Donald Tramp və Rəcəb Tayyib Ərdoğan İstanbulda yüksək rütbəli ABŞ və İran rəsmilərinin görüşünü təşkil etməyə çalışsalar da, İranın ali dini lideri Əli Xamneyi ilə razılığa gələ bilmədiklərindən bu səylər puça çıxıb.
Herbiand.az xəbər verir ki, bu barədə “Axios” ABŞ-ın İrana zərbələrindən əvvəl üç Vaşinqton rəsmisinə və danışıqlardan xəbəri olan bir şəxsə istinadən xəbər verib.
Mənbələrin bildirdiyinə görə, Ərdoğan iyunun 16-da Trampa zəng edərək, münaqişənin diplomatik yolla həllini müzakirə etmək üçün ertəsi gün İstanbulda ABŞ və İran rəsmiləri arasında görüş keçirməyi təklif edib. Tramp İran prezidenti Məsud Pezeşkianla görüşmək üçün vitse-prezident J.D.Vans və xüsusi elçi Steve Vitkoffu göndərəcəyini, hətta şəxsən İstanbula gedəcəyini deyərək razılaşıb.
Daha sonra Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan təklifi Pezeşkiana və İranın xarici işlər naziri Abbas Əraqçiyə çatdırıblar.
“Axios” mənbələri iddia edir ki, Pezeşkian və Əraqçi onun razılığını almaq üçün Əli Xamneyi ilə əlaqə saxlamağa çalışıblar. Amma İranın Ali Rəhbəri sui-qəsd təhlükəsi səbəbindən gizlənir, ona görə də onunla əlaqə saxlaya bilməyiblər.
Bir neçə saat sonra İran tərəfi Xamneyinin razılığını ala bilmədiyini Türkiyəyə çatdırıb. Bundan sonra Türkiyə ABŞ-a görüşün ləğv edildiyini bildirib.
Xatırladaq ki, Türkiyə lideri bu ərəfədə münaqişəni dayandırmaq üçün önəmlıi diplomatik addımların atdığını bildirmişdi.