RU

Bu muzeydə tullantılarınızla rastlaşa bilərsiniz...- REPORTAJ

Bakıda, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində “Tullantıdan Sənətə” Muzeyi yerləşir. Burada əşyaları həyatımızdan çıxardığımız andan sonra onların bir dəyər yaratdığına şahidlik edə bilərik. 

 

Sfera.az sözügedən məkanda reportajı təqdim edir:

 

 

Açığı, tullantılardan ibarət bir muzey barədə eşidəndən sonra məkan haqqında ikitirəli fikirlə yaranmadı desək, yalan olar. Yəni tullantılara necə estetiklik vermək olar? Hətta bəlkə gülməli səslənsə də, "həmin muzeydən qoxu gələr" düşüncəsi də ağlımızdan keçmiş oldu...

 

Bizi məkanda ilk olaraq muzey bələdçisi Nüşabə Hüseynova  qarşıladı. O qeyd etdi ki, burada əsas məqsəd-təbiətdə baş verən ekoloji problemlərin qarşısını almaq və ekoloji tarazlığı bərpa etməkdir.

 

 

“Təmiz Şəhər” ASC tərəfindən Balaxanı qəsəbəsində bir sıra zavodlar inşa edilmişdir. Bu zavodlarda tullantılar çeşidlənir, zərərsizləşdirilir və yenidən emal olunaraq müxtəlif məhsullar istehsal edilir. Həmin fəaliyyətlərin ictimaiyyətə daha geniş şəkildə çatdırılması, tullantıların dəyərini göstərmək və maarifləndirmə işini gücləndirmək məqsədilə bu muzey yaradılmışdır. Muzeyin əsas missiyası isə insanlara tullantıların əslində dəyərli resurs olduğunu çatdırmaq, onların gələcəkdə ölkə iqtisadiyyatına mühüm töhfələr verə biləcəyini nümayiş etdirməkdir”.

 

Hər il yeni əsərlər ərsəyə gəlir...

 

 

Müsahibimiz yeni eksponatların yaradılması məqsədilə tədbirlərin hər il mütəmadi olaraq keçirildiyini qeyd edib.

 

O əlavə edib ki, əsasən payız aylarında bu sahəyə uyğun sənətkarlıq bacarığı olan şəxslər - həm ölkəmizdən, həm də xarici ölkələrdən öncədən dəvət olunur:

 

 

“Çünki bu bir beynəlxalq sərgi xarakteri daşıyır. Burada azərbaycanlı sənətkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən olan sənətkarlar da iştirak edirlər. Bu günə qədər 50-dən artıq dünya ölkələrindən gələn sənətkarlar bu sərgidə iştirak edib. Onlar iki həftə ərzində həmin ərazidə qalaraq, öz təsəvvürlərini və yaradıcılıqlarını əsərlərində əks etdirirlər. Yəni bu proses canlı şəkildə, yerindəcə həyata keçirilir. Əsərlər tamamlandıqdan sonra açıq səma altında təqdim olunur və daha sonra muzeyə yerləşdirilir. Beləliklə, sərgi daim yenilənir və təkcə bir dəfəlik tədbir olmaqla məhdudlaşmır”.

 

Tullantılar xüsusi seçilir...

 

 

Adətən, sənətə çevirilə biləcək əşyaların seçilmə prosesindən və hansı tullantılara üstünlük verildiyindən bəhs edən bələdçi bildirib ki, tullantıların seçilməsində əsas mesaj ondan ibarətdir ki onları insanların yenidən istifadə edə biləcəyi formada təqdim etmək mümkün olsun:

 

“Yəni tullantıların təkrar istifadəyə yararlı olması əsasdır. Məsələn, metal tullantılar, karton qutular, məişətdə istifadə olunan digər əşyalar, geyim əşyaları və s. – bunlar təkrar yaradıcılıq üçün istifadə oluna bilər. Qida ilə təmasda olmuş və sağlamlıq baxımından təhlükə yarada biləcək tullantılar isə bu prosesə daxil edilmir. Ümumilikdə, biz hər növ istifadəyə yararlı tullantını incəsənətin dili ilə həyata və sənətə çeviririk”.

 

N.Hüseynova bununla yanaşı hər hansı əsərin yaranma prosesinin necə irəlilədiyindən bəhs edib.

 

Onun sözlərinə görə, ilk təşəbbüs, müəllifdən gəlir:

 

"Müəllif öncədən Azərbaycanın mədəniyyəti və dəyərləri ilə bağlı məlumatlar toplayır. Belə ki, əgər ölkəmizdə hər hansı böyük bir tədbir keçiriləcəksə, məsələn, 2019-cu il İmadəddin Nəsiminin ili elan edilib və həmin ildə hazırlanan bütün əsərlər demək olar ki, bu konsept əsasında hazırlanıb. Müəllif bu proses də hansı fikirlər üzərində işlənməlidir, hansı mövzulara toxunulmalıdır, hansı ekoloji problemlər qabardılmalıdırsa bu barədə ideya verir. Daha sonra seçilmiş mövzu əsasında sənət əsərləri hazırlanır və təsdiqlənir”.

 

 Muzeyin ən maraqlı eksponatı 

 

 

"Muzeyimizdəki bütün sənət əsərləri dəyərlidir. Lakin burada xüsusilə ürək formalı bir yaradıcı iş var ki, onu muzeyin simvolik əsəri kimi təqdim etmək olar. Bu əsər, sanki baş vermiş ekoloji hadisələrdən dərin təsirlənmiş təbiətin qəlbini əks etdirir. Əsərdəki ürək iki yerindən parçalanıb və onun üzərində bir neçə açar yerləşdirilib. Bu açarlar rəmzi məna daşıyır. Çünki həmin qəlbi, yəni təbiəti bərpa etmək yalnız bizim – insanların əlindədir. Bu sənət nümunəsi təbiətin taleyinin insanın seçim və məsuliyyətindən asılı olduğunu ifadə edir”.

 

Muzeyin fəaliyyətinin tullantıların azaldılmasına və təkrar emal mədəniyyətinə  töhfəsi ilə bağlı danışan bələdçi əslində görülən hər bir işin mükəmməl təşkili üçün mütləq şəkildə əvvəlcədən təbliğat işi nəzərə alınmalı olduğunu əlavə edib.

 

 

Muzeydə bələdçilər hər gün muzeyə gələn qonaqlara bu sahənin A-dan Z-yə qədər necə təşkil olunduğunu izah edirlər – tullantıların toplanması, daşınması və evlərimizdən çıxan tullantıların düzgün istiqamətləndirilməsi kimi bütün mərhələlər barədə ətraflı məlumat verilir.

 

Qeyd edək ki, gələn qonaqlara muzeylə bərabər həm də Təmiz Şəhərin təsis etdiyi zavodlarda işin gedişatı barədə müəyyən məlumatlar da təqdim edən video çarxlarda seyr etdirilir, sanki bu izləmədən sonra qonaqlara məkandan ayrılmadan virtual şəkildə zavodlara səyahət imkanı yaradılır. Tullantıdan Sənətə muzeyində bir daha həm incəsənətin, həm istehsalın yolu ilə tullantıların məzmun kontekstinin necə dəyişdiyinin şahidi oldur.

 

Bu mənada, tullantılarınıza diqqət edin, bəlkə bir gün muzeydə yenidən qarşılaşdınız...

 

Избранный
8
1
sfera.az

2Источники