RU

Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 iyun, Günel Əliyeva, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı, ali dərəcəli restavrator Natiq Səfərovun 65 illik yubileyinə həsr olunmuş “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Natiq Səfərovun rəhbərliyi altında bərpa edilmiş muzey kolleksiyasından 40-dan çox eksponat nümayiş olunur. Bunlar Azərbaycan və dünya incəsənətinə aid əsərlərdir: XVII–XIX əsrlərə aid ikonalar, rəsm əsərləri, qrafika nümunələri və müxtəlif dövrlərə və üslublara məxsus dekorativ-tətbiqi sənət nümunələri. Eyni zamanda, ekspozisiyada eksponatların bərpadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoşəkillər, eləcə də rassamın öz müəllif işləri yer alıb.

Sərgini giriş sözü ilə açan muzeyin direktoru Şirin Məlikova yubileyin əhəmiyyətindən və Natiq Səfərovun ölkəmizdə restavrasiya sahəsinin inkişafındakı xüsusi rolundan bəhs edib.

Onun sözlərinə görə, Natiq Səfərov Azərbaycanın restavrasiya sənətində əsas simalardan biridir. O, 40 ildən artıq müddətdə bu incə və məsuliyyətli sahəyə həsr etdiyi fəaliyyəti ilə minlərlə sənət əsərinə yenidən həyat bəxş edib.

Direktor əlavə edib ki, 2010-cu ildən bəri Natiq Səfərov muzeyin elmi və əsas restavrasiya şöbəsinə rəhbərlik edir. Bu müddət ərzində onun rəhbərliyi ilə muzeyin kolleksiyasındakı Azərbaycan, Qərbi Avropa, Şərq və Rusiya incəsənətinə aid onlarla eksponat bərpa edilib.

Jurnalistlərlə söhbətində xalq rəssamı Natiq Səfərov bildirib ki, sərgi bütün restavratorlara həsr olunub.

“Bu gün muzeydə restavrasiyaya həsr olunmuş sərgi açılır və hərçənd ki, o, mənim 65 illiyimə həsr olunub, əslində bu sərgi bütün Azərbaycan restavratorlarına aiddir. Burada təkcə mənim deyil, yaratdığım və rəhbərlik etdiyim elmi laboratoriyada çalışan gənc mütəxəssislərin əməyi də nümayiş olunur. Onların töhfəsi layiqincə qiymətləndirilməlidir”.

Onun sözlərinə görə, bu, Azərbaycanda ilk belə ekspozisiyadır ki, restavratorların uzun illər apardığı zəhmətli işin bir hissəsini təqdim edir. Ziyarətçilər burada həm muzeyin fondlarından bərpa olunmuş əsərləri, həm də Natiq Səfərovun rəssam kimi müəllif işlərini görə bilərlər.

“Əsas məqsədimiz dövlətimizin və Mədəniyyət Nazirliyinin Azərbaycan xalqının mədəni irsinə nə qədər həssas və diqqətlə yanaşdığını cəmiyyətə göstərməkdir. Bu təkcə restavrasiya nailiyyətlərinin nümayişi deyil, eyni zamanda maarifləndirici missiyadır. Belə ki, biz incəsənət əsərlərinə olan hörməti, marağı və sevgini artırmaq istəyirik”, – deyə Natiq Səfərov vurğulayıb.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən xalq rəssamı Ağəli İbrahimov həmkarının peşəkarlığını yüksək qiymətləndirib: “İlk növbədə demək istəyirəm ki, Natiq Səfərov yalnız görkəmli usta deyil, həm də gözəl insandır. O, respublikamızın ən yaxşı restavratorlarından biri olmaqla yanaşı, həqiqi yaradıcı şəxsdir. O, təkcə dünya təcrübəsini təqib etmir, özü sərbəst olaraq unikall həllər tapır, bu sahədə kəşflər edir”.

Ağəli İbrahimovun sözlərinə görə, Natiq Səfərovun fəaliyyəti nəticəsində muzeydə nümayiş olunan Avropa və Rusiya rəssamlığına məxsus əsərlər yeni həyat və dərinlik qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
azertag.az

1Источники