RU

Məktəb və xəstəxanalarda qida rasionu əsaslı dəyişdiriləcək...


Fərqanə Nağıyeva: “Yeni qida normaları beynəlxalq təcrübəyə əsaslanacaq və mövcud çağırışlar nəzərə alınmaqla tərtib ediləcək”

Tibb və təhsil müəssisələri, sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılacaq və yeni qida normaları müəyyən ediləcək. Bu məsələ Milli Məclisin iclasında müzakirə olunan "Yaşayış minimumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb. Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Maraqlıdır, xəstəxanalarda xəstələrin gündəlik yemək rasionu necə dəyişəcək, yaxud uşaq bağçaları, orta məktəb bufetlərində, həmçinin uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlarda gündəlik yemək norması necə müəyyənləşəcək?

“İslahatlar sayəsində cəmiyyətin ən həssas qrupları – uşaqlar, xəstələr, yaşlılar daha keyfiyyətli və təhlükəsiz qidalanma imkanına sahib olacaq”

Qida eksperti Fərqanə Nağıyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Yaşayış minimumu haqqında” Qanuna edilən dəyişikliklərin əsas mahiyyəti qida normalarının yalnız tibb və təhsil müəssisələri üçün deyil, eyni zamanda, sosial müəssisələr üçün də nəzərdə tutulmasıdır: “ Yeni qida normaları beynəlxalq təcrübəyə əsaslanacaq və milli xüsusiyyətlər, mövcud çağırışlar nəzərə alınmaqla tərtib ediləcək. Qida normalarının tərkibi və istehlak səbəti Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq və keyfiyyətə dövlət qurumları tərəfindən nəzarət ediləcək. Qidanın keyfiyyətinə nəzarətin daha da təkmilləşdirilməsi planlaşdırılır”.

Ekspert hesab edir ki, təhsil müəssisələrində uşaqlar üçün qida normaları hazırlanarkən yaş, cins və fiziki aktivlik nəzərə alınmalı, qidaların tərkibində faydalı şəkərlər, zülallar, lazımi vitaminlərin, dəmir kimi vacib elementlərin olması təmin edilməlidir: “Qidaların hazırlanması sanitar-gigiyena qaydalarına uyğun aparılmalıdır. Xəstəxanalarda, sığınacaqlarda və uşaq evlərində fərdi qidalanma planlamaları xüsusi əhəmiyyət daşıyır. Diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri kimi xroniki xəstəlikləri olan insanlar üçün xüsusi pəhrizlər tətbiq olunmalıdır. İslahatlar sayəsində cəmiyyətin ən həssas qrupları – uşaqlar, xəstələr, yaşlılar daha keyfiyyətli və təhlükəsiz qidalanma imkanına sahib olacaq”.

Günel CƏLİLOVA

Избранный
6
baki-xeber.com

1Источники