itirmə, get yapış ayrı işin qulpundan.

Orta əsrlərin digər məşhur müəllifi əl-Əsma belə hekayət eləyir ki, Fəzarə qəbiləsinə mənsub şəxs günlərin birində Xəlil ibn Əhmədə sual verir, ancaq onu qane edən cavabı almayanda rişxəndlə gülür.

Xəlil ibn Əhməd pərtləşmir, üzünü ətrafındakılara tutaraq sonralar məşhurlaşacaq bu sözləri deyir ki, “İnsanlar dörd cürdür. Bir qisim var ki, biliklidir və bilikli olmağını da bilir. Belə adamlar alimlərdir, onlardan öyrənin. Digər qisim adamlar onlardır ki, nəsə bilirlər, amma bilməklərindən bixəbərdirlər. Onlar yuxuda olan kimidir, belələrini oyadın. Üçüncü qisim o kəslərdir ki, bir şey bilmirlər, amma agahdılar ki, onların biliyi yoxdur. Belə adamların biliyə ehtiyacı var, onları öyrədin. Amma dördüncü növ də var ki, heç nə bilmirlər, amma elə zənn eləyirlər ki, hər şeyi bilirlər. Bu cür adamlar axmaqlardır. Onlardan uzaq durun”.

VIII yüzilin böyük Azərbaycan alimi, dikbaş, cəsarətli fikirlərinə görə dərs dediyi mədrəsədəcə qətlə yetirilmiş İbn əl-Müqəffa, məxəzlərin yazmasınca, Xəlil ibn Əhmədlə simsar imiş.

İş elə gətirir ki, bir dəfə bütün gecəni yatmayaraq səhərə qədər elmi müzakirələr aparırlar.

Həmin görüşün sabahı sanki dostunu yenidən kəşf etmiş İbn əl-Müqəffa  başqalarına danışır ki, Fərahidinin ağlı və zəkası elmindən də çoxdur.

Xəlil ibn Əhmədlə bağlı mənbələrdə elə məlumatlara rast gəlirsən ki, bunlar adama nağıl kimi gəlir. Ancaq sadə müəlliflərin deyil, böyük alimlərin inanaraq bəhs etdiyi həmin hekayətləri oxuduqca bu müstəsna şəxsiyyətin nağılvariliyini də qəbul etmək istəyirsən.

Mənbələr təsdiqləyir ki, Xəlil ibn Əhməd suryani əlifbanı bilmirdi, ancaq günlərin birində ona suryani əlifbası ilə ərəbcə bir mətni təqdim edəndə bircə hərfini də tanımadığı bu yazını tezliklə oxuyub başa çıxır.

Bu da nəql edilir ki, günlərin birində Fərahidiyə yunan dilində bir məktub gətirirlər. O, həmin vaxtadək aşina olmadığı yunan dilini bircə aya öyrənərək həmin naməni oxuyur.

Onun yüksək elmi və iti fəhmiylə yanaşı, həm də təbabətdə mahir olmasından soraq verən belə bir rəvayət də qaynaqlarda əksini tapıb ki, bir gün Fərahidiyə göz xəstəliklərini sağaldan bir məlhəmi təqdim edərək həmin dərmanın hansı tərkib hissələri olduğunu xəbər alırlar.

Mənbə heyrət içində şahidlik edir: “Xəlil ibn Əhməd dərmanın olduğu qabı iyləyərək məlhəmin hansı tərkib hissələrdən düzəldilməsini doğru müəyyənləşdirə bildi”.

Fəzilətlərin məcmusu sayılan Xəlil bin Əhmədə şairanə qiymətlərdən birini orta çağ təzkirəçilərindən Sufyan əs-Sevri verir: “Qızıl və müşkdən yaradılmış varlıq görmək istəyirsinizsə, Xəlil bin Əhmədə baxın”.

Əmirlər, hakimlər ondan nəsə umaraq deyil, sadəcə elminə, möminliyinə, nəcibliyinə və adına ehtiram əlaməti olaraq Xəlil ibn Əhmədə hədiyyələr, bəxşişlər göndərəndə qəbul etməzmiş. Mənbələrdə bu rəvayət də qalmaqdadır ki, Fars və Əhvaz valisi olmuş Süleyman bin Əli əl-Haşimi Xəlil ibn Əhmədə yüksək məvacib təyin edərək onu Əhvaza çağırır. Ancaq Fərahidi bu təklifi qəbul etmir. Həmin dəvətə cavab olaraq bu misralarla başlayan bir qəsidə yazıb yollayır:

Ərz eləyin Süleymana malım-mülküm yoxdursa da,

Könlüm saray, yaşayıram rifah, bolluq ağuşunda.

Xəlil bin Əhmədin qələmindən çıxmış risalələrin bir qismi min illik vaxt sərhədini aşaraq günümüzə gəlib çatıb. Bunca böyük zaman keçməsinə baxmayaraq, əhəmiyyətini, elmi dəyərini yenə saxlamaqdadır. Bunlardan biri onun “Nəqd ül-məsahif” əsəridir. Bu əsər zəmanəsində çox məşhur imiş və gününə görə həddən ziyadə həm nəzəri, həm təcrübi əhəmiyyət daşıyırmış.

Ərəb əlifbasında qısa saitlər yazılmır. Ona görə də üstündən zaman keçəndən sonra dilin söz tərkibi dəyişdikcə, ayrı-ayrı kəlmələr dilin fəal dövriyyəsindən çıxaraq əskiləşdikcə, keçmişlərdə qaldıqca, yeni zamanlarda onların necə dəqiq tələffüz edildiyini bilmək müşkülləşir.

Həmin əsərində isə Xəlil ibn Əhməd yaratdığı xüsusi hərəkələr şəbəkəsini təqdim edir, bunun bələdçiliyi ilə “Quran”ı necə təhrifsiz oxumağın üsullarını göstərirdi. Lakin alimin müqəddəs səhifələri - ali din kitabını vərəq-vərəq, sətir-sətir düzgün oxumaq təlimi verən həmin oxu qəlibi cüzi uyğunlaşdırmalar və dəyişikliklərlə digər ərəbəlifbalı mətnlərin də doğru oxunuşuna yardımçı olmaq gücündə idi. Xəlil ibn Əhməd bunu ixtira edəndə səkkizinci əsr idi, indi kompüter texnologiyalarının cövlan etdiyi iyirmibirinci yüzil.

Bu gün xüsusi proqramlar yaradaraq ərəb əlifbasında olan ərəbcə, farsca, türkcə kitabların saniyələr və dəqiqələr ərzində latın qrafikasına çevrilməsi və səsləndirilməsi üçün səylər qoyulur. Ümumilikdə çox kara gəlsə də, belə proqramların bəlli bir faizdə qüsurayolvermə ehtimalı da diqqətdə saxlanılır. Ancaq Xəlil ibn Əhmədin min ildən də bir az qabaq kəşf etdiyi üsulları tətbiq edərək, bir az da cilalayaraq ultramüasir texnolojilərdə də istifadə etmək imkanı var və bunun özü də Fərahidinin köhnəlməzliyinin, tükənməz gərəkliliyinin əlavə sübutudur.

O alimlər içində nadirin günümüzə gəlib çatmış əsərlərinin hansına yönəlsən, orada bugünlü və sabahlı bolluca mümkün istifadə məqamları ilə rastlaşacasan!

Xəlil bin Əhmədin əsərlərindən biri “Kitab ul-ayn”dır.

Bu risaləni yalnız Şərqin böyük alimləri deyil, qərblilər də dünya lüğətçilik tarixindəki ilk ən mükəmməl əsər adlandırırlar.

Söz yox ki, Xəlil bin Əhmədin şah əsəri “Kitab ul-əruz”dur.

Bu əsəri ilə o, sonralar əsrlərcə hər gün insanlarla könül təmaslarında olacaq əruz vəzninin elmi əsaslarını yaratmışdır.

Əruz həm də musiqi elmi ilə bağlı bir ixtiradırsa və Fərahidinin vəzn istiqamətindəki axtarışları bilavasitə şeirə aid olub dolayısı ilə musiqyə də toxunursa, onun birbaşa musiqi elminə dair risalələri də varmış. Şeirşünaslıqdakı ali ixtirasını - əruzu  məhz musiqiçiliyi və musiqişünaslığı sayəsində belə mükəmməl vücuda gətirməyə müvəffəq olmuş Fərahidinin ayrıca musiqişünaslıq elminin tarixində də parlaq izləri qalmaqdadır. Onun “Kitab ul-iqa və kitab ul-nəğəm fil musiqa” əsəri musiqişünaslıq sahəsində yazılmış ilk ən kamil risalələrdən sayılır. “İqa” musiqinin təməlində dayanan, onun onurğası hesab edilən “ritm” haqqında təlimdir. “İqa”nın musiqi elmindəki yerinin həyati əhəmiyyətli olmasının təsdiqi və əyani ifadəsidir ki, Xəlil ibn Əhməddən sonra qələmə alınmış musiqi risalələrinin hər birində “iqa”ya ən azı ayrıca bir fəsil həsr edilib. Bariz örnəklərindən biri elə Səfiəddin Urməvinin “Kitab ül-ədvar”ıdır.

Xəlil ibn Əhmədin “Risalə məani ul-huruf” adlı bir araşdırması da var ki, ərəb əlifbasındakı hərflərin hər birinin daşıdığı örtülü anlam və hikmətləri açır. Bu əsər sonralar hürufilərin ən çox istinad etdiyi, mötəbər qaynaq kimi iqtibaslar gətirdiyi, ayrı-ayrı müddəalarını şeirləşdirdiyi sevimli mənbə imiş.

Qüdrətli ədəbiyyatşünas, şeir nəzəriyyəçisi Xəlil ibn Əhməd həm də yaxşı şair idi. Hələ orta əsrlərdə onun ayrı-ayrı məxəzlərə səpilmiş şeirlərini də toplayaraq “Şuara`i mukullun” başlıqlı bir kitaba çevirmişlər.

Xəlil ibn Əhmədin alimliyindən bəhs edən əski qaynaqların hamısı, sözləşiblərmiş kimi, onun müstəsna zəkalı, fövəladə bilikli alim olmasını bir ağızdan təsdiqləməklə bərabər, eyni hərarətlə onun qutsallıq dərəcəsinə çatan saf, əməlisaleh, dürüst, pakəxlaq adam olmasından söz açır, əsas keyfiyyətinin elmdə də, həyatda da düzlük olduğunu bəyan edirlər.

Min ildən də artıqdır ki, Xəlil ibn Əhmədin yaratdığı əruz vəzni insanlara şeiri düz yazıb, düzgün oxumağı, musiqi ahəngi ilə dilə gətirməyi öyrədir.

Onu müasirlərinə və gələcəkdəkilərə daha yaxşı tanıtmağa can atan salnaməçilər və təzkirəçilər varlığının və istedadının ən parlaq tərəfinin, elə həyatının da başlıca mənasının müəllimlik olduğu qənaətinə gəlmişlər.

Xəlil ibn Əhməd böyük ustad, böyük müəllim idi.

Və müəllimliyini ixtiraçısı olduğu əruzla, insan nəsillərinə yadigar qoyduğu risalələriylə, yaşayıb dünyadan köçdüyü çağlardan 12 əsr ötəndən sonra da davam etdirməkdədir.

Hərçənd köhnə bir qanadlı ifadə var ki, “hər müqayisə qüsurludur”, amma bu da danılmazdır ki, həqiqətlərin üzə çıxmasından ötrü həmişə müqayisələrə ehtiyac var.

Böyüklük, icadçılıq, zəka və mənəviyyat lövhəsinə silinməz və əbədi möhürünü vurmuş dahilərin xeyli fərqli zamanlarda yaşamasını bir qırağa qoyaraq hərdən-hərdən yanaşı qoyulub tutuşdurulmasına da lüzum yaranır və bu ona görə edilmir ki, hansının daha uca, hansının daha parlaq olduğu qabardılsın.

Əslində onlar hamısı milliyyətindən asılı olmayaraq eyni ananın balaları, eyni xalqın və yurdun övladları kimidirlər. Həm bütün bəşərə aidiyyətləri var, həm də mənsub olduqları xalqın və torpağın çöhrəsi, rəmzidirlər.

Elə yanaşı qoyulmalarında da hər dəfə onların işıqca bir-birinə nə qədər yaxın olduğu, üzdən sanki ayrı-ayrı sahələrdə gördükləri işlərin mahiyyətcə bir-birinə nə qədər bənzərliyi aşkara çıxır.

Xəlil ibn Əhmədlə Üzeyir bəy arasındakı vaxt ayrılığı on iki əsrdirsə də, sanki eyni yolu gedirlər. Onun da, bunun da işinin mahiyyəti insan, mənəviyyat, düşüncə, zövq quruculuğudur.

Əruzu doğuraraq Xəlil ibn Əhməd VIII yüzildə şeir aləmini hər kəsin riayət edəcəyi ahəngə uyğunlaşdırmağı qəsd edirdisə, XX yüzildə Üzeyir Hacıbəyli də çoxqanadlı çalşmalarının hər biri ilə və hamısının qovuşuğunda eyni amala xidmət edirdi. Və bu borcluluq duyğusu və iradəsi də belə insanlara fitrətən, ilahi vergi kimi nəsib olur və mistik çıxmasın, bəlkə də elə Tapşırıq kimi verilir.

Ömrünün narahatlıqlar, təqiblər, təşvişlərlə daşan parçasında - 1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində tarixdə şah elmi əsəri kimi qalacaq “Azərbaycan xalq musiqisinin əsasları”nı yazanda Üzeyir bəy Şərqin müştərək abidəsi olan muğamın qət etdiyi yolun dünəninə boylanarkən əruzla muğamatın taleyindəki qoşa alma təki oxşar olan mənzərəni təsvir edirdi ki, “Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü “bina” (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi - Əndəlüsdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür. Bu “musiqi mədəniyyəti sarayı”nın tikilişində qədim yunan musiqi nəzəriyyəsini yaxşı bilən və hərtərəfli bilik sahibi olan Əbu Nəsr Farabi, Avropada Avitsenna adı ilə məşhur olan alim, mütəfəkkir Əbu Əli İbn Sina, Əl-Kindi və başqaları iştirak etmişlər. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. XIV əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, bu möhtəşəm musiqi “bina”sının divarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır. Yaxın Şərq xalqları uçub dağılmış bu musiqi “bina”sının qiymətli “parçalarından” istifadə edərək, özlərinin “məqam tikinti” ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni “musiqi barigahi” tikmişdir. Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin, bu muğamların özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəllər müstəqil hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər şöbə hesab olunan musiqi sonralar müstəqil muğama çevrilir. Yenə də bu qayda ilə, muğam və onun şöbələrinin eyni adları aurı-aurı xalqlarda müxtəlif məna ifadə edirdi”.

Üzeyirin dahiyanə yığcamlıqla ifadə etdiyi bu sərrast düşüncələr elə ülgüdür ki, müsəlman coğrafiyasındakı bütün xalqları və onların yaradıcılıq dünyasının bütün səmtlərini əhatə edir.

Hər xalq öz əslinə, kökünə, ilkin nailiyyətlərinə qayıdaraq onları dirçəldir, ancaq ortaq bir müstəvidə bir neçə əsr yaşayaraq yaratdıqları, istifadə etdikləri sərvətlərə də biganə qalmır. Onları da da artıq yeni başlanan dövrün hökmü ilə öz dədə-babadan gələn, xalis olan irsi ilə qovuşduraraq, uyğunlaşdıraraq, onunla bunun üzvi vəhdətini yaradaraq istifadə etməyə başlayır. Həm də dünənəcən müştərək və təqribən bütün bu coğrafiyada aşağı-yuxarı eyni olandan nələrisə götürərək sırf özününkü kimi inkişaf etdirəndə bu məkandakıların heç birinin digərinə “o, mənimki idi, mənimsədin” iradı, hansısa ciddi höcətləşmələri ortaya çıxmır. Çünki dünən tam ortaq, az qala bütün məkan boyu yaradılmışda onların hər birinin payı vardı, bunlar həmin coğrafiyadakıların hamısının ortaq, həm də hər birinin öz sərvəti idi, indi doğurduqları isə tam sahiblik haqqı ilə müştərək xəzinədən götürdükləri paya tarixin dərinlərindən gələn öz milli ənənələrini, təcrübələrini, yaratdıqlarını calaq edərək tam yeni bir bəhrə ərsəyə gətirməkdi. Elə bəhrələr ki, yaxın qohumlar kimi bir-birlərinə zahiri bənzərlikləri vardı. Onlar da şərqli idilər, bunlar da. Ancaq artıq bu, əvvəlki - ortaq kökdə səslənən və görünən müştərək müsəlman mədəniyyəti deyildi. XIII-XIV yüzillərədək daxildəki sərhədləri xeyli şəffaf olmuş İslam coğrafiyası xəritəsində yerbəyer olmanın başlanması ədəbiyyat, mədəniyyət və elmdə özünəxas  sınırların dəqiqləşdirilib seçdirilməsi idi.

Muğamda baş verənlər ədəbiyyatda daha erkən çağlardan cərəyan edirdi. Söz sənəti üçün dönüş nöqtəsi XIII yüzil idi. Anadilli Azərbaycan şeiri ərəb, fars libasından getdikcə daha artıq qətiyyətlə çıxırdı. Əynində o qabaqkı geyimlər olanda da Azərbaycan şeiri əslində fərqlənirdi, ərəb, yaxud fars çuxası geymiş türk olması əyan idi. Ancaq anadilli şeir köhləni söz cıdırına daha inamla atılmağa başladıqca dilimizin səs təbiəti ilə ərəbcənin ruhuna uyğun yaradılmış əruzun  uyğunsuzluqları getdikcə daha çox üzə çıxmağa başladı. Fərqli dillərinin ruhca müxtəlifliyinin doğurduğu əngəllər söz köhlənimizin yolundakı daş-kəsək, çınqıllar kimi idi. Bu at və onun süvariləri dördnala çapa bilsin deyə əruzu sığallamaq, onunla Azərbaycan türkcəsinin ahəng uyğunluğunu tapmaq gərəkdi.

Zamanında bu yolda zəhmət çəkmişlərin hamısı böyük ölçüdə həm də nilli vəzifəni yerinə yetirirdilər. Həm də bunu elə təhtəlşüur deyil, məhz milli öhdəlik olaraq anlayıb icra edirdilər.

Elə olmasaydı, vaxtında əruzu azərbaycanlılaşdırmaq yolunda can qoymuş mövlana Məhəmməd Füzuli də bu etirafını edərək bu vədini də dilinə, qələminə gətirməzdi:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzm i-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhce yi-türki qəbul i-nəzm i-tərkib etməyib,

Əksərən əlfazı namərbut ü nahəmvar olur.

Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,

Novbahar olğac tikəndən bərg i-gül izhar olur.

Uzun ömrünün 60 ilini əruza və əski şeirimizə məhəbbətlə yaşamış, həm əruzun, hən o söz yatırının sərraflarından olmuş böyük alim Əkrəm Cəfər söyləyirdi ki, hər dəfə Füzuli “Divan”ını açıb oxuyanda salavat çevirir.

Bu, tükənməz minnətdarlığın, bizə, müdam ruhumuzu duruldub təmizləyən nurunu miras qoyub gedənlərə ehtiramın ürəkdən gələn səmimi ifadəsi, onlara peyğəmbər kimi müqəddəs yanaşaraq dirilər kimi sayğı göstərməyin, canlıymış kimi salam verməyin, unudulmayan əzizimiz sayaq rəhmət oxumanın nişanəsi idi.

O bitməz salam və rəhmət min iki yaşını arxada qoyandan sonra da müasirimiz kimi yaşayan Xəlil ibn Əhmədə də düşür, onun yaratdığı yolu və sənəti yarımçıq qırılmağa qoymayaraq cilalaya-cilalaya sabahlara aparmış parlaqların hər birinə də.

18 iyun 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
525.az

1Источники